Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

DÇ-ni stadiondan izləmək istəyənlər oxusun!

Baxış: 63
DÇ-ni stadiondan izləmək istəyənlər oxusun!


2026-cı il Dünya Çempionatında iştirak edəcək 48 komandanın təsdiqlənməsindən sonra bilet satışlarının yenidən açılması ilə qiymətlərdə nəzərəçarpacaq artım qeydə alınıb.

“FİFA 19 iyulda ABŞ-nin Nyu-Cersi ştatındakı “MetLife” Stadionunda keçiriləcək final oyunu üçün ən yüksək bilet qiymətini 10.990 dollara yüksəldib. Dekabr ayında keçirilən püşkatmadan sonra bu rəqəm 8.680 dollar idi.

Final matçı üzrə digər kateqoriyalarda da ciddi bahalaşma müşahidə olunub:

Kateqoriya 2 biletlər 5.575 dollardan 7.380 dollara qaldırılıb.

Kateqoriya 3 biletlər isə 4.185 dollardan 5.585 dollara yüksəlib.

FİFA turnirin keçiriləcəyi ABŞ-nin 11, Meksikanın 3 və Kanadanın 2 şəhərində “dinamik qiymətləndirmə” modelini tətbiq edir. Bu sistemə əsasən, biletlərin qiyməti tələbatdan asılı olaraq dərhal dəyişir.

ABŞ Konqresinin 69 demokrat üzvü FİFA Prezidenti Canni İnfantinoya ünvanladıqları məktubda bu yanaşmanı tənqid edərək bildiriblər ki, 2026-cı il Dünya Çempionatı tarixdə “ən çox maliyyə baxımından kənarlaşdırıcı” turnirə çevrilə bilər.

Turnirin açılış və qrup mərhələsi oyunlarında da bahalaşma qeydə alınıb:

Meksika - Səudiyyə Ərəbistanı açılış matçı üçün ən ucuz bilet 2355 dollardan 2985 dollara qalxıb.

Kanada - Bosniya və Herseqovina oyunu üçün biletlər 2170 dollardan 2240 dollara yüksəlib.

ABŞ - Paraqvay matçı üçün isə hazırda yalnız 2735 dollarlıq yüksək kateqoriyalı biletlər satışda qalıb.

Bundan əlavə, ABŞ-nin 25 iyunda İnqlvudda Türkiyə ilə və Sietlda Avstraliya ilə keçirəcəyi oyunlar üçün biletlər sistemdə ümumiyyətlə görünmür.

Bilet satışlarının “son dəqiqə satış mərhələsi” adı ilə bərpa olunmasından sonra FİFA-nın rəsmi saytında texniki nasazlıqlar da yaşanıb.

Bir çox istifadəçi saatlarla növbədə gözlədiyini, bəziləri isə sistemdəki səhvlər səbəbindən bilet ala bilmədiyini bildirib.

FİFA açıqlayıb ki, bütün biletlər hələ satışa çıxarılmayıb və 11 iyun – 19 iyul tarixləri arasında keçiriləcək 104 oyun üçün biletlər mərhələli şəkildə satışa təqdim olunacaq.

Digər tərəfdən, hər bir iştirakçı ölkənin milli federasiyası ən sadiq azarkeşlər üçün təxminən 400-700 ədəd olmaqla, 60 dollarlıq daha ucuz bilet kvotası ayıracaq.

Lakin bu biletlərin sayının məhdud olması azarkeş qruplarının tənqidinə səbəb olmaqda davam edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.