
Bu inkişafın önündə gedən, ilham verən simalardan biri də “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayevadır. O, təkcə uğurlu sahibkar deyil, həm də müasir Azərbaycanın qadın lider simvoludur. Səkinə xanımın təşəbbüsü ilə təsis edilən AQSİA, bu gün qadın sahibkarlığının sistemli şəkildə inkişafını təmin edən əsas platformalardan biridir. Onun çevik idarəetmə qabiliyyəti, strateji baxışı və fədakar fəaliyyəti sayəsində Assosiasiya qısa müddətdə həm ölkədə, həm də beynəlxalq səviyyədə tanınan və nüfuz qazanan bir təşkilata çevrilib. Səkinə Babayeva, qadınların biznes mühitində layiqli yer tutması üçün yorulmadan çalışan, sosial məsuliyyət daşıyan və daim yeniliklərə açıq bir liderdir. Bu ilin əvvəlində AQSİA-nın təşkilatçılığı ilə keçirilən görüşdə ölkənin tanınmış tekstil sektorunun nümayəndələri ilə geniş müzakirələr aparılıb. Görüşdə yerli istehsalın artırılması, xammal təminatının sabitliyi, yeni texnologiyaların tətbiqi və qadın sahibkarların işgüzar fəallığının dəstəklənməsi kimi məsələlər gündəmdə olub. Səkinə Babayeva xüsusilə vurğulayıb ki, “qadınların bu sahədə aktiv iştirakı iqtisadi inkişafın sosial ədalət üzərində qurulmasında mühüm rol oynayır.” Tədbirdə iştirak edən sahibkarlar tender proseslərinin daha şəffaf və ədalətli olması, yerli istehsalçıların dövlət sifarişlərində daha geniş təmsil olunması zərurətini də önə çəkiblər. Bu da göstərir ki, təkcə qadınların deyil, ümumilikdə yerli biznesin gücləndirilməsi istiqamətində ictimai təşəbbüslər getdikcə aktuallaşır. Azərbaycanda qadın sahibkarlar üçün yaradılmış mühit də bu dinamikanı gücləndirir. Dövlət tərəfindən təqdim edilən güzəştli kreditlər, maarifləndirici proqramlar, inkubasiya və təlim mərkəzləri qadınlara öz ideyalarını reallaşdırmaq üçün geniş imkanlar yaradır. AQSİA-nın fəaliyyəti isə bu imkanları daha sistemli və effektiv şəkildə qadınlara çatdırmağa yönəlib. Səkinə Babayeva təkcə təşkilatçı və biznes lideri deyil – o, həm də qadınların potensialına inanan və onların inkişafı üçün yol açan bir mentor, bir yolgöstəricidir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr yüzlərlə qadının sahibkarlığa başlamasına, bacarıqlarını inkişaf etdirməsinə və cəmiyyətin iqtisadi-sosial həyatında fəal yer tutmasına şərait yaradıb. Bu gün bir çox qadın sahibkar uğur yoluna məhz Səkinə xanımın təşviqi və dəstəyi ilə çıxıb. Onun insanlara yanaşmasında səmimilik, əzm və inam hər zaman özünü göstərir. Biz SahibkarTV olaraq, ölkədə sahibkarlığın inkişafına yönəlmiş təşəbbüsləri yaxından izləyir, sahibkarların qazandığı uğurları və üzləşdikləri çətinlikləri daim işıqlandırırıq. Qadın sahibkarların səsi olmaq, onların fəaliyyətini geniş auditoriyaya çatdırmaq bizim üçün prioritetdir. Bu məqsədlə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə əməkdaşlığımız qurulub və bu əməkdaşlıq çərçivəsində birgə layihələr, müsahibələr və təhlillər üzərində işləyirik. Səkinə xanımın rəhbərliyi altında Assosiasiyanın apardığı işlər bizim platformada da geniş şəkildə təqdim olunur və bundan sonra da təqdim olunacaq. Qadın sahibkarların cəmiyyətdəki rolunu daha da gücləndirmək üçün medianın və ictimai platformaların dəstəyi vacibdir. Bu istiqamətdə atılan hər bir addım, yaradılan hər bir əməkdaşlıq ölkənin iqtisadi-sosial inkişafına töhfə verir.
Təhminə Hacıyeva


































