
“Bakıdakı əsirlər və digər saxlanılanlarla bağlı məsələ bizim gündəlik işimizin tərkib hissəsidir. Məhz bu gündəlik iş sayəsində indiyədək 200-dən çox məhbus öz vətəninə qayıdıb. Bu iş heç vaxt dayanmır”. Ermənistan parlamentinin yeni seçilmiş sədri Ruben Rubinyan bunu yerli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, keçmişdə geri qaytarılma prosesində heç bir nəzərəçarpacaq irəliləyiş olmadığı dövrlər olub, lakin danışıqlar davam edib. “Heç bir irəliləyişin olmadığı aylar olub. Hökumətin guya heç nə edə bilmədiyi müzakirə olunduğu vaxtlarda, birdən başqa bir məhbus qayıdıb. Bunun mümkün qədər tez baş verməsi üçün hər şeyi edəcəyik. Təbii ki, əvvəlki kimi parlament səviyyəsində işləməyə davam edəcəyik”, - spiker əlavə edib.
Diqqət edin, Rubinyan Bakıda layiqli həbs cəzaları alan cinayətkar soydaşlarını “əsir” adlandırır. Radikal-revanşist müxalifətin bu mövzuda ritorikası məlum, Bakı və İrəvan arasındakı sülh prosesinin məntiqi ilə uzlaşmayan, eyni zamanda, suverenliyimizə həqarət xarakterli bu qəbil ifadələr vaxtaşırı Ermənistanın digər rəsmi şəxsləri tərəfindən də səslənir. Parlamentin spikeri isə konstitusiyaya görə, ölkənin 3-cü şəxsi sayılır.
Bəs belə qələtlər daha nə qədər davam edəcək? Səbəb nədir? Ermənistan hakimiyyəti də caniləri “əsir” adlandırırsa, deməli, onlara verilən layiqli cəzaları ədalətli saymır və dolaysıyla Qarabağı Azərbaycan ərazisi hesab etmir?..
Professor Qabil Hüseynli hesab edir ki, Rubinyan daxili auditoriyaya hesablanmış çıxış edib. Onun fikrincə, spiker jurnalistin sualını cavablandırmağa məcbur idi, amma həbsdəki terrorçuları "əsir" adlandırması ədalətsizlikdir. "Hazırda həbsdə cəzasını çəkən hərbi canilər Azərbaycan ərazisində qondarma dövlət qurmaq üçün uzun illər silahlanıblar, xunta rejimi yaradıblar. Eyni qanunsuz hərəkətlərə Ermənistan ərazisində yol verilsəydi, görəsən necə rəftar edərdilər? Məncə, onların hamısını öldürərdilər. Amma Azərbaycanda ölüm hökmü ləğv edilib deyə bəziləri ömürlük, bəziləri 20 illik həbs cəzasına məhkum olunub. Bu da onlara verilən layiqli hökmdür. Çünki Azərbaycan ərazisində separatizm, terrorizmlə məşğul olublar və bu cinayətlərə yol verənləri dünyanın hər yerində cəzalandırırlar. Azərbaycan da beynəlxalq hüquqa uyğun addım atıb. Ona görə də Rubinyanın onları "əsir" adlandırması həm absurddur, həm sülh prosesinə kölgə salmaqdır. Sadəcə, daxili auditoriya üçün belə danışmağa üstünlük verib",- deyə professor şərh edib.
Qabil Hüseynlinin sözlərinə görə, Rubinyan siftəsini korlayıb: "Bu canilər başqa dövlətin ərazisində saxlanıb Azərbaycana gətirilməyiblər. Onlar bizim torpaqlarımızda keçirilən antiterror əməliyyatı nəticəsində tutulublar. Rubinyan niyə demir ki, Ermənistan Qarabağın Azərbaycana aid olduğunu təsdiqlədiyi halda, bu cinayətkarlar ərazilərimizdə nə gəzirdilər? Yaxşı, deyək ki, onların əksəriyyəti Qarabağın dağlıq ərazilərində doğulub, bəs niyə silahlanıb bizə meydan oxuyurdular? Bu bir etnik separatçı və terrorçu rejim idi, 30 ildən çox ərazilərimizdə himayə olunurdu. Eyni zamanda, erməni silahlı qüvvələri torpaqlarımıza yerləşmişdi. Yəni nə qədər həyasız olasan ki, bu həqiqətləri bilə-bilə onlara "əsir" deyəsən. Bütün hallarda, bu mövqe qəbulolunmazdır və Azərbaycan parlamenti erməni spikerin tutduğu mövqeyə etiraz etməlidir. Çünki söhbət Ermənistanın üçüncü şəxsinin çıxışından gedir. Bununla yanaşı, Rubinyanın sözlərinin sülh prosesinə zərər vuracağını gözləmirəm".







































