Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə - İran münasibətlərinə fərqli baxış: Rəqabət fonunda əməkdaşlıq - ŞƏRH

Ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefonla danışıb. İki ölkənin liderləri Ankara ilə Tehran arasında münasibətləri və regional məsələləri müzakirə ediblər. R.T.Ərdoğan öz növbəsində bu yaxınlarda İranın paytaxtı Tehranda keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurası Toplantısı və bu çərçivədə imzalana biləcək müqavilələrlə bağlı işlərin davam etdiyini söyləyib.
Bundan əlavə, Türkiyənin dövlət başçısı Cənubi Qafqazda sülh və sabitliyin hakim olması istiqamətində də səylərini davam etdirdiyini vurğulayıb. O, bu çərçivədə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə “altılıq platforması”nı inkişaf etdirdiklərini və Türkiyənin belə tədbirlərə ev sahibliyi etmək arzusunda olduğunu qeyd edib. 
Ümumiyyətlə, son dövrdə Ankara ilə Tehran arasında münasibətlərin inkişaf etdiyini qeyd etmək yerinə düşər. Digər tərəfdən, onlar arasında Suriya, Cənubi Qafqaz regionu ilə bağlı fikir ayrılığı hələ də qalır.  
ABŞ-ın nüfuzlu “Atlantic Council” Araşdırmalar Mərkəzinin saytında siyasi ekspert Hüseyn Ağayinin Türkiyə-İran münasibətləri ilə bağlı məqaləsi dərc edilib.
Ağayinin sözlərinə görə, son 20 ildə Türkiyə ilə İran arasında əlaqələr enişli-yoxuşlu olub: “Ankara və Tehranın xarici siyasətdə fərqli prioritetlərə malik olmasına və ziddiyyətli maraqlara baxmayaraq, bu iki regional güc bir-birindən təcrid olunmuş şəraitdə belə, geosiyasi və iqtisadi məsələləri həll edib”.
Məqalədə bildirilir ki, İbrahim Rəisi hakimiyyətə gəldikdən sonra İranla Türkiyə arasında münasibətlərdə yeni səhifənin açılacağı ilə bağlı ümidlər yaranıb: "Bu, İranın yeni prezidentinin "öncə qonşular” yanaşmasına uyğundur. Əslində, bu siyasət Tehranla Səudiyyə Ərəbistanı və BƏƏ kimi qonşu dövlətlər arasında münasibətlərdə gərginliyin azaldılmasına istiqamətlənib”.
Müəllif Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın da Misir, Səudiyyə Ərəbistanı və BƏƏ ilə münasibətləri yenidən qurduğunu vurğulayır. 
H.Ağayi son 20 ildə Tehranla Ankara arasında münasibətləri 4 mərhələyə bölür. Onun sözlərinə görə, birinci mərhələdə (2001-2010) Türkiyə ilə İran arasında dostluq münasibətləri güclənib, ikinci mərhələdə (2011-2015) dostluq əlaqələri, əsasən, "Ərəb baharı” və daha sonra Suriyadakı vətəndaş müharibəsi üzündən ciddi geosiyasi rəqabətlə əvəz olunub, üçüncü mərhələdə (2016-2017) iki ölkə arasında münasibətlərin yaxşılaşdığı ilə bağlı əlamətlər üzə çıxıb, dördüncü mərhələdə isə (2018-ci ildən indiyədək) Tehranla-Ankara münasibətləri, əsasən, Suriya, İraq və Cənubi Qafqazdakı gərginliklərə görə enişli-yoxuşlu olub.
Müəllif qeyd edir ki, 2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda status-kvo Azərbaycanla Türkiyənin xeyrinə dəyişib: "Görünən odur ki, hazırda Tehranla Ankara regionda iqtisadi və geosiyasi təsir uğrunda rəqabət aparır. Ermənistanla Azərbaycan arasındakı müharibənin birbaşa nəticələri üzündən bu gün İranın sərhədindən şimalda geosiyasi nöqteyi-nəzərdən manevr etmək imkanları daha da məhdudlaşıb. Türkiyə isə İranın regional maraqlarına zidd olaraq, bölgədə dəhliz əldə edib. Söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəhlizdən gedir”.
H.Ağayinin sözlərinə görə, indi Tehran-Ankara əlaqələrini "qarşıdurma fonunda əməkdaşlıq” kimi xarakterizə etmək olar: "Amma iqtisadi məsələlər və geosiyasi rəqabət, əslində, Türkiyə ilə İran arasında ikitərəfli münasibətlərdə müəyyən fikir ayrılıqlarının mənfi nəticələrinin aradan qaldırılmasına yardım göstərir: "İqtisadi əlaqələrə gəlincə, 2020-ci ildə onlar arasında ticarət dövriyyəsi cəmi 3,4 milyard dollar olub. Amma əsas hədəf bu göstəricinin 30 milyard dollara çatdırılmasıdır”.
Müəllif hesab edir ki, hazırda Tehran-Ankara əlaqələri güclü strateji əməkdaşlığa deyil, qısamüddətli praqmatizmə və real siyasətə əsaslanır. Digər tərəfdən, məqalədə qeyd edilir ki, Türkiyə ilə İran arasında regional məsələlərlə bağlı fikir ayrılığının artması da mümkündür.
H.Ağayi vurğulayır ki, bu gün Türkiyə və İran ilə Səudiyyə Ərəbistanı və BƏƏ arasında barışıq əlamətləri regionda sadalanan dövlətlər arasında yaxınlaşmanın baş verdiyini göstərir: "Tehranla Ankaranın Fars körfəzi hövzəsində yerləşən ərəb dövlətləri ilə münasibətləri yenidən qurması xüsusilə Fars körfəzində gərginliyin azalmasına yardım göstərir. Amma bu, Yaxın Şərqdə gərginliyin azaldığını göstərmir”. 
Müəllifin fikrincə, Türkiyə və İranın Fars körfəzi hövzəsində yerləşən ərəb dövlətləri ilə münasibətləri yaxşılaşdırmağa çalışması, əslində, onlar arasında regional rəqabəti yenidən gücləndirəcək: "Beləliklə, İran və Türkiyənin Səudiyyə Ərəbistanı və BƏƏ ilə danışıqlarının nəticələri Tehran-Ankara ikitərəfli münasibətlərinə təsir göstərəcək”. 
Siyasi ekspert sonda qeyd edir ki, Türkiyə ilə İran arasında geosiyasi nöqteyi-nəzərdən fikir ayrılığı olsa da, hər iki tərəf yürütdüyü xarici siyasət sayəsində ikitərəfli münasibətlərə zərər vurmamağa çalışacaq.


Tarix: 29-01-2022, 19:37 Oxunub: 172


Bölməyə aid digər xəbərlər