
İranda güc balansı dəyişir və yeni hakimiyyət modeli formalaşır; ölkənin gələcəyini ruhanilər yox, generallar müəyyənləşdirir?
ABŞ-nin nüfuzlu “Foreign Policy” jurnalında “İranda ruhani hakimiyyətindən sonrakı dövrü təmsil edən adam” adlı geniş təhlil yazısı dərc olunub. Təhlilə görə, İranda hakimiyyət artıq formal olaraq ruhanilərin əlində qalsa da, faktiki idarəetmənin SEPAH-ın nəzarətinə keçdiyi daha şübhə doğurmur.
Müəllif hesab edir ki, İranın “təhlükəsizlik dövləti”nə çevrilməsi son müharibələrin nəticəsi deyil. Bu proses onilliklər əvvəl başlayıb və hazırda kulminasiya mərhələsinə çatıb. Məqalədə vurğulanır ki, bu prosesin əsas dönüş nöqtələri 1999-cu il tələbə etirazları və 2009-cu ildə “Yaşıl hərəkat”a qarşı həyata keçirilən sərt repressiyalardan sonra SEPAH yalnız rejimin dayağı deyil, eyni zamanda onun son qərarverici mərkəzinə çevrilib.
Məqalədə vurğulanır ki, İran klassik hərbi diktaturaya çevrilmir. Bunun əvəzinə ölkədə rəsmi ideoloji çərçivə saxlanılmaqla, hakimiyyət tədricən təhlükəsizlik aparatının təşkilatlanmış gücünə söykənən yeni model üzrə formalaşır.
Müəllif hesab edir ki, Qərbin İrana qarşı təzyiqlərinin artması ölkədə siyasi liberallaşmaya deyil, əksinə, SEPAH və digər güc strukturlarının daha da möhkəmlənməsinə səbəb olacaq. İranda təhlükəsizlik aparatının, xüsusilə SEPAH-ın siyasi qərarvermədə əsas gücə çevrilməsi təkcə ölkədaxili proses deyil, həm də Cənubi Qafqazın təhlükəsizlik mühitinə birbaşa təsir göstərə biləcək inkişafdır. Əgər Tehranda qərarlar daha çox hərbi və təhlükəsizlik məntiqi ilə qəbul olunacaqsa, İranın region siyasətinin də daha sərt xarakter alacağı gözlənilir.
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, əslində SEPAH bu ilin fevral ayının 28-dən, yəni ABŞ-İsrail cütlüyünün İrana qarşı başlatdığı müharibənin ilk günündən İranda hakimiyyətə nəzarəti tam ələ keçirib: “Müharibənin elə ilk günü öldürülən İranın dini lideri Əli Xamenei daha əvvəl dəfələrlə bəyan etmişdi ki, onun ölümü heç nəyi dəyişməyəcək. Təbii ki, o, belə bəyanatlar verərkən ilk növbədə İranda hakimiyyətin əsas dayağı olan SEPAH-ın gücünə inanırdı. Və onun öldürüldüyü vaxtdan bu günə qədər dediklərinin müəyyən bir əsasının olduğunu görürük. Bir sözlə, İran bu müharibədə sarsıdıcı zərbələr alsa da, ABŞ kimi nəhəng hərb maşını qarşısında bu günə qədər davam gətirə bilib.
Lakin ortada ən böyük sual budur ki, İranın bu şəkildə özünü müdafiəsi nə qədər davam edəcək? İran neftini, qazını satmadan necə yaşaya bilər? Bu sıraya Hörmüz boğazının bağlanması səbəbindən İranın xarici ticarət əlaqələrinin iflic halına salındığını da əlavə etsək, onda İranın bir dövlət kimi hara getdiyi sualına cavab tapa bilərik. Əgər İran Çinə güvənirsə, bu da onun böyük yanlışıdır. Çinin dostu yoxdur, maraqları var. Çin bunu Rusiya nümunəsində çox yaxşı nümayiş etdirir. SEPAH İranın bu müharibədə qalib gələcəyini boğazdan yuxarı bəyan etsə də İranın bu müharibəni uduzduğu aşkardır. Ortada sadəcə zaman və özü də çox qısa zaman amili var. Tramp ABŞ-də bu ilin noyabr ayında keçiriləcək seçkilərə qədər bu müharibəni tam qalibiyyətlə başa çatdırmalıdır. Gerçək olan budur ki, onun bir başqa seçimi də yoxdur".
Milli Məclisin deputatı Elnarə Akimovanın sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH-ın illər ərzində tədricən dövlət idarəçiliyinin əsas dayağına çevrilməsi yeni fikir deyil: “Bu barədə "Foreign Policy" jurnalında dərc olunan təhlil son aylarda İran barədə Qərb analitik dairələrində formalaşan ümumi yanaşmanın davamıdır. SEPAH artıq təkcə hərbi qurum deyil, həm də iqtisadiyyat, daxili təhlükəsizlik və xarici siyasət üzərində ciddi təsir imkanlarına malik institutdur. Bununla belə, məsələyə emosiyalarla deyil, dövlətçilik prizmasından yanaşmaq daha doğru olar. İran daxilində hakimiyyət balansının dəyişməsi avtomatik olaraq Azərbaycanın təhlükəsizlik mühitinin kəskin şəkildə pisləşəcəyi anlamına gəlmir. Çünki Tehranın siyasətində müəyyən taktiki dəyişikliklər baş versə də, İranın fundamental dövlət maraqları, regional hesablamaları və qonşularla münasibətlərində strateji məntiq tamamilə dəyişmir. Dövlətlərdə institutlar gücləndikcə ritorika sərtləşə bilər, lakin xarici siyasət yalnız ideoloji yanaşma ilə deyil, iqtisadi, geosiyasi və təhlükəsizlik reallıqları ilə də müəyyən olunur".
Deputat dedi ki, SEPAH-ın təsirinin daha da artması İranın regiona baxışında təhlükəsizlik amilinin ön plana çıxmasına səbəb ola bilər: "Bu isə Cənubi Qafqazda, xüsusilə də Zəngəzur istiqaməti, Azərbaycan-Ermənistan normallaşması, İsrail və Türkiyənin bölgədəki mövqeyi ilə bağlı bəyanatlarda daha sərt tonun müşahidə olunmasına gətirib çıxara bilər. Son illərin təcrübəsi göstərir ki, SEPAH Cənubi Qafqazı İranın milli təhlükəsizlik zolağının bir hissəsi kimi qiymətləndirir. Lakin burada mühüm bir məqam unudulmamalıdır. Azərbaycan artıq 2020-ci ildən əvvəlki Azərbaycan deyil. Ölkəmiz regionun əsas geosiyasi aktorlarından birinə çevrilib, strateji tərəfdaşlıq şəbəkəsini genişləndirib, iqtisadi və enerji layihələri ilə Avrasiyanın mühüm logistikamərkəzlərindən biri statusunu möhkəmləndirib. Belə şəraitdə istənilən regional güc, o cümlədən İran da Azərbaycanla münasibətlərdə yalnız emosional və ya ideoloji yanaşma ilə hərəkət edə bilməz. Digər tərəfdən, İranın özü də mürəkkəb geosiyasi təzyiqlərlə üz-üzədir. ABŞ və İsraillə qarşıdurma, sanksiyalar, iqtisadi problemlər və daxili sabitliyin qorunması Tehranın əsas prioritetləridir. Belə bir vəziyyətdə İranın Azərbaycan istiqamətində genişmiqyaslı yeni gərginlik yaratması onun öz maraqlarına da uyğun görünmür. Əksinə, sərhədlərində əlavə risk ocağı formalaşdırmaq Tehran üçün əlavə yük deməkdir.
Azərbaycanın mövqeyi isə dəyişməzdir. Rəsmi Bakı bütün qonşularla qarşılıqlı hörmətə, suverenliyə və daxili işlərə qarışmamaq prinsipinə əsaslanan münasibətlərin tərəfdarıdır. Azərbaycan heç bir dövlətə qarşı platformaya çevrilmir, eyni zamanda öz milli təhlükəsizliyi və suveren maraqları ilə bağlı heç bir təzyiqi də qəbul etmir. Bu siyasət son illərdə özünü doğruldub və ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Ona görə də SEPAH-ın İran daxilində mövqelərinin möhkəmlənməsi Bakı üçün diqqətlə izlənilməli prosesdir, lakin bunu dərhal yeni təhlükə ssenarisi kimi təqdim etmək düzgün olmaz. Azərbaycan diplomatiyası dəfələrlə sübut edib ki, regionda dəyişən qüvvələr balansına çevik uyğunlaşmaq, milli maraqları qorumaq və eyni zamanda qarşıdurmadan yayınmaq imkanına malikdir.
Bu gün əsas məsələ qorxu yaratmaq deyil, reallığı düzgün qiymətləndirməkdir. İran daxilində hakimiyyətin hansı institutun əlində cəmləşməsindən asılı olmayaraq, Azərbaycan öz milli maraqlarına söykənən müstəqil xarici siyasət kursunu davam etdirəcək. Güclü dövlət üçün əsas təminat qonşu ölkələrdə baş verən proseslər deyil, öz siyasi sabitliyi, iqtisadi gücü, hərbi hazırlığı və çoxşaxəli diplomatiyasıdır. Məhz bu amillər Azərbaycanın regionda etibarlı və təsirli aktor kimi mövqeyini müəyyən edir".







































