Day, Month 00, Year
00: 00: 00 AM
İran yük maşınlarının Qarabağ marşrutu: Bir neçə sual – TƏHLİL


İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.
Söhbət ondan gedir ki, Qarabağda müharibə Azərbaycanın qələbəsi ilə bitdikdən sonra İran Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə yaşayan ermənilərə hansısa növ yardımlar edir.
Kimisi bunun hərbi, kimisi humanitar yardım olduğunu düşünür, kimisi isə sadəcə biznes məqsədli səfərlər olduğunu bildirir.
Düzü Azərbaycan XİN-in məlumatında İrana məxsus avtomobillərin Qarabağa hansı məqsədlə səfər etdiyi göstərilmir, sadəcə qeyd olunur ki, İrana məxsus müxtəlif təyinatlı avtomobillər davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Qarabağ bölgəsinə giriş-çıxış edir.
İran birinci dəfə deyil ki, Azərbaycana qarşı bu cür addımlarını möhkəmləndirmək cəhdləri edir, hələ işğal müddətində İran şirkətlərinin Azərbaycan torpaqlarında qanunsuz fəaliyyəti də mövcud olub.
Tehran bu faktları təkzib etməyə çalışıb və ya “tərəfimizdən araşdırılır” deməklə məsələnin ört-basdır olunmasına səylər göstərib.
İndi isə sual verməyin zamanıdır.
2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlıları üçün nəzarət zonası təyin edilib, burada sülhməramlı əməliyyatlara Moskva cavabdehdir.
Hərçənd ki, Kreml də ikibaşlı gedişlər edir, sülhməramlılar vəzifələrinin sərhədlərini aşan fəaliyyət göstərir və Qarabağdakı erməniləri “yemləməklə” məşğul olur.
Bu, öz yerində, buna dəfələrlə etiraz edilib, avqustun 11-də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda da Moskvaya xəbərdarlıq olunur.
İstənilən halda, üçtərəfli bəyanatın subyektləri Azərbaycan, Rusiya, Ermənistandır, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə münasibətdə isə Türkiyənin də öz vəzifəsi mövcuddur.
Bəs İran hansı statusa malikdir? Tehranın heç bir statusu yoxdur və ya siyasi gedişatlar zamanı elə mandat qazanmayıb ki, Qarabağdakı ermənilər üçün yardımlarını əsirgəməsin.
Əgər İran bu bəndlər üzrə fəaliyyət sferasını ortaya qoymaq istəyirsə, bu zaman mütləq Bakıdan razılıq almalıdır.
Ən pis halda düşünürük ki, İran Qarabağdakı ermənilərə silah daşıyır, (bu versiya həmişə aktual olub) bu zaman Bakı da adekvat diplomatik və ya siyasi təbdir görmək hüququnu özündə saxlayır.
İran deyə bilər ki, bəs bunun rəsmi Tehranın mövqeyi ilə əlaqəsi yoxdur, bu zaman isə özünü məntiqsizliyin dibinə salır.
İran kimi teokratik, hakimiyyətin ölkəboyu total nəzarət zolağı yaratdığı rejimin iradəsindən kənar hansı addım atmaq olar? Təbii ki, bu, mümkün deyil.
Azərbaycan XİN-in məlumatında diqqətçəkən başqa bir məqam da var, bu da ona dəlalət edir ki, Tehran Bakının xəbərdarlıqlarına məhəl qoymayıb.
“Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız, görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb”, - deyə XİN-in məlumatında bildirilir.
İranın məhəl qoymaması azmış kimi fəaliyyət zonasını genişləndirməsi isə Bakının səbir kasasını daşdırıb və sonda nota verilib.
Ən vacib suallardan biri: İran niyə niyyətindən əl çəkmir, onu Qarabağa və ya oradakı ermənilərə bağlayan səbəblər nədir?
İran Azərbaycanın güclənməsini, İsraillə, Türkiyə ilə əməkdaşlığının dərinləşməsini, sərhədlərin delimitasiya etdiyini həzmdən keçirə bilmədiyindən erməni separatizmini dirçəltmək, Bakıya qarşı yeni cəbhə açmaq istəyir. 
İranın dövlət nəzarətində olan, İran hərbi-siyasi təbliğatının əsas platforması “Səhər TV” özünün “Facebook” səhifəsində məlumat yayıb ki, guya Azərbaycan Tehrana nota verməyib. Bildirilir ki, səfir XİN-in suallarına lazımi izahat verib.
Bir sözlə, İran tərəfi Qarabağa yük daşınmasını təkzib də etməyib və diqqəti Azərbaycan XİN-i “yalançı” çıxartmağa yönləndirib.


Tarix: 12-08-2021, 10:52 Oxunub: 158


Bölməyə aid digər xəbərlər