Day, Month 00, Year
00: 00: 00 AM
Bakının diktələri, Paşinyanın bəyanatı: Sülh sazişinə hazırlıq – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında ölkəsinin Azərbaycanın şərtlərini qəbul etməyə hazır olduğuna işarə edib.
Paşinyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlara hazırdır. Baş nazir Qarabağ mövzusunun danışıq predmetinə daxil ola biləcəyini qeyd edib.
Paşinyanın bu açıqlamanı Azərbaycan Müdafiə Nazirliyinin avqustun 11-də verdiyi bəyanatdan sonra səsləndirməsi diqqət çəkir.
Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının nəzarət zonasında olan ərazilərə erməni hərbçilərin daşınmasına görə Ermənistana sərt xəbərdarlıq ünvanlayıb, eyni zamanda Moskvaya da məsuliyyətini xatırladıb. Əks təqdirdə güc tətbiq etmək hüququnu özündə saxladığını vurğulayıb.
Paşinyanın dediklərinin perspektiv üçün əsas məqsədi vaxt qazanmağa hesablanmış addım da ola bilər, hərçənd ki, Bakı İrəvanın belə gedişinə imkan verməz.
Buna görə də, deyə bilərik ki, Paşinyan indi Bakının sülhə məcburetmə taktikasının İrəvana diktə etdiyi şərtləri önə çıxarır.
Bununla belə, Paşinyan yenə də son ümid yeri kimi ATƏT-in Minsk Qrupuna müraciət edir, deyir ki, Ermənistan həmsədrlərdən konkret təkliflər gözləyir.
Azərbaycanın isə şərti qətidir və dəyişməz olaraq qalır:
1. 2020-ci il 10 noyabr bəyanatının müddəaları icra olunsun, o cümlədən Qarabağda Rusiya sülhməramlılarının fəaliyyət zonasında qalan erməni hərbçilər Azərbaycan ərazilərini tərk etsin,
2. Qarabağda hər hansı statusdan söhbət belə gedə bilməz.
Paşinyan aydın başa düşür ki, İlham Əliyevlə danışıqlara getmək üçün Azərbaycanın şərtləri qəbul edilməlidir.
Azərbaycan təkcə 10 noyabr bəyanatı deyil, onun məntiqi davamı olan 2021-ci il 11 yanvar üçtərəfli bəyanatının icrasını da tələb edir.
Əvvəllər Ermənistan bu məsələlərdə də vaxt udaraq Bakıya qarşı bleflər etmək istəyirdi, lakin Azərbaycan diplomatiyası və ordusu bu planın üstündən xətt çəkməyi bacardı.
Prezident İlham Əliyev dəfələrlə Zəngəzur dəhlizinin reallaşmasının vacibliyini xatırlatdı, Bakının xarici siyasət kursunda bu iradə danışıqlar masasına daşındı.
Azərbaycan ordusunun Ermənistanla sərhəddə apardığı delimitasiya və demarkasiya isə dəhlizin nəzəri əsaslardan praktikaya keçidində həlledici prosesdir.
Azərbaycan indi Laçın, Kəlbəcər istiqamətində sərhədləri delimitasiya edir, Naxçıvanda mövqelərini möhkəmləndirir.
Ermənistan isə çıxılmaz vəziyyətə düşdüyünü anlayır, ona görə də Paşinyan regional kommunikasiyaların açılması üçün Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazır olduğunu bildirir. Həmçinin delimitasiya və demarkasiya prosesinin sürətlənməsinin vacibliyinə toxunur.
Paşinyanın açıqlaması növbəti təslimçi ritorikadır, daha doğrusu Ermənistan hakimiyyəti buna məcburdur.
Paşinyanı sülhpərvər obrazda danışdıran başqa bir amil isə Qazaxın yeddi kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması tələbi ilə bağlıdır.
Şübhə yeri qalmır ki, Paşinyan delimitasiya və demarkasiya prosesi məsələsini qabartmaqla erməni cəmiyyətini prosesin yeni coğrafiyaya daşınmasına alışdırmaq niyyəti güdür.
Nəhayət Paşinyan uzunmüddətli sülh, təhlükəsizlik, sabitlik və inkişaf üçün açar məqamın qonşularla normal münasibətlərin qurulmasından keçdiyini dilə gətirir.  
Paşinyanın dediklərindən çıxan nəticə:
1. Paşinyan beynəlxalq platformalarda əhəmiyyətli praktiki dəstək qazana bilməyib,
2. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur qaldığını etiraf edir.
İkinci bəndə qısa izah verək: Paşinyan deyib ki, qonşu ölkələrlə münasibətlərin tənzimlənməsi və ya inkişafı hökumətin xarici siyasətinin mühüm istiqaməti olacaq.
Bu gedişatın tempi isə sülh müqaviləsinin imzalanmasından keçir.


Tarix: 12-08-2021, 22:48 Oxunub: 145


Bölməyə aid digər xəbərlər