
Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) binası önünə polis qüvvələrinin xüsusi təyinatlı bölmələri cəlb edilib.
Bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıb.
Məlumata görə, Qaqik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyası saat 13:00-da MSK binası qarşısında etiraz mitinqi keçirəcəyini anons edib.
Hüquq-mühafizə orqanlarının binanın ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməsi məhz bu addımla əlaqələndirilir.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda Milli Assambleyaya (parlamentə) növbəti seçkilər keçirilib. Bülletenlərin %100-ü işlənildikdən sonra hakim "Mülki Müqavilə" partiyası %49,81 səs toplayıb və Baş nazir Nikol Paşinyan artıq partiyasının qələbəsini elan edib.
Rəsmi nəticələrə görə, ikinci yeri %23,29 səslə "Güclü Ermənistan" alyansı, üçüncü yeri %9,94 səslə "Ermənistan Alyansı" qazanıb. Mitinq elan edən "Çiçəklənən Ermənistan" partiyası isə %3,996 səs toplayaraq parlamentə keçid üçün tələb olunan minimal baryeri aşa bilməyib. Parlament seçkilərində ümumi seçici fəallığı isə %58,97 təşkil edib.






































