
Ənənəvi tərəvəz satışında fermerlər məhsulu topdansatışçılara verirdi və qazancın böyük hissəsi vasitəçilərə qalırdı. Lakin yeni biznes modeli — birbaşa satış — fermerlərin iqtisadi cəhətdən güclənməsinə səbəb olur. Bu sistemdə fermer məhsulu ya öz mağazası vasitəsilə, ya sosial şəbəkələrdə, ya da kuryer xidmətləri ilə birbaşa istehlakçıya çatdırır.
Bu model bir çox ölkədə artıq standart hal almağa başlayıb. Fermerlər xüsusi brend qutularla məhsul göndərir, tərəvəzin təzəliyi üçün soyuducu daşımadan istifadə edir və müştəri məmnuniyyətini artırmaq üçün “təzə gəlməsə, geri qaytar” kimi xidmətlər tətbiq edir.
Sahibkartv.az xəbər verir ki, bəzi fermerlər şəhərin içində kiçik satış köşkləri, mobil tərəvəz maşınları və hətta avtomatlaşdırılmış təzə məhsul aparatları quraşdırıb. Bu, kənddən şəhərə yolun daha da qısalmasına səbəb olur. Alıcı isə yenidən “ferma məhsulu”na qayıdır və süfrəsində daha təbii tərəvəz görür.
Birbaşa satış həm də reklam tələb etmir — müştəri keyfiyyətdən razı qalanda özü yeni müştəri gətirir. Bu isə kənd sahibkarları üçün ən güclü marketinq növünə çevrilib.

































