Day, Month 00, Year
00: 00: 00 AM
İsrail 'səhvən' qınadı

10:39 / 16-09-2024

Tərəfdaşlıq və əməkdaşlıq üzərində qurulan xarici siyasət - TƏHLİL

Azərbaycanın yerləşdiyi region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də regionun digər ölkələri ilə münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür.
Bu barədə “Kaspi” qəzetinin hazırladığı məqalədə qeyd olunur.

Xarici siyasətdə balanslaşdırılmış xəttin əsas götürülməsi Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir. Bu siyasətin nəticəsi kimi Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, region və dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən münasibətlərə malikdir. Ölkəmiz regionun iqtisadi xəritəsini dəyişəcək təşəbbüslərlə çıxış edir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan Avropa İttifaqının, NATO-nun üzvü olmasa da, bu təşkilatlarda təmsil olunan qərb dövlətləri ilə yaxın əlaqələr qurub. Eynilə Avrasiya İqtisadi Birliyində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunmayan Azərbaycan bu təşkilatlardakı ölkələrlə hərbi, siyasi, iqtisadi, humanitar çərçivədə əməkdaşlıq edir. Bu cür balanslı xarici siyasət Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə, regionun sabitlik adasına çevirib. Təsadüfi deyil ki, son illər Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin, konfransların, forumların ev sahibinə çevrilib. Hətta iki fərqli qütbü təmsil edən amerikalı və rusiyalı generallar da dialoq aparmaq üçün paytaxt Bakıda bir neçə dəfə görüşüblər. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol almasıdır.

Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Şərqlə Qərb arasında mühüm körpü olan Azərbaycan, strateji əlaqələr qurduğu ayrı-ayrı ölkələrin bir-birinə qarşı münasibətlərinin müsbətə doğru dəyişməsinə də təsir edir. Buna misal olaraq, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyi bir zamanda Prezident İlham Əliyevin hər iki tərəf arasında vasitəçilik etməsini, Bakıda keçirilən Birinci Avropa Oyunları çərçivəsində hər üç ölkə liderinin bir araya gəlməsini göstərmək olar. Kəskinləşən Moskva-Kiyev münasibətləri fonunda bir müddət bundan öncə Azərbaycan Prezidentinin Ukrayna səfərinə də vasitəçilik prizmasından yanaşmaq olar. Həm Ukrayna, həm də Rusiya ilə yüksək səviyyəli münasibətlərə malik olan Azərbaycan dost ölkələr arasında düşmənçiliyin deyil, dostluğun qalib gəlməsinə tərəfdardır. Müxtəlif ölkələr arasında sülh prosesinə dair əlverişli mühit yarada biləcək potensialını dəfələrlə nümayiş etdirən Azərbaycan indi də Türkiyə ilə İsrail arasında razılaşmanın imzalanmasında vacib rol oynaya bilər. Bunu amerikalı siyasi ekspert Ceykob Kamaras İsrailin nüfuzlu "The Jerusalem Post” nəşrində dərc edilən məqaləsində qeyd edib.

Bütün sadalanan faktlar Azərbaycanın balanslı xarici siyasətinin real nəticəsi, nüfuzlu beynəlxalq vasitəçi rolunda çıxış etməsinin əyani göstəricisidir. Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həmçinin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib ki, Azərbaycanın xarici siyasəti ilk növbədə tərəfdaşlıq və əməkdaşlıq üzərində qurulub. Millət vəkilinin sözlərinə görə, bu siyasət Azərbaycana daim uğur gətirir: "Tarixən bizim bölgə böyük imperiyaların marağında olub. Burada yaşayan insanlar bu müharibələrin qurbanı olub. Azərbaycanın siyasəti və məqsədi ondan ibarətdir ki, region dövlətlərini, beynəlxalq aləmi əməkdaşlığa, tərəfdaşlığa dəvət etsin. Bununla da istənilən layihələrdə hamının marağının təmin olunmasına şərait yaradılsın. Bu maraqların təmini bütün tərəflərə uduş gətirsin. Bu, olduqca mühüm amildir, yeni və uğurlu strategiyadır. Azərbaycan ona görə bu hədəflərə çata bilir ki, minilliklər boyu bu ərazidə fərqli dinlərə, etnik köklərə malik xalqlar əməkdaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Tolerantlıq və multikulturalizm Azərbaycan üçün həyat tərzidir. Bu ənənələri yaşadan Azərbaycan dünyaya əməkdaşlıq və tərəfdaşlıq mesajları verir. Dəfələrlə ölkəmizdə sivilizasiyaların dialoqu formatında konfranslar keçirilib, mədəniyyətlərin əməkdaşlığı ənənələri davam etdirilib. Düşünürəm ki, bu siyasət Azərbaycana daim uğur gətirir”.

Partiya sədrinin qənaətincə, uğurlu xarici siyasətimiz Azərbaycana imkan verir ki, ölkəmiz üçün strateji layihələri həyata keçirə bilsin, hətta bir sıra hallarda aralarında ziddiyyətlər olan dövlətləri də əməkdaşlığa, tərəfdaşlığa cəlb etsin: "Bu, əməkdaşlıq və tərəfdaşlıq strategiyasının uğurudur. Burada söhbət bütün tərəflərin maraqlarının təmin olunmasından, tərəfdaşlıq sisteminin formalaşmasından gedir. Azərbaycanın nüfuzlu beynəlxalq vasitəçi rolunda çıxış etməsinə gəlincə, bizə məlumdur ki, bir sıra bölgələrdə olan fikir ayrılıqları böyük güclər arasında toqquşmalara gətirib çıxarır. Azərbaycan nüvə arsenalına, ballistik raketlərə sahib olan böyük ölkə deyil ki, hansısa dövlətləri sülhə məcbur edə bilsin. Azərbaycan öz siyasəti ilə bütün tərəfləri əməkdaşlığa, tərəfdaşlığa, dialoqa dəvət edir. Bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edir. Hətta Azərbaycan xalqına qarşı cinayətlər törətmiş Ermənistana da tövsiyə edir ki, beynəlxalq hüquq normaları çərçivəsində əməkdaşlıq etsin, sülh istiqamətində ciddi addımlar atsın”.


Tarix: 19-02-2022, 23:33 Oxunub: 165


Bölməyə aid digər xəbərlər