
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Birgə məlumata görə, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib.
"1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - deyə birgə məlumatda qeyd olunub.
***
Ağdamın Çəmənli kəndində mina partlayıb.
Ölkə.az xəbər verir ki, kənd sakini Məlik Qədir oğlu Məmmədovun idarə etdiyi traktor sahədə soğan səpərkən minaya düşüb.
O, yaralı halda xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.

































