Day, Month 00, Year
00: 00: 00 AM
Şuşa divarlarında tale yazıları – FOTO

Hərf səhvləri edən bu cavanlar - əsgərlər nə boyda tarixi səhvi düzəldiblər. Əslində, ən böyük redaktor onlardırlar. Deməli, qeyrət, iradə savada baxmır. Adi sözləri düzgün yazmayan oğlanlar necə taktiki döyüşləri idarə edib Şuşanı geri qaytarıblar.
Məsələ ilə bağlı “Kaspi” qəzetinin əməkdaşının Şuşadan reportajını təqdim edirik.
Ötən ay Şuşada Vaqif Poeziya Günlərində iştirak etdiyim zaman asudə vaxtı fövtə verməyərək o müqəddəs şəhərin küçələrini asta-asta, beynimi min bir fikrə yuva edərək dolaşırdım. Şuşada ermənilərin “məharət”ləri, “özünüifadə qabiliyyətləri” nəticəsində dağıdılmış evləri, yurd yerlərini görəndə Seyid Əzim Şirvaninin bu peşmanlıq dolu misraları yadıma düşürdü:
Səni Yusif bilib, verdim könül mülkündə sultanlıq,
Əzizim, nuri-eynim, sən gəda oğlu gədasənmiş.
Biz ermənilərə zamanında könül mülkümüzdə yer versək də, onlar öz əzəli xislətlərindən, – gədalıqlarından əl çəkmədilər. Nəticəsi də göz qabağındadır. Dağıdılan evlərə, viran qoyulan bağlara, uçurulan hasarla baxanda fikirləşirsən ki, aradan ötən 28 il ərzində ermənilər bircə saniyə belə dayanmayıblar, “döyüşüblər”  – bu sahibsiz hesab etdikləri şəhərin hər daşından, hər otundan qisas alıblar. Şuşanı dağıtmadıqları anlarda içlərinə çəkdikləri nəfəsi “hədər sayıblar”.
Yazıya pozu yoxdur
 
Şəhəri gəzə-gəzə gəlib bazara yetişirəm. Bazarın yaxınlığındakı divarlarda yazılar var. Redaktorluq qabiliyyətim divardakı yazılardakı hərf səhvlərini diqqətə şayan edir. Bu dəm ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlinin haqq tərəzisində ağır gələn sözləri yadıma düşür: “Hərf səhvləri edən bu cavanlar – əsgərlər, nə boyda tarixi səhvi düzəldiblər. Əslində, ən böyük redaktor onlardırlar. Deməli, qeyrət, iradə savada baxmır. Adi sözləri düzgün yazmayan oğlanlar necə taktiki döyüşləri idarə edib Şuşanı geri qaytarıblar”.
Natəvan lövhəsinə yazılmayan beyt…
 
Şuşada kiril əlifbası ilə “Natəvan küçəsi” yazılmış lövhə hələ də qalmaqdadır. Amma o lövhəni görüb, o kədərli ismin, küçə adı daşıyan ünvanın yanından keçib də Şuşanın, Natəvanın gözəl günlərini, Azərbaycanın şair və yazarlarının adlarını fəxrlə əbədiləşdirdiyi zamanları yada salmamaq olmur. O dövrlərlə, indi xaraba evlərə istiqamət göstərən  bu tabloya baxıb da, Natəvanın misraları ilə gözəl günlərin xiffətini edirəm:
 
Nə yaxşı günlər idi kim, səninlə munis idim,
Zəmanə indi edib sinə dağlı lalə məni.
 
Bu misraları yaddaşıma minnətdar ola-ola xatırlayıram. Çoxdandır unutduğum həmin qəzəl, lövhəyə baxdığım anlarda beynimdə dirilir. Sanki yanımda kimsə var və Şuşa boyunca mənə “yaddaşlıq etmək”dən yorulmur... 

Giliz... Açar...
Yerdən açar və gilizlər tapıram... Düşünürəm ki, görəsən, kimin evinin açarıdır? Yəqin bizim evlərimizə sahiblənən, müharibə vaxtı dabanına tüpürüb qaçan, qorxaq ermənilərin cibindən düşüb. 30 ilə yaxındır ki, şuşalılar dağıdılmış, yanmış evlərinin açarlarını saxlayıblar, neçə-neçə şairlər açarlara şeirlər yazıblar. Həmin şeirlərin ən təsirlisindən biri Əbülfət Mədətoğluya aiddir. Yerdən açarı götürə-götürə dilimin altında mızıldanıram:
 
Bir ev qoyub gəlmişəm –
açarları cibimdə.
Açarla oynayıram –
çadırların dibində.
 
Sonra yerdəki gilizlərdən bir neçəsini götürüb baxıram. Görəsən, bu giliz hansı əsgərimizin, şəhidimizin silahından düşüb? Görəsən, kimin canını alıb, yoxsa?..
Bu döyüş abu-havasını ifadə edən əşyalara baxa-baxa divardan hansısa əsgərimizin yazdığı bu misraları oxuyuram: “Arzum, səni sevirəm. Şuşa”. Görəsən, öz eşqini divarla yazaraq izhar edən qəhrəman kimdir? Görünür, məhəbbətin əli hər yerdə sevənə çatır.
Polad prospekti 

Bülbülün ev muzeyindən təzəcə çıxıb mərkəzi meydana tərəf gedəndə yolda sürət nişanı yazılan lövhə qarşıma çıxır. Üstünə sürət rəqəmi – 40 yazılıb. Amma qələmlə həmin lövhəyə “Polad Həşimov prospekti” sözləri yazılıb.  İnşallah ki, arzu kimi, xoş niyyət kimi yazılan bu sözlər yaxın günlərdə gerçək olar.

Bu lövhəyə yaxın bir neçə ev diqqətimi çəkir ki, ermənilər həmin evlərin qapısına iri hərflərlə “satılır” yazıblar. Kimin evini kimə satmaq istəyiblər?! O, “satılır” sözünün dərinliyində isə “qaçırıq”, “köçürük” kimi qorxaqlıq  ifadə edən “görünməz kəlmələr” yatır. Ermənilərin “satılır” yazdıqları evlərimiz və “Polad Həşimov prospekti”. Əcəb təzaddır...
Əbədi tapşırıq...
 
Divar yazıları müxtəlif məzmunludur: Biri dağıdılmış məktəbin içərisindəki yazı taxtasına tabaşirlə “Ağstafa” yazmaqla kifayətlənib. Kimisi öz evlərini tapdırıb “Səyavuş Həsənov” yazdırıb. “Rəşad, Camal, Türkan” yazılmış darvazanın üzərində belə bir yazı da qeyd olunub: “Bu evin yiyəsi var, girmə”. Şükürlər olsun ki, artıq bu evin deyil, bütövlükdə Şuşanın yiyəsi, sahibi var və “girmə” sözü bütün ermənilərə qarşı əbədi tapşırığımızdır.
 
Yazılar...
 
“Gulya­­_Decor” adlı “Instaqram” səhifəsi yazanın məntiqinə heyran olaraq divarlarda neçə-neçə salam göndərən, müjdə yetirənlərin də sevincini oxuyuram: “Şuşadan Sinan qardaşıma salam”. Bu motivli yazıların, doğulduğu regionun adını divarla cızanların sayı-hesabı yoxdur. Hətta macal tapıb fəlsəfi fikir yazan da olub: “Düzgün olmayan insan çox şeyini itirər. Hər gün bir şeyini, bir gün hər şeyini”.  Ən təsirli yazı isə budu: “Şəhid kapitan, Hüseynov Ceyhun, qisasın alındı”.
Uzaqda olmayan gün...
 
Gün gələcək ki, Şuşada divarlar rənglənəcək, hər yan abadlaşacaq, yeni üzlüklərlə qalalar əhatələnəcək. Amma o yazılar, həmin müjdəli günlərin sevincini özünə hopduran divarlar azad Şuşanı ilk dəfə görənlərin yaddaşından heç zaman silinməyəcək.
Qara qaşın, qara gözün, qara xalın ağ üzdə əks olunmasını vaxtı ilə xanəndə, qəzəlxan Hacıbala Hüseynov ağın üstünə zövqlə yazılan qara hərf, qüsursuz xətt kimi təsvir edirdi.  İnsanın üzündə o ali zövqü yaradan Allahdır, Şuşadakı ali zövqün müəllifi isə qəhrəman əsgərlərimizdir...
 
Üzündə nəqş olunub qaşi çeşmi xali xəti,
Nə ali zövq ilə gör ağə qarə yazmışlar?...


Tarix: 3-10-2021, 21:27 Oxunub: 279


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı