Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 046,3 milyon manatlıq, o cümlədən 18 851,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 194,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.Sahibkartv bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4%, o cümlədən qeyri-ərzaq malları üzrə 6% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
| Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2019-cu ilin yanvar - noyabr aylarına nisbətən, faizlə |
| Pərakəndə ticarət dövriyyəsi | 35 046,3 | 98,6 |
| o cümlədən: | ||
| ərzaq məhsulları | 17 082,6 | 103,3 |
| içkilər və tütün məmulatları | 1 769,2 | 100,3 |
| toxuculuq məhsulları, geyim və ayaqqabılar | 5 728,6 | 87,8 |
| elektrik malları və mebellər | 1 957,1 | 93,2 |
| kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 286,8 | 105,6 |
| əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 644,7 | 141,9 |
| avtomobil benzini və dizel yanacağı | 1 869,1 | 97,8 |
| digər qeyri-ərzaq malları | 5 708,2 | 95,5 |
Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,2%-i ticarət müəssisələri, 53,4%-i fərdi sahibkarlar tərəfindən, 23,4%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,7%, fərdi sahibkarlar üzrə 4,3% artıb, bazar və yarmarkalarda isə 18,5% azalıb.
Bu ilin yanvar-noyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 319,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 3,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 171,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq malları alıb.




































