Day, Month 00, Year
00: 00: 00 AM
Bu il bizi nə gözləyir: Yaşıl enerji ya neftin yeni superdövrü? - TƏHLİL

Təxminən bir il əvvəl neftin qiyməti öz tarixi minimum səviyyəsinə enmişdi. Bu gün isə bəzi ekspertlər neftin (və digər xammal əmtəələrin) yeni superdövrünü proqnozlaşdırır. Superdövr (supercycle) bazarda hər hansı bir sarsıntıdan sonra qiymətlərin kəskin və davamlı surətdə yüksəlməsinə deyilir. Sonuncu dəfə bu 2000-ci illərdə müşahidə olundu - neftin qiyməti 150 dollara qədər yüksəlmişdi və uzun illər 100 dollar civarında idi. 2014-cü ildən bəri neftin qiyməti aşağı düşmüşdü. Yalnız 2016-cı ildən sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış OPEC+ formatının səyləri nəticəsində 60-70 dollar ətrafında sabitləşdi. 2018-ci ildə neft qiyməti 80 dollar həddini keçsə də bu yüksəliş uzun müddət sürmədi. 2020-ci ildə isə OPEC+ təşəbbüsündə iştirak edən ölkələrin ortaq məxrəcə gələ bilməməsi ucbatından qiymət yenidən düşməyə başladı. Üstəlik, pandemiya və lokdaun neftin qiymətini tarixi minimuma qədər çökdürdü.
Ayı və buğa
Mediadakı neft proqnozlarına meta-təhlil prizmasından baxsaq, yəni proqnozları bir-biri ilə müqayisə etsək, belə bir maraqlı təmayül nəzərə çarpa bilər ki, hər bir proqnoz sanki, öz dövrünün qərəzi altındadır. Məsələn, neftin qiyməti düşdüyü dövrlərdə bədbin proqnozlar mediada sanki, daha çox yer alır. Buna bazar terminologiyasında “bearish mood” - “ayı ovqatı” deyilir. Qiymət qalxdıqca əvvəl daha nikbin, sonra isə aşırı dərəcədə nikbin proqnozlar üstünlük qazanır. Bunun adı isə “bullish mood” və ya “buğa ovqatı”dır. Bazarda “ayı ovqatı” hökm sürürsə, bu demək deyil ki, “buğa”lar mövcud deyil. Yəqin ki, media sadəcə hər bir dövrün ümumi ovqatı ilə üst-üstə düşən fikirlərə daha çox yer ayırır.
Ötən il ümumilikdə “ayı ovqatı” ilə səciyyələnmişdi. Bir çox aparıcı neft şirkətlərinə görə neft tələbatının pik dövrü artıq yaxın gələcəkdə (2020-ci illərin ikinci yarısında) olacaqdı, bəziləri hətta pik dövrünün keçmişdə qaldığını dedilər. Neft tələbatının pik dövrünə qədər tələbat artmağa davam edir, sonra isə tədricən azalır, bəşəriyyət öz enerji ehtiyacları daha çox yaşıl enerji hesabına təmin edir.
Ancaq bədbin gözləntilərə rəğmən, COVID-19 əleyhinə peyvəndlər nisbətən erkən təqdim olunaraq, neft bazarlarında nikbinliyə və qiymət artımına səbəb oldular. Beləliklə, 2021-ci ilin qədəmləri neft bazarları üçün düşərli oldu. Neftin qiyməti 50-60 dollar arasında olduğu günlərdə ekspertlər il ərzində ortalama qiymətin 60-65 dollar olacağını proqnoz etməyə başladılar. Qiymətlər 65 dolları keçdikdən sonra isə neftin qiymətinin bu il və gələn il, müvafiq olaraq, 80 və 100 dollara çatacağını deyən proqnozlar yayılmağa başladı. Nəhayət, “Goldman Sachs” nümayəndələri başda olmaqla, bəzi ekspertlər yüksək qiymət şəraitinin uzun illər sürəcəyinə ehtimal verərək, neftin yeni superdövrünün müjdəsini verdilər.
Hazırkı proqnozların məğzi
Beləliklə, bu gün “buğa” ovqatı hökm sürür. Neft “kahin”ləri superdövrün başlanğıcı barədə xəbər versələr də, bir çox təhlilçilər hələlik bu proqnozla razılaşmır. Ümumiləşdirsək, hazırda neftin qiyməti ilə bağlı iki əsas məqam mövcuddur:
- Superdövr: Neftin qiyməti yaxın bir il ərzində 100 dolları keçə bilər. Dalğalanmalar olsa da, qiymət hələ uzun illər təxminən bu və ya hətta bundan da yüksək səviyyə ətrafında sabit qalacaq.
- Sabit bazar: Qiymətlər uzun müddət təxminən hazırkı səviyyədə qalaraq, ara-bir 80 dolları da keçə bilər, lakin yaxın aylarda və illərdə, davamlı olaraq, 60-80 dollar arasında sabitləşəcək.
Unutmayaq ki, hazırkı qiymət səviyyəsi bazarın “təbii” konyunkturunun nəticəsi deyil. Bazar hələ çox ciddi şəkildə tənzimlənir - OPEC+ ölkələri gündəlik 7 milyon barreldən çox neft hasilatını azaltamağa davam edirlər. Səudiyyə Ərəbistanı isə öz hasilatından, könüllü olaraq, əlavə gündəlik 1 milyon barrel azaldıb. Bu məhdudiyyətlər əbədi deyil və yaxın aylarda dəyişə bilər. OPEC+ təşəbbüsündə iştirak edən ölkələr arasında həm baha neft, həm də nisbətən ucuz neftin tərəfdarlarının olduğu ehtimal olunur. Düz bir il əvvəl bu ixtilaflar bazarın iki ay məhdudiyyətsiz-nəzarətsiz qalmasına səbəb olmuşdu. Nəticəsi də bəllidir. Əlbəttə, bu il belə bir ssenarinin təkrarlanması uzaq ehtimaldır, ancaq hazırkı kvotaların tədricən yumşaldılması labüddür.
Hazırda OPEC+ iştirakçılarının gündəlik 8,1 milyon barrel həcmində azaltdığı neft həcmləri 2022-ci ilin aprel ayından sonra bazara tam həcmdə qayıtmalıdır. İran üzərindən sanksiyalar götürülərsə, neft bazarlarına böyük həcmlərdə əlavə neft daxil olacaq, çünki OPEC+ razılaşması İrana şamil olunmamışdı. Neft qiymətləri 50-60 dollar və ya daha yüksək səviyyədə sabitləşərsə, ABŞ-da ötən il bağlanmış şist neftin hasilatı bərpa oluna bilər. Bir sözlə, bazarda təklif artacaq. Lakin, çox güman ki, OPEC+ qiymətləri ən azından hazırkı səviyyədə sabit saxlamağa çalışacaq.
Neftin superdövrünü proqnozlaşdıranlar isə arqument kimi qlobal tələbat artımını gətirirlər. Daha bir arqument isə son illərdə neft hasilatına yatırımların azaldılmasıdır. Bu gün dünyada ümumi meyl yaşıl enerjiyə doğru olduğuna görə, hökümətlər məhz bu sahəyə investisiyaları təşviq edir, şirkətlər də bu sahəyə daha çox yatırım etməyi planlaşdırırlar. Ancaq hələlik yaşıl enerji dünyanın yanacağa və karbohidrogen (neft-qaz-kömür) enerjisinə tələbatını qarşılamaq üçün kifayət edən həcmdə istehsal olunmadığına görə, müvəqqəti boşluq dövrü yarana bilər. Dünyada yaşıl enerji istehsalının hələ kifayət qədər vüsət almadığı bir dövrdə, dünya hələ neft və qaza möhtacdır. Neft-qaz sənayesinə yetərli investisiya yatırılmadığına görə isə o tələbatı tam qarşılamaq gücündə olmaya bilər. Bu isə tələb ilə təklif arasında boşluğun böyüməsinə və davamlı qiymət artımına səbəb ola bilər.
Bu arqumentdən göründüyü kimi, hətta neftin yeni superdövrü başlasa da, bu bəlkə də onun son təntənəsi ola bilər. Neft qiymətlərinin, davamlı olaraq, yüksək səviyyədə qalması isə neftlə müqayisədə alternativ enerji texnologiyalarının rentabelliyini daha da artıraraq, məhz yaşıl energetikaya sərmayə qoyuluşları təşviq edə bilər. Məşhur neft treyderlərindən biri neftin yeni superdövrü perspektivi barədə belə deyib: “Ölən pişik hələ bir neçə dəfə çapalaya bilər, amma buna “superdövr” demək nə dərəcədə doğrudur?”
Bizə nə?
Bu gün Azərbaycanda azad olunmuş torpaqlara Böyük Qayıdış və qeyri-neft iqtisadiyyatının sürətli artımı gündəmdə olan ən vacib məsələlərdir. Əlavə neft gəlirləri ölkəyə daxil olarsa, bu hədəflərə daha tez nail olmağa kömək edə bilər. Ancaq bunu da unutmayaq ki, bu yüksəliş neftin bəşəriyyət tarixində son təntənəsi də ola bilər. Odur ki, neft-qaz şirkətlərinin bu gün tədricən enerji şirkətlərinə çevrilməsi və yaşıl enerjiyə yatırımların planlaşdırılması vacib görünür. Neft gəlirləri isə effektli idarə olunaraq, həm aparıcı beynəlxalq rəqəmsal şirkətlərin aktivlərinə, həm də ölkəmizdə rəqabətli bazar iqtisadiyyatının inkişafına, ən əsası isə əhalinin maariflənməsinə və fərdi peşəkarlıq səviyyəsinin artırılmasına yönləndiriləndə, hətta neft dövrü bitəndən sonra belə, Azərbaycan xalqına xidmət etməyə davam edəcək.


Tarix: 24-02-2021, 15:59 Oxunub: 193


Bölməyə aid digər xəbərlər