Day, Month 00, Year
00: 00: 00 AM
“Toyuqçuluq və yumurtaçılıq” mövzusunda Azərbaycan və Türkiyə arasında dəyirmi masa keçirilib

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin, “Beyaz Et Sanayicileri ve Damızlıkçıları Birliği Derneği” və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə “toyuqçuluq və yumurtaçılıq” mövzusunda dəyirmi masa keçirilmişdir. Azərbaycan və Türkiyə arasında təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunan tədbirdə, bu sahədə çalışan sahibkarlar iştirak ediblər.
Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Müdirliyinin Heyvan və Heyvan Məhsulları Sərhəd Nəzarəti İdarə rəisi cənab Osman Çakır hər kəsi salamlayaraq, çıxış üçün ASK-nın vitse-prezidenti Zakir Əzimova söz verib.
Zakir Əzimov görüşün keçirilməsində məqsədin toyuqçuluq və yumurtaçılıq sahəsində qarşılıqlı fikir mübadiləsi və təcrübənin öyrənilməsindən ibarət olduğunu bildirib.
Azərbaycanda quşçuluq və yumurtaçılıq sahəsində mövcud vəziyyəti qonaqların diqqətinə çatdırmaq məqsədilə ASK prezidentinin məsləhətçisi cənab Fərid Vəlizadə təqdimatla çıxış edib. O, 2019-cu il ərzində Azərbaycanda toplam ət istehsalının 335.7 və toplam quş əti istehsalının isə 112 min ton olduğunu bildirib. F.Vəlizadə 2000-ci ildən 2019-cu ilədək olan toyuq istehsalına və idxalına dair statistik rəqəmləri iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda, o, 2019-cu il ərzində Azərbaycanda adambaşına ət istehlakının 40.7 kiloqram olduğunu və bunun 15 kiloqramının toyuq ətinin payına düşdüyünü qeyd edib. Həmçinin, Fərid Vəlizadə Azərbaycanda 2019-cu il ərzində 1.8 milyard yumurta istehsal olunduğunu söyləyib.
Z.Əzimov dövlətin yaxından dəstəyi sayəsində ölkəmizdə 2000-ci ildə 24 min ton quş əti istehsal edildiyi halda, 2012-ci ildə bu göstəricinin 112 min ton olduğu qonaqların diqqətinə çatdırıb. O, artıq ölkənin yumurtaya olan olan tələbinin yerli istehsal hesabına tam təmin olunduğunu bildirib.
ASK-nın vitse-prezidenti ölkəmizdə quşçuluq sahəsində bir sıra problemlərin mövcud olduğunu və bu problemlərin Türkiyədə hansı formada həllini tapdığını öyrənmək üçün təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Müzakirələr zamanı quş qripinə qarşı Tükiyədə vaksinasiyanın aparılıb-aparılmadığı, ümumiyyətlə buna qarşı mübarizənin necə qurulduğu,  quşçuluqda istifadə olunan proteinlərin məhsulun qiymətinə təsir etməsi amilləri üzrə iştirakçların fikirləri dinlənilib.
Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və İdarəetmə Müdirliyinin Heyvan Sağlamlığı və Karantin Şöbə müdiri cənab Ümit  Zoray bildirib ki, Türkiyədə quş qripi virusunun meydana gəldiyi istehsalat sahəsində heyvanlarla birlikdə dezinfeksiya edilməsi mümkün olmayan alət və avadanlıqlar məhv edillir və sahibkara təzminat ödənir. Bundan başqa, tədbirdə vaksinasiya aparılan ölkələrdəki vəziyyət, karantin şərtləri barədə iştirakçılara məlumat verilib.
“Beyaz Et Sanayicileri ve Damızlıkçıları Birliği Derneği”nin baş katibi Ahmet Ergünün sözlərinə görə, Türkiyədə adambaşına illik 22 kiloqram toyuq əti istehlak olunur. İllik 2.2 milyon ton quş əti istehsal edilir və bunun 500 min tonu ixraca yönəlir.
Ahmet Ergün Zakir Əzimovun sualına cavab olaraq, quşların yemlənməsində onların da çətinliklərlə üzləşdiyini, əsasən soya məhsuluna üstünlük verdiklərini və pambıq çiyidindən istifadə etmədiklərini bildirdi.
Türkiye Yumurta Üreticileri Merkez Birliğinin (YUM-BİR) rəhbəri cənab İbrahim Afyon Türkiyədə illik 22 milyard yumurta istehsal olunduğunu, bunun üçdə birinin ixrac edildiyini bildirib. O, bu istehsalın 300 milyon toyuqdan əldə olunduğunu söyləyib. İ.Afyon Rusiya və ətraf ölkələrə Türkiyədə istehsal olunan yumurtaların azərbaycanlı sahibkarlar vasitəsilə də ixrac olunduğunu vurğulayıb.
Türkiyə Respublikası Ticarət Nazirliyinin İdarə rəisi cənab Hakkı Barutcu görüş iştirakçılarını salamlayaraq və Azərbaycanla Türkiyə arasında imzalanmış preferensial (tərcihli) ticarət haqqında Sazişin əhəmiyyətindən danışıb. O, bu Sazişə daxil olan məhsullar kateqoriyasına quşçuluq və yumurta məhsullarının da salınmasının mümkünlüyünü bildirib.
Gülperi Taşlıyurt Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında imzalanmış Fəaliyyət Planında hər iki ölkə arasında quş əti və yumurta ticarətinin genişləndirilməsi ilə bağlı maddə olduğunu və bu görüşün də həmin maddənin icrası məqsədilə hesabata daxil ediləcəyini diqqətə çatdırıb.
ASK baş katibinin müavini Fuad Hümbətov Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Azərbaycan üzrə məsul nümayəndəsi xanım Gülperi Taşlıyurta və “Beyaz Et Sanayicileri ve Damızlıkçıları Birliği Derneği”nin baş katibi cənab Ahmet Ergünə görüşün keçirilməsi üçün göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.


Tarix: 30-12-2020, 13:23 Oxunub: 193


Bölməyə aid digər xəbərlər