Day, Month 00, Year
00: 00: 00 AM
FHN-in “N” saylı hərbi hissəsində gənc əsgərlər and içiblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

FHN-in mətbuat xidmətindən bildirilib ki, əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Tədbirdə xatırladılıb ki, Ümummilli Liderin uzaqgörən siyasətinin layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan doğma torpaqlarımızı cəmi 44 günə işğaldan azad edib, 24 saatdan az müddətdə həyata keçirilən lokal xarakterli antirerror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olunub.

Çıxış edən gənc əsgər Hüseyn İmanov hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərini, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmişlərin xilas olunması üçün əllərindən gələni əsirgəməyəcəklərini, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərini, Vətənə və dövlətə sədaqətlə xidmət göstərəcəklərini vurğulayıb.

Qazi mayor Süleyman Heydərov çıxışında gənc əsgərlərin hərbi and içməsinin sonsuz qürur mənbəyi olduğunu diqqətə çatdıraraq, onların Vətənə layiqli xidmət göstərməsində, hərbi hazırlığında zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.

Mərasim şəxsi heyətin təntənəli marşla tribuna önündən keçməsi ilə yekunlaşıb.


Tarix: 12-08-2024, 15:13 Oxunub: 41


Bölməyə aid digər xəbərlər