Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan auditorları Latviyada beynəlxalq tədbirdə iştirak ediblər

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Auditorlar Palatasının Beynəlxalq Audit Standartları üzrə Komitəsinin sədr müavini, Harvard Universitetinin maliyyə üzrə magistrı Səftər Vəlizadə Latviyanın Sertifikatlı Auditorlar Assosiasiyasının (LACA) İdarə Heyətinin sədri Lolita Çapkevitsanın dəvəti ilə Yurmala şəhərində qurumun fəaliyyətə başlamasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Palatadan bildirilib ki, nümayəndə heyəti “Sertifikatlı audit peşəsinə gələcək çağırışlar” mövzusunda konfransda məruzə ilə çıxış edib. Polşa, Latviya, Litva, Estoniya və bir sıra beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yaşıl iqtisadiyyat və dayanıqlı inkişafa keçid şəraitində maliyyə və dayanıqlılıq göstəricilərinin və ətraf mühitlə bağlı məlumatların açıqlanmasına və iqlim dəyişikliyi ilə bağlı tədbirlərin aktuallığına dair dünyada güclənməkdə olan ekoloji cəhətdən məsuliyyətli gəlirlilik haqqında şirkətlərin hesabat verməsi barədə təkliflər maraqla qarşılanıb. 

Eyni zamanda, tədbir iştirakçılarına bu ilin noyabr ayında Şərqi Avropa və postsovet məkanında ilk olaraq Bakıda keçiriləcək BMT-nin COP29 tədbiri haqqında geniş məlumat verilib. Konfrans iştirakçıları belə qənaətə gəliblər ki, yeni şəraitdə mühasiblərin və auditorların işlərinin dəyərləndirilməsinin əsasının “görülən işlər”dən “göstərilən təsir”ə və ya “verilən təkliflərə” keçəcəyi labüddür. Bu isə o deməkdir ki, mühasiblərdən və auditorlardan strateji məsləhətçilər, texnologiya yenilikçiləri, davamlılıq və sosial məsuliyyət təminatçıları kimi keyfiyyətlər gözlənilir. Başqa sözlə, peşəkar mühasiblər və auditorlar davamlı biznes və maliyyə mütəxəssisləri kimi tərəfdaşlara davamlı dəyər yaratmaq, qorumaq və şəffaflığın yüksəldilməsində əsas rol oynamalıdırlar. 

Tədbirdə yeni mühitdə düzgünlüyün etik mədəniyyət öhdəliyinin xüsusi əhəmiyyəti də müzakirə obyekti olub. Yalnız həqiqiliyi və şəxsi brendinqi əhatə etməklə, mühasibatlıq və audit peşəsi köhnəlmiş stereotipləri aradan qaldıra və həm müştərilərə, həm də peşəkarlara münasibətdə yenilikçi və sosial məsuliyyətli fəaliyyət kimi meydana çıxa bilər.

Tədbir günlərində nümayəndə heyəti Azərbaycanın Latviya Respublikasındakı səfiri Elnur Sultanovla görüşüb və Riqa şəhərində təşkil olunmuş Azərbaycan xalçaları sərgisində iştirak ediblər.


Tarix: 26-08-2024, 16:52 Oxunub: 14


Bölməyə aid digər xəbərlər