
Laos Prezidenti Thonqlun Sisulit ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
Laos Prezidenti “ASAN xidmət”in fəaliyyətindən təsirləndiyini, onun innovativ və vətəndaş məmnunluğuna əsaslanan xidmət modelini yüksək qiymətləndirdiyini vurğulayıb. O, ASAN təcrübəsinin öyrənilməsi və ölkəsində tətbiqi imkanlarının araşdırılması ilə bağlı müvafiq göstəriş verəcəyini bildirib.
Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.












































