Day, Month 00, Year
00: 00: 00 AM
AMB: "Ev təsərrüfatlarının 24 %-dən çoxu inflyasiyanın artacağını gözləyir"

Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempi azalıb.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, eəsmi statistikaya görə 2022-ci ilin fevral ayında inflyasiya 1,1 % olub, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 11,9 % artıb.
İllik inflyasiya tempinin azalması qeyri-ərzaq məhsulları və xidmətlərin bahalaşma tempinin nisbətən azalması ilə bağlıdır. Fevralda illik əsasda qiymət artımı qeyri-ərzaq məhsulları üzrə 6 %, xidmətlər üzrə isə 9,3 % təşkil edib.
İllik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması (17,2 %) əmtəə birjalarında ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə, dünya ərzaq qiymətləri son 2 ayda 5,2 %, son bir ildə isə 20,7 % artıb. Son ildə qiymətlər un məmulatları üzrə 14,8 %, süd məhsulları üzrə 24,8 %, yağlar üzrə 36,8 % yüksəlib. Geosiyası və geoiqtisadi risklər səbəbindən buğda qıtlığı ilə bağlı ehtimallar buğdanın qiymətini son 14 ilin maksimumuna çatdırıb. Ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq məhsullarının ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq məhsullarının qiymətlərinə artırıcı təsir göstərən amillərdən hesab edilir.
Mart ayında keçirilmiş sorğunun nəticələrinə görə sorğuya cəlb edilən ev təsərrüfatlarının 24%-dən çoxu inflyasiya tempinin daha da yüksələcəyini gözləyir. Müəssisələr arasında aparılan sorğulara görə fevral ayında əvvəlki ayla müqayisədə inflyasiya gözləntiləri qeyri-neft sənayesində artıb. Ticarət və xidmət sektorlarında da inflyasiya gözləntiləri pozitiv zonada qalır.
Yüksək qeyri-müəyyənliklər inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Cari ilin ilk 2 ayında faktiki inflyasiyanın dinamikası proqnozlaşdırılan trayektoriyaya uyğun olsa da geosiyasi və geoiqtisadi risklərlə bağlı yaranmış yeni şərait reallaşan və potensial təsirləri inflyasiyanın proqnoz variantlarına yenidən baxmaq zərurəti yaradıb. Fevral ayının sonlarından başlayaraq birja əmtəələrinin qiymətlərinin kəskin yüksəlməsi tərəfdaş ölkələrdə, xüsusən də enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərini daha da yüksəltməkdədir. Tərəfdaş ölkələrin bəzilərində milli valyutaların kəskin ucuzlaşması bu ölkələrdə inflyasiyanın Azərbaycana idxalını məhdudlaşdırır. Digər tərəfdən Azərbaycanın əsas ixrac əmtəələrinin bahalaşması qiymətlər sabitliyinin əsas lövbərini – milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir.


Tarix: 18-03-2022, 17:29 Oxunub: 173


Bölməyə aid digər xəbərlər