Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyevin mütləq sülh üçün təklifləri: Strateji üstünlük Azərbaycandadır – TƏHLİL


Prezident İlham Əliyevin “CNN Türk” televiziyasına müsahibəsində verdiyi bəzi mesajları təsnifatlaşdıraq və sonra hər bir bənd üzrə fikrimizi genişləndirək.
İlham Əliyevin müsahibə zamanı səsləndirdiyi bəyanatlardan bəzi çıxarışlar:
1. Azərbaycan sülh təklifini uzun müddət masa üzərində saxlamayacaq,
2. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün dəmir yolu ilə yanaşı avtomobil yolu da olmalıdır,
3. Azərbaycan dövləti Şuşada 10 metr məsafədən Laçın dəhlizinə nəzarət edir,
4. Rusiya Ermənistanı silahlandırmaqdan əl çəkməlidir,
5. İrandakı yeni hakimiyyət Azərbaycan-Ermənistan münasibətlərinə dair öz münasibətini ortaya qoymalıdır.
Sülhə çağırışlar davam edir
Azərbaycan 2020-ci il 10 noyabr bəyanatından sonra onun məntiqi davamı olan, bölgədə sülhün və təhlükəsizliyin dayanıqlı qarantına çevriləcək yeni təşəbbüslə çıxış etdi, 2021-ci ilin 11 yanvarında Moskvada yeni regional iqtisadi əməkdaşlıq platformasının yaradılması üçün növbəti üçtərəfli bəyanata imza atıldı.
Bu, Azərbaycanın Ermənistana əlini uzadaraq təqdim etdiyi sülh təklifinin tərkib hissəsidir, hərçənd ki, İrəvandan adekvat mövqe sərgilənmir.
Azərbaycan Prezidenti İlham Əliyev sülh modelini möhkəmləndirmək üçün 2021-ci ilin 15 iyununda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Şuşa bəyannaməsini imzaladı, liderlərin bu addımı bölgədə sülh və sabitliyin zəmanəti baxımından vacib idi, regional təhdidlərə qarşı birgə immunitetin davamlılığına gətirib çıxaran hadisə idi.
Lakin buna qədərki proseslər və sonrakı gedişatlarda Ermənistan nala-mıxa vurmaqla qeyri-müəyyən mövqeni masaya daşımağa çalışırdı, hərçənd ki, Bakı erməni diplomatiyasındakı hiyləni düzgün oxumaqla preventiv tədbirlərlə İrəvan ətrafında həlqələri daraltmaq siyasətini genişləndirdi.
Bakı sülh üçün mümkün olan bütün təklifləri səsləndirir. Sülh üçün vacib amillərdən biri də işğaldan azad edilmiş mina xəritələrinin Azərbaycana təqdim edilməsi prosesinin davamlı olmasıdır, Ermənistanın isə bu zamana qədər təqdim etdiyi mina xəritələrində (Ağdam, Füzuli, Zəngilan) dəqiqlik yoxdur.
İlham Əliyev müsahibədə qeyd edib ki, Azərbaycana verilən mina xəritələrinin dəqiqliyi 25 faizdir.
Azərbaycan müharibə istəmir, lakin bu o demək deyil ki, müharibə etməyə gücü və resursu yoxdur, əksinə Bakı hərb cəbhəsində yeni-yeni silahların idxalına, hərbi xərclərin çoxaldılmasına geniş yer verir.
Belə olan təqdirdə, Ermənistan düşünməlidir, revanşist ritorika və “statuskar” mövqelərə son qoymalıdır.
Əgər Ermənistan davranışının tempində sülh üçün davranışlar və praktiki addımlar sərgiləməsə növbəti məğlubiyyətə uğradılacaq.
Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanıdığını elan etməlidir, özü də təkcə Qarabağa münasibətdə yox, həm də Azərbaycanla sərhəd zolağı təşkil edən ərazilərlə bağlı.
Bu zaman sülh müqaviləsinin imzalanması mümkündür.
Bakının şərti: Dəmir yolu ilə yanaşı avtomobil yolu da olmalıdır
Ermənistan digər tərəfdən regional kommunikasiyaların açılması üçün konstruktiv mövqe nümayiş etdirməlidir, Zəngəzur dəhlizini yalnız dəmir yolu marşrutu kimi deyil, həmçinin avtomobil yolu kimi nəzərdən keçirməlidir.
İlham Əliyev hələ bundan əvvəl “Ermənistan istəsə də, istəməsə də, biz Zəngəzur dəhlizini icra edəcəyik” demişdi, indi isə dövlət başçısı yeni müsahibəsində bir daha Ermənistanı xəbərdar edir: Yəni Ermənistan Mehridən avtomobil yolu üçün zolaq vermək məcburiyyətindədir.
Şuşadan strateji baxış
Müharibə bitdikdən sonra Azərbaycan Qarabağdakı mülki erməni əhalinin təhlükəsizliyi üçün sülhməramlı əməliyyatları ön plana çıxarıb, lakin bu sülhpərvər missiya özünün funksiyasından və mandatından kənara sıçrayışlarla müşayiət edilməməlidir.
Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan ərazilərə isə Ermənistandan hərbçilər gətirilir, elə düşünülür ki, Bakı bundan xəbər tutmayacaq.
İlham Əliyev isə qeyd edir ki, Laçın dəhlizindəki istənilən hərəkətlilik, bir sözlə hər şey izlənilir – yəni həm canlı qüvvə, həm də müxtəlif texniki vasitələrlə, o cümlədən kameralarla.
Bu o deməkdir ki, Azərbaycan istədiyi zaman Laçın dəhlizinə nəzarəti tam ələ keçirər və bu zaman Rusiyanın da sülhməramlı vəzifəsi kölgə altına düşər. İlham Əliyev yəqin buna görə məsafə anlayışını (10 metr) Azərbaycanın əlini gücləndirən, strateji üstünlüyünü xatırladan faktor kimi irəli çəkdi.
Rusiya silahları Ermənistanı xilas etmir
İlham Əliyev vəziyyətin dramatikləşməməsi üçün Rusiyanın üzərinə düşən öhdəlikləri də xatırladır, 10 noyabr bəyanatının bəzi müddəalarının icrasında açıq qalan məsələlərə görə Moskvanın məsuliyyət daşıdığını vurğulayır.
Eyni zamanda Rusiyanın Ermənistanı silahlandırmasının yolverilməzliyini bildirir: Özü də iki bəndlə bunun mənasız olduğunu qeyd edir:
1. Rusiya Ermənistanı silahlandırsa belə, bu, Ermənistanın Azərbaycanla güc nisbətinə təsir etməycək,
2. Rusiyanın 30 il müddətində Ermənistana verdiyi silahlar indi Bakıda Hərbi Qənimətlər Parkındadır.
Hərbi cəhətdən bunun izahı belədir ki, Azərbaycanın beşinci nəsil, ən müasir silahları döyüşlərdə böyük üstünlük qazandırır və Rusiya nə qədər cəhd etsə də, Ermənistana analoji silahlar verə bilməz. Çünki Rusiyanın özündə həmin tip silahlardan yoxdur.
İrandan gözlənti
İlham Əliyev bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyinin İrana nota verməsi fonunda Tehrandan gözləntiləri də diqqət çəkir.
Prezident İlham Əliyev “Əlbəttə, vaxt lazımdır ki, yeni rəhbərlik bu məsələ və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoysun. Biz bunu gözləyirik” deməklə İranın yeni hökumətini konstruktiv mövqeyə təşviq edir.
Prezidentin dediklərindən çıxan nəticə:
- İlham Əliyevin sülh modeli hərtərfəlidir, mütləq sülhü təmin edən formatdır,
- Ermənistan sülhə məcburdur, buna məcbur edilir,
- Region dövlətləri sülh və təhlükəsizlik üçün prosesə müsbət töhfə verməlidir.
- Diplomatiya ilə sülh prosesi mümkün olmasa, Bakı hərbi varianta əl atacaq.
İlham Əliyevin sitatı:
“Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.


Tarix: 15-08-2021, 14:15 Oxunub: 212


Bölməyə aid digər xəbərlər