Day, Month 00, Year
00: 00: 00 AM
ASAP tərəfindən Xocalı soyqırımının ölkə xaricində tanıdılması istiqamətində tədbirlər keçirilib - FOTO

Azərbaycanlı Tələbə və Məzunlar Platforması tərəfindən Xocalı soyqırımının ölkə xaricində tanıdılması istiqamətində silsilə tədbirlər keçirilib.
Xocalı faciəsinə həsr olunan tədbirlər çərçivəsində Azərbaycanlı Tələbə və Məzunlar Birliyinə (ASAP) üzv olan gənclərin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv və tərəfdaş olan gənclər təşkilatlarının nümayəndələrinin, Azərbaycanda təhsil alan və Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan İctimai Birliyinə (ESN Azerbaijan) üzv olan əcnəbi tələbələrin iştirakı ilə fevralın 24-də ADA Universitetində “Xocalı Soyqırımı beynəlxalq ictimaiyyətin gözü ilə” konfransı keçirilib.
Soyqırımı ilə bağlı həqiqətlərin, erməni təcavüzkarları tərəfindən törədilən zorakılıq və vəhşiliklər barədə xarici ölkə gənclərinin məlumatlandırılması, faciə barədə faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və təbliği məqsədi ilə təşkil olunan konfransda ASAP-ın xarici ölkələrdəki fəal nümayəndələri iştirak edərək, bu vaxtadək görülən işlər barədə məlumat verib, soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən layiq olduğu hüquqi-siyasi qiyməti alması üçün gərəkli olan fəaliyyət istiqamətləri barədə fikirlərini açıqlayıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək məqsədilə, ASAP-ın xarici ölkələrdəki nümayəndələri tərəfindən 23-26 fevral tarixlərində Türkiyə və Amerika Birləşmiş Ştatlarında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş aksiyalar təşkil olunub, yerli əhali Ermənistan ordusunun Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı barədə məlumatlandırılıb, beynəlxalq ictimaiyyətə Xocalı faciəsini soyqırımı aktı kimi tanıması çağırışları edilib.
Qeyd edək ki, ASAP nümayəndəsi və ASAP Türkiyə icmasının üzvləri fevralın 25-də Ümraniyyə bələdiyyəsində Xocalı hadisələrinə həsr edilmiş sərgidə tərəfdaş kimi iştirak edib, soyqırımının ildönümü ilə bağlı digər bir tədbir isə həmin tarixdə Mərmərə Universitetində baş tutub. Təşkilat üzvləri hər iki tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya birliyinin diqqətinə çatdırılması yolları barədə danışıb, bu məsələdə Azərbaycan və Türkiyə gəncliyinin birgə fəaliyyətinin daha da artırılması vacibliyini vurğulayıblar.
Qardaş ölkənin Yalova Universitetində təşkil olunan tədbirdə isə ASAP gəncləri ali təhsil ocağının müəllim və tələbələri qarşısında Xocalı soyqırımı ilə bağlı təqdimatla çıxış edib, faciənin ağrı-acısını özündə əks etdirən şəkillər nümayiş olunub, xarici tələbələrə məlumatlandırıcı bukletlər paylanılıb.
ABŞ-ın Vaşinqton ştatında azərbaycanlı gənclərin təşəbbüsü ilə baş tutan aksiyada Xocalı qurbanlarına ədalət tələb olunub, yerli sakinlərə Xocalı soyqırımı ilə bağlı məlumatları özündə əks etdirən bukletlər paylanılıb.
Beynəlxalq birliyin diqqətini çəkmək niyyəti daşıyan aksiya və tədbirlər zamanı xaricdə yaşayan həmvətənlərimiz, xüsusilə gənclərin yaşadıqları və təhsil aldıqları ölkələrdə ildən-ilə daha yaxşı təşkilatlanması, xalqımıza qarşı düşmənçilik aparan qüvvələrin qarşısının alınmasında ardıcıl və sistemli mübarizənin aparılması yaxın gələcəkdə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin daha geniş kütlələrə çatdırılacağına inam yaradır.











Tarix: 27-02-2022, 13:33 Oxunub: 109


Bölməyə aid digər xəbərlər