18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Əminə Ağazadə Sahibkartv.Az-ın suallarını cavablandırıb.
Deputatla müsahibəni təqdim edirik:
- Bir neçə gündür ki, Müdafiə Nazirliyində həbslərin olduğuna dair informasiyalar yayılır. Parlamentin profil komitəsinin üzvü kimi baş verənlər haqqında nələri deyə bilərsiniz?
- İlk növbədə onu qeyd edim ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin tərkib hissəsidir. Bu proses sistemli şəkildə davam etdiriləcək və heç bir dövlət qurumu bu proseslərdən kənarda qala bilməz. Hamımıza məlumdur ki, xalqımızda, ümumilikdə cəmiyyətimizdə Vətən müharibəsindən sonra hərbi xidmət, ordu, hərbçi obrazı müsbət qəbul edilməkdədir. Lakin eyni zamanda, Müdafiə Nazirliyi də dövlətin bir qurumudur ki, hər hansı neqativ siqnal yerindəcə təhlil edilməli və qanuna müvafiq formada öz qiymətini almalıdır.
Bildiyimiz kimi, Azərbaycan ordusunda islahatlar gedir və bu proseslər davamlı olacaq. Biz islahat dedikdə yalnız yeni hərbi şəhərciklər, yeni hərbi hissələr və ya infrastruktur layihələrini nəzərdə tutmamalıyıq. Azərbaycan Silahlı Qüvvələri daha müasir ordu modelinə keçir. Bununla bağlı bütün sahələrdə yenilənmə, sistem dəyişiklikləri baş verir. Müdafiə Nazirliyində korrupsiya faktlarının ortaya çıxarılmasını, həbslərin olmasını, bu istiqamətdə qətiyyətli addımların atılmasını ordudakı islahatların bir hissəsi hesab edirəm.
- Korrupsiyaya qarşı mübarizə sahəsində Milli Fəaliyyət Planının hazırlanması üzərində işlər gedirmi?
- “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətini xüsusi olaraq qeyd etmək istəyirəm. Onu da qeyd edim ki, Milli Məclisin də təklifləri var. Həmin təkliflər hazırlanaraq Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilib.
Həmin planda korrupsiyaya qarşı aparılan sistemli, institusional mübarizənin təkmilləşdirilməsini təmin edəcək tədbirlər nəzərdə tutulur. Ölkə həyatının müxtəlif sahələrində aşkar edilən korrupsiya faktları ilə əlaqədar cinayət işləri istintaq olunur, həbslər aparılır. Korrupsiyaya qarşı mübarizə sahəsində cənab Prezident İlham Əliyevin siyasi kursuna uyğun olaraq məqsədyönlü işlər görülür və bundan sonra da bu sahədə ciddi tədbirlərin görülməsi təmin ediləcək.
- Deputat kimi cəmiyyətin parlamentə olan münasibəti sizi qane edirmi?
- Təəssüflə qeyd etməliyəm ki, bu sahədə kifayət qədər problemlər qalmaqdadır. İlk növbədə onu qeyd edim ki, “Deputatın statusu haqqında” qanunun olmasına baxmayaraq, cəmiyyətimizin bir hissəsində hələ də deputatın vəzifə və səlahiyyətləri haqqında yetərincə məlumat yoxdur. Bu hal qanunverici orqanın nümayəndəsinə, onun səlahiyyət və vəzifələrinə düzgün yanaşmanın formalaşmasına imkan vermir.
Deputatın qanunla nəzərdə tutulmuş vəzifələrində onun qanunvericilik fəaliyyəti, seçildiyi regionun təmsilçiliyi, ölkə parlamentini beynəlxalq səviyyədə təmsil etməsi və s. qeyd olunur. Deputatın təmsil etdiyi regionun vacib problemləri haqqında dövlətin icra qurumları qarşısında məsələ qaldırmaq səlahiyyəti həmin məsələlərin həllində cavabdeh olması anlamına gəlməməlidir.
Deputat seçicinin təmsilçisidir, mərkəzi və yerli icra orqanlarının vəzifələrinin icraçısı deyil. Deputatın vəzifəsi seçildiyi dairənin maddi-məişət problemlərinin həlli, abadlıq-quruculuq işləri olmamalıdır. Deputat mövcud problemlərin diqqətə çatdırılmasına mükəlləfdir. Lakin bir çox hallarda vətəndaşlarda bununla bağlı məlumatın yetərincə olmaması, bəzi sosial şəbəkələrin bundan sui-istifadə etməyə çalışması cəmiyyətdə deputat və vətəndaş arasında düzgün münasibətlərin qurulmasına mane olur.
Hər bir məmurun və deputatın özünün qanunla çərçivələnmiş fəaliyyət imkanları vardır. Əksəriyyət halda sıravi seçici deputata müraciət edərkən onun gözləntiləri ilə reallıq üst-üstə düşmür. Deputatdan maddi dəstək gözləyən, öz məişət məsələlərinin həllinə çalışan seçiciyə izah edilməlidir ki, deputat bu problemlərin həlli üçün seçilməyib. Hesab edirəm ki, bununla bağlı maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac var. Bu istiqamətdə medianın, kütləvi informasiya vasitələrinin rolu xüsusilə vacibdir. İnsanlara deputatın vəzifə və səlahiyyətləri haqqında sadə dillə, hər kəsin anlayacağı formada məlumatın çatdırılması gələcəkdə deputat-seçici münasibətlərinin, ümumilikdə, vətəndaş cəmiyyətinin formalaşmasında özünün müsbət təsirini göstərə bilər.
- Seçici problemləri ilə əlaqədar müraciət etdiyiniz məmurlar sizə adekvat cavablar verirmi?
- Biz deputatlar təmsil etdiyimiz regionların ən vacib problemləri haqqında dövlətin icra orqanları qarşısında mütəmadi olaraq məsələlər qaldırırıq. Bunun üçün qanunla nəzərdə tutulmuş səlahiyyətlərimizdən, Milli Məclisin tribunasından, medianın imkanlarından aktiv istifadə etməyə çalışırıq. Deputat olaraq tez-tez nazirliklərdə, komitələrdə görüşlərimiz olur. Elə icra orqanları var ki, məsələlərə çevik reaksiya verir, müraciətlərin qısa zamanda həlli istiqamətində konkret tədbirlər görür. Lakin bəzi qurumlar da var ki, edilən müraciətlərə səthi yanaşır, ümumi cümlələrlə, məsələnin həllinə yönəlik olmayan istiqamətdə cavablar ünvanlayır.
Bir çox hallarda sadə vətəndaşın hər hansı nazirlik və ya komitə qarşısında məsələ qaldırmaq imkanı olmur. Deputat seçicilərlə dövlətin qurumları arasında əlaqələndirici olaraq bir növ körpü rolunda çıxış edir. Seçicilərlə görüşlərdə bizə ünvanlanan müraciətlərə qısa bir müddətdə adekvat cavab verdiyimiz kimi, eyni zamanda müvafiq dövlət qurumlarının da qaldırdığımız məsələlərə çevik reaksiya verilməsini gözləyirik. Bu mexanizm düzgün işləmədikdə, dövlət qurumları müraciətlərimizə vaxtında və dolğun şəkildə cavab vermədikdə deputatın seçicilərlə əlaqəli fəaliyyətində də problemlər yaranır. Hesab edirəm ki, bu sahədə son illər müəyyən müsbət dəyişikliklər müşahidə olunsa da, bizləri qane edəcək vəziyyət haqqında danışmaq hələ tezdir.
- İcra başçısı vəzifəsinin ləğvi haqqında müzakirələr açılır, hərçənd ki, bunun ləğvi Konstitusiya dəyişikliyindən keçir. Siz icra başçısı sisteminin ləğvinin tərəfdarısınız?
- Rayon, şəhər icra hakimiyyətləri təsisatı Azərbaycan Konstitusiyası ilə nəzərdə tutulub və buna uyğun olaraq fəaliyyət göstərir. Qanuna hər hansı dəyişiklik qanunverici orqanda müzakirə edilir və buna uyğun olaraq da müvafiq hüquqi addımlar atılır. Mən hesab edirəm ki, bu gün bizə bölgələrdə operativ, işlək, məsuliyyətli qurumlar lazımdır. Eyni zamanda, biz islahatlar barədə də düşünməliyik. Mütərəqqi, yeni çağırışlara cavab verə bilən idarəçilik sistemləri zaman-zaman müxtəlif cəmiyyətlərdə nəzərdən keçirilə bilir və biz də bu proseslərdən kənarda qalmamalıyıq.
Əsas məqam odur ki, operativ, adekvat, həssas, vətəndaşların problemlərinə diqqət və həssaslıqla yanaşan, problemin həllinə yönəlmiş işlək mexanizmlərə malik bir struktur olsun, bu işləri uğurla həyata keçirsin. Hesab edirəm ki, hamımızın istəyi də bundan ibarətdir.
Bölməyə aid digər xəbərlər