Day, Month 00, Year
00: 00: 00 AM
Pul bazasının artması nəyi göstərir?


Pərviz Heydərov yazır...
Cari ilin birinci yarısının yekunlarına əsasən ölkə iqtisadiyyatının tənəzzüldən çıxdığına dair daha bir əyani sübut məhz pul bazası həcminin əhəmiyyətli dərəcədə artmasıdır. Diqqəti cəlb edən əsas məqam isə odur ki, bu sahədə qeydə alınan rəqəmlər sözügedən tendensiyanın getdikcə daha böyük sürət aldığını göstərir. Pul bazası dövriyyədə olan pul vəsaitləri ilə Mərkəzi Bankın kredit təşkilatları qarşısında olan öhdəlikləridir.
Pul bazasının iqtisadi inkişafda böyük rolu vardır, sözügedən göstərici mühüm tənzimləyici və təsiredici əhəmiyyətə malikdir. Belə ki, onun həcmi elə müəyyən olunmalıdır ki, "nə şiş yansın, nə kabab".
Başqa sözlə desəm, nə inflyasiya baş versin, nə də ki, işgüzar fəallıq buxova keçsin. Bu, hər bir ölkə hökuməti qarşısında həlli çox çətin sayılan məsələlərdən hesab edilir. Bu ayın əvvəlinə olan məlumata əsasən, ölkədə manatla pul bazasının həcmi 14 213 400 000 manat olub. Bu isə o deməkdir ki, qeyd edilən rəqəm aylıq müqayisədə təxminən 3 faiz, 2020-ci ilin eyni dövrü ilə (illik) müqayisədə isə 21,7 faiz çoxdur.
Cari ilin əvvəlinə nəzərən isə 4,8 faiz çox... Yeri gəlmişkən, ilin birinci yarısının yekunlarına əsasən inflyasiya 4,3 faizə bərabər olub. Xatırladırıq ki, bu il üçün ölkə üzrə sözügedən göstərici 2-4 faiz ətrafında proqnozlaşdırılıb ki, ilin sonuna qədər real inflyasiya səviyyəsi belə görünür, bundan yüksək rəqəm təşkil edəcək.
Sual yaranır ki, bunu pul bazasının genişlənməsi şərtləndirəcəkmi? Xeyr. Mənfi cəhət də elə məhz bundan ibarətdir. Söhbət nədən gedir, aydınlaşdıraq. Yuxarıda qeyd etdik ki, pul bazasının iqtisadi inkişafda rolu mühümdür və o elə həcmdə müəyyən olunmalıdır ki, nə inflyasiya baş versin, nə də işgüzar fəallıq buxovlansın.
Pul bazası isə əsas etibarilə adətən, Mərkəzi Bank tərəfindən bir tərəfdən banklara verilən kreditlərin ucuzlaşdırılması, yəni əlavə kredit resurslarının verilməsi və yaxud da əlavə pul emissiyasının həyata keçirilməsiylə, digər tərəfdən isə maliyyə bazarında müvafiq əməliyyatlar keçirməklə dövriyyədə olan mövcud vəsaitin bir hissəsinin çıxarılması, ya da artırılması yolu ilə idarə olunur. İş ondadır ki, Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini ilin əvvəlindən bəri dəyişdirməyib, yəni 6,25 faiz səviyyəsində saxlayıb. Ümumiyyətlə, keçən ilin dekabrın 18-dən sonra bu rəqəm heç bir dəyişikliyə məruz qalmayıb. Ancaq, bunun müqabilində isə qeyd etdiyimiz kimi pul bazası artıb və artmaqda da davam edir.
İnflyasiyaya gəldikdə isə, ölkə iqtisadiyyatında tənəzzülün dayanması fonunda istehlak bazarında qiymətlərdə ilin əvvəlindən bəri başlayan artım davam edib və edir. Ümumiyyətlə, xüsusən may ayı ərzində qiymətlərin artım sürəti daha yüksək tempdə təşkil etməklə sanki, hər şeyin işgüzar fəallığın dirçəlməsi ilə əlaqəli baş verdiyi təəssüratı yaradıb.
Halbuki belə deyil. Manat möhkəmlənməyə meyilli olduğundan, ölkəyə idxal stimullaşdırıcı xarakter daşıdığından və qeyri neft-qaz ixracı üzrə artım hələ ki tələb olunan səviyyədə təşkil etmədiyindən, istehlak qiymətləri indeksi də daha çox yüksəlməyə meyil göstərir və göstərməlidir də... Göründüyü kimi pul bazasının artması nə hər hansı bir işgüzar fəallığı dəstəkləmək tədbirləri ilə əlaqədardır, nə də ki, real sektorda ortaya çıxan bu və ya digər tələblə. Bu, sadəcə olaraq, dövriyyənin özündən irəli gələn bir reallıq və ən əsası da, girişdə də qeyd etdiyimiz kimi, cari ilin birinci yarısının yekunlarına əsasən ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasının göstəricisidir. Üstəgəl həm dövlət büdcəsinin, həm də cari əməliyyatlar hesabının profisitdə olması kimi amillər də bunda az əhəmiyyət daşımır.
Bütün bunlardan əlavə, dövriyyədə manatla pul kütləsinin artması təklifin tələbi üstələməsi kimi də qəbul olunmalıdır.
Ümumiyyətlə, Azərbaycanda inflyasiya ilə manatın dəyərinin formalaşması mexanizmi arasında qarşılıqlı əlaqə mövcud olmadığı kimi, dövriyyədə olan nağd pul kütləsinin artımı ilə işgüzar fəallıq arasında müvafiq münasibət də yoxdur. Bəs, bu vəziyyəti necə aradan qaldırmaq olar? Ölkədə pul-kredit siyasətinin bazar iqtisadiyyatının qanunlarına və tələbinə əsasən formalaşması və həyata keçməsi üçün real sektor qarşılıqlı rəqabət, müvafiq stimullaşdırıcı mexanizm, mənfəət və səmərəlilik prinsipləri əsasında inkişaf etməli, maliyyə bazarı istehsal prosesi ilə əlaqəli şəkildə mövcud olmalıdır. Əks təqdirdə, pul bazasının artması və yaxud azalması kimi göstəricilər özünü elə həmişə səbəb yox, nəticə rolunda büruzə verəcək.


Tarix: 3-08-2021, 15:46 Oxunub: 185


Bölməyə aid digər xəbərlər