Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan-Özbəkistan arasındakı birgə beynəlxalq layihələr tərəflər üçün faydalı olacaq

Bu gün regional siyasətdə aparıcı rola malik olan Azərbaycan Avrasiya məkanında Mərkəzi Asiya respublikaları ilə inteqrasiya proseslərini inkişaf etdirməkdə maraqlıdır. Bu, təsadüfi xarakter daşımır. Mərkəzi Asiya respublikalarının böyük iqtisadi və tranzit potensialı ilə yanaşı, siyasi proseslərdə də fəal rol almaq imkanları var. Uzaq Şərq, Cənub Şərqi Asiya və Çin ilə Avropa arasında yerləşən Mərkəzi Asiya respublikaları nəqliyyat və tranzit sahəsində olduqca əhəmiyyətli amilə çevrilib. Müasir dünyada baş verən silahlı münaqişələr bu regionun əhəmiyyətini daha da artırıb. Avropa qitəsi Mərkəzi Asiyanın təbii resurslarından istifadə etməklə iqtisadi problemlərini həll etməyə cəhd göstərir.

Özbəkistan Mərkəzi Asiyanın iqtisadi-siyasi baxımdan önəmli respublikasıdır. Yeni dövrün tələblərinə uyğun olaraq rəsmi Daşkənd dünya proseslərinə inteqrasiya yolunu seçib və bu istiqamətdə addımlar atır. Azərbaycan-Özbəkistan əlaqələrinin yaxınlaşması heç də təsadüfi xarakter daşımır. Praqmatik siyasi xəttin tərəfdarı olan Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müasir dünyada inkişafa və tərəqqiyə yalnız qarşılıqlı faydalı əməkdaşlıqla nail olmağın mümkünlüyünü düzgün qiymətləndirir və bu istiqamətdə addımlar atırlar. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, BMT kimi beynəlxalq platformalarda əməkdaşlıq edirlər. 

Özbəkistan Qarabağın Azərbaycana məxsus olduğunu hər zaman vurğulayıb. 2023-cü ildə Prezident Şavkat Mirziyoyevin işğaldan azad olunan Füzuli rayonunda Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin açılışında iştirakı ölkələrimiz arasındakı dostluq və qardaşlığın rəmzinə çevrildi.

Bu gün hər iki dövlət başçısı beynəlxalq səviyyədə iqtisadi və enerji layihələrinin həyata keçirilməsi üçün faydalı əməkdaşlıq edir. Özbəkistan təbii resurslarını məhz Transxəzər marşrutu vasitəsilə Azərbaycan üzərindən ixrac etmək niyyətindədir. 

Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Özbəkistanın illik tələbatdan 30 dəfə çox - 2091 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək imkanı var. Özbəkistan iqlimi ildə 320 günəşli gündən ibarətdir ki, bu da böyük həcmdə alternativ enerji istehsalına imkan yaradır. Ölkənin Surxandərya, Buxara, Kaşkadərya vilayətləri coğrafi baxımdan elə bir iqlim qurşağında yerləşir ki, bu regionlarda, ümumilikdə, 2058 milyard kilovat-saat günəş enerjisi hasil etmək olar. BMT-nin yaşıl enerjinin inkişafına dair hazırladığı hesabatda vurğulanır ki, Özbəkistanın Şimal-Qərb və Cənub-Qərb əraziləri 9,9 milyarda kilovat-saat külək enerjisi istehsal etmək iqtidarındadır.

Son 5 ildə Özbəkistan Prezidenti yaşıl enerjinin inkişaf etdirilməsi üçün 15 Sərəncam imzalayıb. Hökumət yaşıl enerji potensialını düzgün qiymətləndirərək müxtəlif xarici şirkətlərlə 21 müqavilə imzalayıb.

Bu gün Özbəkistanda yaşıl enerji istehsalı ilə əlaqədar olaraq 19 layihə icra olunur. Bunlar istehsal gücü 3977 meqavat günəş və 3100 meqavat külək elektrik stansiyalarıdır (7 stansiya). Bu layihələrin həyata keçirilməsi üçün xarici şirkətlər tərəfindən 9 milyard dollar həcmində sərmayə yatırılıb. Cari ilin ikinci yarısında Səmərqənd, Katakurqan, Buxara, Namanqan, Tomdin, Buxara və Daşkənd rayonlarında 3 külək və 4 günəş enerjisi istehsal edən stansiyalar istismara veriləcək. 2025-ci ildə isə Buxara vilayətinin Peşkin və Qijguvan rayonlarında hər biri 500 meqavat istehsal gücü olan 2 külək elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulub. Hökumətin yaşıl enerjinin inkişafı proqramına əsasən, 2026-cı ildə Özbəkistanda ümumi gücü 1600 meqavat olan 4 külək, 8000 meqavat gücü olan günəş və 868 meqavat gücü olan su elektrik stansiyası istismara veriləcək.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar. Bu xətt Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Daha sonra Bolqarıstan bu layihəyə qoşulmaq niyyətini açıqlayıb. Avropa İttifaqı Şərq Tərəfdaşlığı İnvestisiya Planı vasitəsilə layihəyə 2,3 milyard avro ayıracağına söz verib. Bu layihəyə Özbəkistan və Qazaxıstanın da qoşulması istiqamətində danışıqlar aparılır.

2023-cü ilin sonunda Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq nazirliklərinin rəhbərlərinin imzaladığı Birgə Kommünikedən irəli gələn məsələlərin icrası, yaşıl enerji layihələri üzrə birgə fəaliyyətin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Birgə İşçi Qrup enerji mübadiləsi, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərir. Bildirilib ki, Xəzər dənizi - Qara dəniz - Avropa enerji dəhlizinin yaradılması iştirakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək, energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələri möhkəmləndirəcək. Cari il mayın 1-də isə Daşkənd İnvestisiya Forumu çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan arasında Avropaya yaşıl elektrik enerjisinin tədarükü üçün enerji sistemlərinin inteqrasiyasına dair Əməkdaşlıq Memorandumu imzalanıb. Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanada keçirilən I görüşü çərçivəsində bildirib ki, Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsi üzrə Qazaxıstan-Özbəkistan-Azərbaycan birgə üçtərəfli layihəsi uğurla həyata keçirilərsə, Özbəkistan 2030-cu ildən etibarən artıq qalan elektrik enerjisini Avropaya ixrac edə biləcək. Nazirin sözlərinə görə, Özbəkistandan elektrik enerjisi Mərkəzi Asiyanın ümumi enerji sistemi ilə Qazaxıstan ərazisindən keçəcək, daha sonra Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xətti ilə Azərbaycana, oradan da Gürcüstana, Qara dənizin dibi ilə kabel xətti ilə isə Rumıniya, Macarıstan və Bolqarıstana göndəriləcək.

Müasir dövrün tələbinə uyğun olaraq dünyada yaşıl enerji istehsalı və ixracı məsələləri kifayət qədər aktuallaşıb. Azərbaycan və Özbəkistan prezidentləri isə yeni dünyanın tələblərini nəzərə alaraq praqmatizmi üstün tutur və xalqların sosial rifahı naminə iri beynəlxalq əhəmiyyətli layihələrin reallaşması istiqamətində addımlar atırlar. Bütün bunlar isə hər iki dövlət arasında dostluq və qardaşlığın gələcəkdə daha da möhkəmlənməsindən və tərəflər üçün faydalı olacağından xəbər verir.


Tarix: 23-08-2024, 11:21 Oxunub: 34


Bölməyə aid digər xəbərlər