
Elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin iş saatının uzadıldığı təqdirdə əmək haqqının neçə faiz aratacağı barədə suallara münasibət bildirib.
Nazir bu sualların cavablarını verməyin elə də asan olmadığını söyləyib:
"Bu, hesablama tələb edir. Orada bir neçə seçimlər var. Amma ümumi yanaşmamız budur ki, daimi ştatlı müəllimin əməkhaqqı orta əməkhaqqından ən azı 2 dəfə çox olsun. Çünki biz indi müəllimin orta əməkhaqqını hesablayanda orada 4, 5, 6 saat dərs deyən müəllimin də əməkhaqqısı o statistik ölçüyə düşür və mənə elə gəlir kix yanlış bir yanaşma yaradır.
İkinci yanlışlıq da ondan ibarətdir ki, faktiki olaraq müəllim öz əməkhaqqını artırmaq üçün daha çox dərs deməlidir, onun başqa yolu yoxdur. Bu da doğru deyil. Ona görə də bu məsələlərdə Elm və Təhsil Nazirliyinin açıqlamalarını gözləyin. Bu, sabah və ya növbəti dərs ilində də baş verəsi hadisə deyil.
Hələ ki, biz bu fikri ona görə təqdim etmişik ki, ictimaiyyət buna konstruktiv mövqe bildirsin. Konstruktiv mövqe odur ki, biz detalları açıqlayandan sonra bunun müsbət və mənfi tərəflərini, müxtəlif rəyləri dinləməyə hazırıq. Amma hələ biz heç bir rəy vermədən insanlar artıq bunun pis və ya yaxşı olması ilə bağlı fikir bildirməyə başlayıblarsa, bu, həmin fikir bildirən insanların peşəkarlığını göstərir. Yəni səmimi olaraq insan bilmədiyi şey haqqında nəsə fikir bildirir",- deyə o əlavə edib.

































