
Azərbaycan və Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel Xəttinin bir aydan da az müddətdə istismara verilməsi gözlənilir.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "CAMCA 2026" Regional Forumunda bildirib.
"Azərbaycan və Qazaxıstan arasında Fiber-Optik Kabel Xəttinin istifadəyə verilməsi Avropa ilə Asiya arasında yeni yüksək ötürücülük qabiliyyətli rabitə kanalı yaradacaq. Xəttin bir aydan da az müddətdə istismara verilməsi gözlənilir", - o bildirib.
Nazir vurğulayıb ki, müasir regional dəhlizlər təkcə yük daşımalarını deyil, həm də enerji və rəqəmsal əlaqəliliyi əhatə edir.
Xatırladaq ki, "AzerTelecom" və "Kazakhtelecom" şirkətləri tərəfindən icra olunan Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsinə əsasən Sumqayıt şəhərindən (Azərbaycan) Aktau şəhəri (Qazaxıstan) istiqamətində 380 km uzunluğunda sualtı fiber-optik kabel xətti çəkilib.
Xəzər dənizində ilk sualtı rəqəmsal marşrut regionda 400 terabit/s-dən çox yüksəksürətli internet bağlantısını, böyük həcmdə məlumat mübadiləsini təmin edəcək, həmçinin regionda rəqəmsal xidmətlərin inkişafına töhfə verəcək.
Trans-Xəzər Fiber-Optik Kabel Xətti "Rəqəmsal İpək Yolu" layihəsinin önəmli hissəsidir. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi - "Rəqəmsal İpək Yolu" məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.







































