
Azərbaycan-Ermənistan münasibətlərində yeni və müsbət mərhələnin başladığını söyləmək olar. Bu da sözsüz ki, rəsmi Bakının davam edən sülhə məcburetmə siyasəti ilə birbaşa bağlıdır.
Gerçək belədir ki, Ermənistanda hələ də “bəlkə də qaytardılar” ümidi ilə yaşayan revanşist zümrə qalır. Üstəlik, o, yaxşı təşkilatlanıb, heç bir maliyyə sıxıntısı yoxdur, parlamentdə fraksiyalara, media resurslarına, habelə erməni kilsəsinin və lobbisinin, bəzi xarici güclərin (Rusiya, Fransa) tam dəstəyinə malikdir. Baş nazir Nikol Paşinyanın əsas vəzifəsi isə bu kimi “sualtı” daşları vaxtında zərərsizləşdirib Bakı ilə sülh prosesinə davamlı xarakter vermək və onu məntiqi sonluğa çatdırmaqdır.
“Azərbaycanla elektrik enerjisinin ixracı və idxalı xətti sahəsində də tərəfdaşlığımız ola bilər”.
Bunu ötən həftə erməni Baş nazir srağagün deyib. O, ilk dəfə olaraq azərbaycanlı mütəxəssislərin iki dəfə - 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında Ermənistanda (Qərbi Zəngəzurda) olduğunu təsdiqləyib. Həmin səfərlər zamanı elektrik ötürücü xətlər, dəmir yolu, boru kəmərləri və s. ilə bağlı müzakirələr aparılıb. “Əvvəllər də demişdik ki, elektrik ötürücü xətləri, boru kəmərləri, kabellər, dəmir yolları üzərində işləyirik və bu məsələlər üzrə ikitərəfli iş aparılır” – Nikol vurğulayıb.
Yəni Bakı və İrəvan SSRİ dağılandan – on illər sonra, nəhayət, ortaq energetik-kommunikasiya layihələri ilə bağlı konkret addımlar atmağa başlayıb. Təbii ki, bu da bölgəni həmişə qarışdırmağa və “bulanıq suda balıq” tutmağa çalışan məkrli çevrələri narahat edir.
Maraqlıdır ki, məhz belə pozitiv gəlişmələr fonunda İrəvanda, avqustun 18-də mifik separatçı qurumun keçmiş “rəsmiləri” ilə uydurma “artsax parlamenti fraksiyalarının” nümayəndələri arasında “artsax nümayəndəliyi”ndə görüşün planlaşdırıldığı haqda xəbər yayılıb. Yerli medianın yazdığına görə, guya orada təzə “prezident seçkisi” və “parlament sədri" məsələsi müzakirə olunacaq.
Bəs separatçıların əsas toplaşma ünvanı olan bu üzdəniraq “nümayəndəlik” indiyədək niyə bağlanmayıb? Az öncə parlamentdən “artsax bayrağı” adlı əski parçalarını yığışdırma qərarı verən hökumət sabah separatçıların toplaşıb Azərbaycan dövlətinə, suverenliyimizə və ərazi bütövlüyümüzə yenə meydan oxumasına izn verəcəkmi?
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli separatçıların fəallaşmasını böyük təhlükə saymır. Hakimiyyətin onların toplaşmasına şərait yaratmasını daxili gərginliyi azaltmaq niyyəti kimi dəyərləndirən VHP funksioneri hesab edir ki, bu qüvvələr tədricən təsirsiz vəziyyətə gəlib çıxacaq.
Samir Əsədli güman edir ki, seçkilərdən sonra bu dairələrin üzərinə total hücum əks təsir göstərə bilər: "Hazırda İrəvanda ciddi həbslər gedir. İqtidar heç də sakit oturmayıb və revanşist cəbhədə təmizləmə gedir. Nəzərə alaq ki, hakim partiya seçkilərdə istədiyi səsi almadı. Bu da müəyyən risk gözləntiləri yaradıb. Hakimiyyət nəticə çıxardı ki, hələ müxalifətə səs verən təbəqə var. Ona görə separatçıları, daşnakçıları, revanşist gücləri həm sıxışdırır, həm də nəfəslik verir ki, gərginlik yüksəlməsin. O səbəbdən, Ermənistanda gedən prosesləri təhlil etməmiş mühakimə yürütmək çətindir".
Samir Əsədlinin fikrincə, Paşinyan hökuməti iş aparır və bu siyasətin sonu sülhə zəmin hazırlamaqdır: "İndi cəmiyyəti üzərinə qaldırmaqdan qorxu var. Xalqın bir hissəsi hökuməti günahkar sayır ki, Qarabağı guya qəsdən veriblər. Paşinyan da təbliğatı gücləndirir və sülhün faydalı olduğunu əməli işlərlə sübut etməyə çalışır. Odur ki, həm separatçılar toplaşanda, həm digər fəaliyyət olanda hakimiyyət bəzən göz yumur. Əgər qadağa qoyulsa, xalq bunu Azərbaycana xidmət kimi qəbul edəcək. Paşinyan da mərhələli iş görür. Necə ki, parlamentdə qondarma bayraqlar yığışdırıldı... musavat.com











































