Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan-İran münasibətləri: Ermənistanın xain planı iflasa uğradı!


Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında görüş keçirilib.
Görüş regionumuzun gələcəyi ilə bağlı mühüm qərarların qəbulu və dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin bəyan edilməsi baxımından ön plana çıxıb.
Sirr deyil ki, ictimaiyyətdə 44 günlük müharibədən sonra regionumuzda yeni yaranmış reallıqlar kontekstində demək olar ki, təkcə İranla münasibətlərdə qeyri-müəyyənliyin olması barədə fikir formalaşmışdı. Lakin Aşqabaddakı görüş bu istiqamətdəki bütün suallara birmənalı şəkildə aydınlıq gətirdi.
Azərbaycan və İran liderləri ölkələr arasındakı münasibətlərin yaxın qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq mühitinə söykəndiyini bir daha bəyan etdilər.
Bəs bir qədər əvvəl münasibətlərdə yaranmış qeyri-müəyyənliyin səbəbi nə idi?
Suala cavab tapmaq üçün İran Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə səsləndirdiyi fikirlərə diqqət yetirək:
“Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür. Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik”.
Regionda Azərbaycanın uğurlarından narahat olan, Bakının Tehranla münasibətlərində süni gərginlik yaratmaqda öz maraqları olan tərəfin kimliyini müəyyən etmək elə də çətin deyil.
Sirr deyil ki, Ermənistan ciddi cəhdlə bütün imkanlarından istifadə edərək iki dövlət arasındakı münasibətlərə xələl gətirməyə, Bakı-Tehran münasibətlərinə zərər vurmağa çalışırdı. Bu işdə erməni təbliğat maşını fəal iştirak edir, iki qardaş xalqın və dövlətin münasibətlərinə kölgə sala biləcək informasiyalar (kontekstdən çıxarılmış) tirajlanırdı.
Lakin erməni təbliğat maşınını qurduğu planlar iflasa məhkum idi. İlk növbədə, həmin həssas dönəmdə İran tərəfinin “TIR-larla bağlı” verdiyi qərar (İran şirkətlərinə məxsus TIR-ların Qarabağa qanunsuz səfərlərinin qadağan edilməsi - red.) İrəvanın məkrli planlarının vüsət almasına imkan vermədi. Beləcə iki dövlət mehriban qonşuluq münasibətlərinə sadiqliyini ortaya qoyaraq, problemlərin dialoq yolu ilə həllinin mümkün olduğunu göstərdilər.
Bu işdə hər iki dövlətin liderlərinin sayıqlığı və siyasi iradəsi də mühüm rol oynadı. İrəvanın qurmağa çalışdığı oyun iflasa uğrasa da, bu xain planlara ən ağır zərbə isə ötən gün Azərbaycan və İran liderlərinin görüşü ilə vuruldu.
Təkcə liderlərin görüş zamanı nümayiş etdirdiyi səmimi münasibət belə iki dövlət arasındakı münasibətlərə digərlərinin müdaxiləsinin mümkünsüz olduğunun növbəti elanı idi.
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasındakı səmimi söhbət, liderlərin xalqların qardaşlığına və münasibətlərin sarsılmazlığına vurğu etməsi dövlətlərarası münasibətlərin gələcək perspektivdə də yüksələn xətlə inkişaf edəcəyinin zəmanəti oldu. Azərbaycan Prezidenti İlham Əliyev məsələyə bu cür münasibət bildirdi:
“Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”.
Aşqabadda Azərbaycan və İran liderlərinin görüşü iqtisadi baxımdan da əhəmiyyət daşıyırdı. Belə ki, tərəflər arasında “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalandı.
Azərbaycan Prezidenti İlham Əliyevin “tarixi sənəd” adlandırdığı bu saziş üçtərəfli (Azərbaycan-İran-Türkmənistan) əməkdaşlıq üçün çox gözəl zəmin yaradacaq. Ölkələrin iqtisadiyyatına öz töhfəsini verəcək razılaşma enerji təhlükəsizliyi baxımından da mühüm bir addım kimi xarakterizə olunmalıdır. Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəql edilməsi şübhəsiz ki, ticarət-iqtisadi münasibətlərin də inkişafında mühüm rol oynayacaq.
Digər tərəfdən iki ölkənin liderinin müzakirə predmetlərindən biri də məhz Zəngəzur dəhlizi oldu. İkitərəfli münasibətləri bütün istiqamətlər üzrə dərinləşdirməkdə maraqlı olan Azərbaycan və İran dövlətləri Zəngəzur dəhlizindən də birgə istifadə barədə razılığa gəliblər.
Qeyd edək ki, regionda ticarət-iqtisadi əlaqələrin inkişafı baxımından olduqca böyük önəmə sahib olan Zəngəzur dəhlizinin açılması hər iki ölkənin iqtisadiyyatına öz töhfəsini verəcək. Mehriban qonşuluq münasibətlərinə sahib iki dövlətin sözügedən dəhlizdən birgə və səmərəli istifadəsi region üçün tərəqqi və inkişaf amilinə çevriləcək.
İran və Azərbaycan liderlərinin müvafiq razılığa gəlib, regionun gələcəyi üçün əməkdaşlığı daha da genişləndirdiyi bir vaxtda, sözsüz ki, Ermənistanın bu məsələ ilə bağlı da uydurma iddialarını da xatırlamaq gərəklidir.
Belə ki, Bakı ilə Tehran münasibətlərinə zərər vurmağa çalışan Ermənistanın təbliğat maşını İranın Zəngəzur dəhlizinə qarşı olması barədə cəfəng iddialar səsləndirirdi. Lakin ötən gün baş tutan görüş bu iddiaların da əsassız olduğunu və böhtan xarakteri daşıdığını ortaya qoydu. Ermənistanın İranla Azərbaycan münasibətlərini pozmaq cəhdinə növbəti dəfə ağır zərbə vuruldu, bu planlar iflasa uğradı. Yekunda Azərbaycanla İran arasındakı mehriban dostluq, qardaşlıq münasibətləri qalib gəldi!


Tarix: 29-11-2021, 11:03 Oxunub: 186


Bölməyə aid digər xəbərlər