Day, Month 00, Year
00: 00: 00 AM
Ermənilər Zəngəzurda ABŞ demokratiyasını rəzil etdi: Səfir alban məbədində faşist Njdeyə “qonaq oldu”


ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Ermənistan missiyasının direktoru Con Alelo Zəngəzur bölgəsinə səfər edib.
Bu barədə Ermənistan mətbuatı yazıb.
8 avqust səfərinin təşkil olunduğu ərazi isə böyük maraq doğurub. Amerikalılar Ermənistan ərazisindəki tarixi alban məbədi – Tatev ərazisini ziyarət ediblər.
Zəngəzurun Şurnuxu kəndinə cəmi 14 kilometr məsafədə olan bu məbədə ziyarətin nə dərəcədə önəm kəsb etdiyini söyləmək çətindir, lakin ermənilər bu ziyarətin də arxasında dayanan qaranlıq məqamı elə özləri açıqlayıblar.
Belə ki, Tatev məbədinin real tarixinin ermənilərlə heç bir əlaqəsi olmasa da, Ermənistanda hər kəs bu tarixi abidəni faşist Qaregin Njdenin adı ilə bağlayır. Ermənilər arasında Tatev məbədi həm də “Qaregin Njdenin evi” kimi tanınır.
Belə çıxır ki, dünya arenasında faşizm üzərində qələbənin bayraqdarı olmaq məsələsində Rusiya ilə mübarizəyə çıxan və hər zaman özünü ön plana atmağa çalışan, demokratiya naminə bütün dünyada sanksiya silahını işə salan Amerika Birləşmiş Ştatlarının səfiri hansısa faşizm tərəfdarının evini ziyarət edib. Bəli, bu fikri erməni sosial şəbəkə istifadəçiləri fəxrlə və böyük canfəşanlıqla tirajlayırlar.
Ermənilərin fikrincə ABŞ bununla erməni xalqına dəstək çıxır. Bu amil isə yenidən Rusiyaya qarşı fikirlər səsləndirməyə əsas yaradır. Çünki Rusiya faşist Qaregin Njdenin qəhrəmanlaşdırılmasına qarşı mövqeyini qətiyyətlə ifadə edib. Bu isə ermənilərə heç də sərf etmir.
İstənilən halda ABŞ səfiri bilərəkdən və ya bilməyərəkdən erməni təbliğat maşını üçün əla alətə çevrilib. Ermənilər ABŞ səfirini faşist “Qaregin Njdenin evinə” qonaq aparmaqla əslində bütün dünyaya rüsvay ediblər.
ABŞ səfirinin burada günahsız olduğunu da düşünmək yersizdir. Çünki ölkəsini xarici ölkədə təmsil edən bir diplomatın haraya səfər etdiyini araşdırmayacaq qədər “təcrübəsiz” olduğunu düşünmək ən azı sadəlövhlük olardı. Bir anlıq səfirin ziyarət etdiyi yerin Amerikada qətlə yetirilmiş minlərlə hindu (Amerikanın yerli sakinləri) üçün anım kompleksi olduğunu düşünün, o zaman da Linn Treysi və onu müşayiət edənlər kor-koranə bu səfərə çıxardımı? Bu sualın cavabı yəqin ki, hər birimizə aydındır. Dünya böyük dövlətlərin özlərinə sərf etməyən məsələlərdə lal, kar, kor olduğuna dəfələrlə şahid olub.
Odur ki, ABŞ səfiri hara getdiyini və hansı oyuna alət olduğunu yaxşı bilib. Həm də bunun indiki məqamda elə də böyük önəmi yoxdur, hər halda demokratiyanın havadarı ABŞ-ın Ermənistandakı səfiri artıq bir “faşistin evini” ziyarət edən diplomatdan artıq birisi deyil.
Məsələnin arxasında hansı qaranlıq məqamlar və maraqlar dayanır dayansın, fakt öz aliliyini qoruyub saxlayır. ABŞ ötən gün erməni təbliğat maşınının növbəti faşizm piarına ortaq olub, çünki ABŞ səfiri Qaregin Njdeyə “qonaq olub”.
Hər halda ABŞ kimi dövlətlər üçün bu cür rüsvayçılıqları ört-basdır etmək çox da çətin deyil. Lakin yenə də bu rüsvayçı ləkə bütün ABŞ demokratiyasına, insan hüquqlarının müdafiəsi adı altında Ermənistana, erməni terrorçulara dəstək verən konqresmenlərə, senatorlara ağır zərbə kimi tarixin bir səhifəsində mütləq qalacaq...
Qeyd edək ki, Tatev məbədi – Qərbi Azərbaycanın Zəngəzur mahalının Gorus rayonunda, Tatev kəndi yaxınlığında yerləşən alban məbədidir. Məbədin adı türk dilində olmaqla “tat” və “ev” sözlərindən ibarətdir. Tat sözü Azərbaycanda qədim dövrlərdən yaşayan türklərə (həmçinin Sasanilərin hakimiyyəti dövründə Azərbaycana köçürülmüş irandilli azsaylı əhaliyə) aid edilməklə yanaşı, “tat ev” ifadəsi “böyük ev” anlamında da işlədilmişdir.



Tarix: 9-08-2021, 10:59 Oxunub: 127


Bölməyə aid digər xəbərlər