
İyulun 30-dan 31-nə keçən gecə hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri üzərində 371 Ukrayna pilotsuz uçuş aparatını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirlir.
Müdafiə Nazirliyinin məlumatına görə, Dağıstan və Tatarıstan da daxil olmaqla, Rusiyanın on bir bölgəsi, eləcə də Volqoqrad, Tula, Rostov vilayətləri və Krasnodar diyarı zərbələrə məruz qalıb. Qara dəniz və Azov dənizi üzərində hava hücumundan müdafiə sistemləri də işə salınıb.
Ukrayna PUA-ları Volqoqradda Wildberries şirkətinə hücum edib. Bu barədə şirkətin mətbuat xidmətinin Telegram-da verdiyi məlumat yayıb. Bildirilir ki, Volqoqradda yerləşən Wildberries logistika müəssisəsində baş verən hücum yanğına səbəb olub.
Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovun verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin vilayətə kütləvi hücumu olub. Hücumlar nəticəsində Volqoqradın cənubunda yanacaq-enerji kompleksindəki sənaye müəssisəsində və Dzerjinski rayonundakı anbar obyektlərində yanğınlar qeydə alınıb. Mənzil binaları və fərdi evlər də zərər görüb. Hücumlar nəticəsində 5 nəfər yaralanıb.
Ukrayna PUA-ları eyni zamanda 1000 kilometr uzaqlıqda olan Tatarıstanın Zelenodolsk şəhərindəki logistika mərkəzinə də hücum edib.
Qeyd edək ki, Rusiya qoşunları da öz növbəsində Odessaya hücum edib. Rusiya Silahlı Qüvvələri odessa limanına zərbə endirib. RF Müdafiə Nazirliyinin məlumatına görə, ordu yanacaq cənlərinə, həmçinin şəhərin cənubunda hərbi təchizat daşıyan yük gəmisinə zərbə endirib. Zərbə hava-yer raketləri və hücum dronlarından istifadə etməklə həyata keçirilib.







































