Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir

Baxış: 99
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir


Rusiyada yanacaq böhranı fonunda ölkə tarixində ilk dəfə Türkiyədən benzin idxal etməyə başlayıb. İllər boyu Türkiyəni xam neft və neft məhsulları ilə təmin edən Moskva indi daxili tələbatı ödəmək üçün xaricdən yanacaq almağa məcbur olur.

Bu barədə “Kommersant” məlumat yayıb.

Nəşrin məlumatına görə, 50 min tona qədər Türkiyə benzini daşıyan ilk tanker avqustun sonunadək Rusiyanın Baltik limanlarından birinə çatmalıdır. Yanacaq Türkiyənin Mersin limanında yüklənib və Aİ, Böyük Britaniya və İsveçrənin sanksiya siyahısında olan “Wendrix” tankeri ilə daşınır.

Bu, iyuldan bəri Rusiyanın xaricdən aldığı beşinci benzin partiyasıdır. Avqustun əvvəlində Hindistandan göndərilən ilk benzin tankeri Murmanskda boşaldılıb. Həmin yanacaq “Rosneft”in 50 faiz pay sahibi olduğu Hindistandakı Vadinar neft emalı zavodundan göndərilib.

Rusiya həmçinin Mərakeşdən benzin alıb. Lakin bu yanacağın əsl mənşəyi məlum deyil: ölkənin yeganə neft emalı zavodu hələ 2015-ci ildə fəaliyyətini dayandırıb.

Reuters-in daha əvvəl yaydığı məlumata görə, Rusiya avqustda xaricdən yanacaq idxalını 270 min tona çatdırmağı planlaşdırır. Bunun təxminən üçdəbirinin Hindistandan gələcəyi gözlənilir. Digər partiyaların bir hissəsi isə Cənubi Koreya və Malayziya sahillərində tankerdən tankerə ötürülən neft məhsullarından ibarətdir.

NEFT Research şirkətinin xarici kommunikasiyalar üzrə direktoru Dmitri Prokofyevin hesablamasına görə, Rusiyada daxili benzin istehsalı hazırda tələbatın cəmi 65–75 faizini ödəyir.

“Kommersant”ın mənbələri bildirirlər ki, sentyabrda da problemi yalnız daxili istehsal hesabına aradan qaldırmaq mümkün olmayacaq. Hətta optimist ssenaridə benzin istehsalının cəmi 10–15 faiz artacağı gözlənilir.

Beləliklə, dünyanın ən böyük neft istehsalçılarından və ixracatçılarından biri olan Rusiya yanacaq çatışmazlığını aradan qaldırmaq üçün Hindistan və Mərakeşdən sonra Türkiyə bazarına da üz tutub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.