Day, Month 00, Year
00: 00: 00 AM
Zəngəzur dəhlizinin açılmasında Rusiyanın maraqları nədən ibarətdir? - ŞƏRH + FOTO


“Zəngəzur dəhlizinin reallaşması yalnız Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi və strateji maraqları baxımından vacib hesab olunur”. 
Bu fikri Sahibkartv.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.
Millət vəkilinin fikrincə, son danışıqlar göstərdi ki, bütövlükdə region ölkələri kommunikasiyaların bərpasında maraqlıdır, təbii ki, Azərbaycan da Zəngəzur dəhlizinin açılması və bu dəhliz vasitəsilə həm sərnişin, həm də yüklərin daşınmasının reallaşmasını prioritet hesab edir:
“Cənubi Qafqaz həssas bölgədir. Bu bölgədə dayanıqlı sülhün formalaşması üçün birmənalı şəkildə kommunikasiyaların paralel olaraq bərpası vacibdir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması məhz bu kommunikasiyaların bərpası baxımından vacib layihələrdən və elementlərdən biridir. Azərbaycanın da mövqeyi kommunikasiyanın bərpasının paralelliyini qoruyub saxlamaqdan ibarətdir. Bu istiqamətdə sözsüz ki, həm Rusiya, həm də Avropa İttifaqının da təşəbbüslərinin genişlənməsi vacib idi. Moskvada Rusiya və Azərbaycan prezidentlərinin keçirdiyi son görüşdə də məhz müzakirə edilən əsas məsələlərdən biri kommunikasiyaların bərpası ilə bağlı idi. Kommunikasiyaların bərpası eyni zamanda Zəngəzur dəhlizinin reallaşdırılması baxımından da vacibdir”.
Dəhlizdən faydalana biləcək ölkələr siyahısında Rusiya, İran, Türkiyə və digər region ölkələrinin də olduğunu deyən Vüqar Bayramov vurğulayıb ki, Zəngəzur dəhlizi Rusiyanın öz məhsullarını da həmin dəhliz vasitəsilə daşıya bilməsinə imkan verəcək:
“Zəngəzur dəhlizi həm də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu da müvafiq istiqamətdə beynəlxalq yük daşımalarının həyata keçirilməsinə, Rusiyanın da bu dəhlizdən faydalanmasına imkan verəcək.

Şərq - Qərb beynəlxalq nəqliyyat dəhlizi
Azərbaycan üçün də bu layihənin tezliklə həyata keçirilməsi prioritetdir. Çünki, bununla Azərbaycan Şərqi Zəngəzuru Qərbi Zəngəzur vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Artıq son görüş də göstərdi ki, bu, yalnız Azərbaycan üçün deyil, eyni zamanda region və regionun aparıcı ölkələri üçün də prioritet məsələyə çevrilib”.


Tarix: 22-07-2021, 09:47 Oxunub: 234


Bölməyə aid digər xəbərlər