Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Heç bir razılaşma yoxdur - Paşinyanın bu cümləsi onu ifşa etdi

Baxış: 45
Heç bir razılaşma yoxdur - Paşinyanın bu cümləsi onu ifşa etdi


Erməni baş nazirinin hansısa məxfi razılaşmaların əldə edilməsi barədə açıqlaması  praktikada yalnız bir şey ifadə edir:  Rusiya tərəfi bütün əsas məqamlar üzrə qəti və barışmaz rədd cavabı verib"

"Baş nazir Nikol Paşinyanın rusiyalı həmkarı Mixail Mişustinlə Yekaterinburq danışıqlarını əhatə etməyə çalışdığı "gizlilik pərdəsi" baş verənləri istənilən rəsmi mətbuat açıqlamasından daha aydın şəkildə ortaya qoyur. Ermənistan baş nazirinin hansısa məxfi razılaşmaların əldə edilməsi barədə verdiyi açıqlama, təfərrüatları həyata keçirilməyənə qədər açıqlana bilməz, praktikada yalnız bir şey ifadə edir: Ermənistan tərəfi bütün əsas məqamlar üzrə qəti və barışmaz rədd cavabı alıb". Musavat.com xəbər verir ki, bu barədə Rusiya ermənilərinin rəsmi saytı yazır.
Erməni mediası yazır ki, görüşdən sonra konkret nəticələrin açıqlanmaması tərəflər arasında əsas məsələlər üzrə ciddi fikir ayrılıqlarının davam etdiyini göstərir. Son günlər Rusiya rəsmilərinin verdiyi bəyanatlar da Kremlin Ermənistanın xarici siyasət kursu ilə bağlı mövqeyinin dəyişmədiyini nümayiş etdirir.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin son açıqlamalarında Moskvanın İrəvandan gözləntiləri açıq şəkildə ifadə olunub. Kreml hesab edir ki, iqtisadi əməkdaşlığın əvvəlki səviyyəyə qayıtması üçün Ermənistan ilk növbədə Avropa İttifaqına inteqrasiya istiqamətində qəbul etdiyi siyasi qərarlara yenidən baxmalıdır. Bundan başqa, Rusiyada TRIPP layihəsi ilə bağlı da narahatlıqlar səsləndirilir və Moskva bu istiqamətdə dəyişikliklər gözlədiyini gizlətmir. Digər mühüm məsələ isə Rusiya şirkətlərinin Ermənistanda fəaliyyət göstərməsi üçün daha sabit və təhlükəsiz biznes mühitinin yaradılmasıdır. Kreml dəfələrlə bəyan edib ki, geosiyasi baxımdan Rusiyadan uzaqlaşmağa çalışan ölkəyə əvvəlki iqtisadi güzəştlərin davam etdirilməsi mümkün deyil. Ermənistan iqtisadiyyatının mühüm hissəsi uzun illər Rusiya bazarı ilə sıx bağlı olub. Kənd təsərrüfatı məhsullarının ixracı, logistika, əmək miqrasiyası və Avrasiya İqtisadi İttifaqı çərçivəsində mövcud olan imkanlar ölkə iqtisadiyyatında mühüm rol oynayır.

Ekspertlər hesab edirlər ki, Moskva ilə münasibətlərdə gərginliyin uzanması Ermənistan ixracatçıları üçün əlavə problemlər yarada bilər. Xüsusilə kənd təsərrüfatı sektoru bu prosesdən daha çox təsirlənə bilər. Avropa bazarlarına çıxış isə qısa müddətdə mümkün görünmür. Çünki Avropa İttifaqında məhsullar üçün ciddi texniki standartlar, sertifikatlaşdırma prosedurları və kvota mexanizmləri mövcuddur. Paşinyanın yerli sahibkarları yeni bazarlar axtarmağa çağırması da məhz mövcud risklərin hökumət tərəfindən etirafı kimi qiymətləndirilir. Lakin alternativ bazarların formalaşdırılması uzunmüddətli investisiya, logistika və istehsal islahatları tələb edir.

Erməni mediası yazır ki, Rusiya-Ermənistan münasibətlərinə yalnız xarici siyasət deyil, İrəvandakı daxili proseslər də təsir göstərir. Son dövrdə müxalifət nümayəndələrinə qarşı həyata keçirilən hüquqi tədbirlər, o cümlədən tanınmış iş adamı Qaqik Tsarukyan ətrafında baş verən hadisələr Moskvanın diqqət mərkəzindədir.Bəzi siyasi analitiklər hesab edirlər ki, bu proseslər iki ölkə arasında onsuz da mürəkkəb olan münasibətləri daha da çətinləşdirə bilər. Kreml üçün Ermənistanın daxili sabitliyi və Rusiyanın regiondakı maraqlarının qorunması strateji əhəmiyyət daşıyır.

Yekaterinburq görüşü göstərdi ki, Moskva İrəvana münasibətdə əvvəlki mövqeyini dəyişməyə tələsmir. Rusiya iqtisadi əməkdaşlığı Ermənistanın geosiyasi seçimləri ilə birbaşa əlaqələndirir və bu məsələdə kompromisə hazır olduğu görüntüsünü vermir. "Belə şəraitdə Paşinyan hökuməti həm daxildə artan iqtisadi çətinliklərlə, həm də xarici siyasətdə mürəkkəb seçimlərlə üz-üzə qalır. Yaxın aylarda Moskva-İrəvan münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi balansı baxımından da mühüm əhəmiyyət daşıyacaq" deyə, xəbərdə bildirilir. musavat.com 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.