Deputat vurğulayıb ki, bu gün Türkiyədə demokratiya qalib gəldi, türkçülük qalib gəldi: “İmperialistlər, İran, Ermənistan və onların havadarları bu prosesə mane olmağa çox çalışdılar, amma heç nə edə bilmədilər. Bu gün Türkiyəni Suriyaya, İraqa çevirmək istəyənlərin arzusu ürəklərində qaldı. Bu gün Türkiyə xalqı Kılıçdaroğlunun dəyərlərdən qopuq fəaliyyətinə “yox” dedi və bu gün Türkiyə xalqı Kamal Kılıçdaroğluna Rəcəb Tayyib Ərdoğanın dediyi kimi “Bay-bay Kamal” dedi. Bu gün ona öz yerini göstərdi”.

Deputat onu da deyib ki, bu gün Azərbaycan - Türkiyə münasibətlərində yeni mərhələ başlayır: “Biz əlaqələrimizi, dostluğumuzu, qardaşlığımızı bu gündən sonra da gücləndirəcəyik. İki lider - Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində Azərbaycan, Türk dünyası öz qələbəsini daha da möhkəmləndirəcək, əlaqələrimiz daha da inkişaf edəcək. Bu gün hər bir azərbaycanlı bu qələbəyə, uğura görə sevinir.
Bu gün Bakıda hamı bu qələbəni Azərbaycan xalqının qələbəsi kimi qeyd edir. Yaşasın Türkiyə - Azərbaycan dostluğu! Türkiyəni, Azərbaycanı sevməyənlərin arzusu bir daha ürəklərində qaldı, tanrı Azərbaycan və Türk xalqı ilə bir yerdədir. Qardaş Türkiyəni düzgün seçimə, düzgün qərara görə təbrik edirik!”.