
NATO-nun Türkiyənin paytaxtı Ankarada keçirilən 36-cı Zirvə görüşündə bütün üzv ölkələr bir lider və onun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunarkən, Çex Respublikası toplantıya iki liderlə qatılıb.
Çexiya Prezidenti Petr Pavel və Baş nazir Andrey Babiş iki ayrı dövlət təyyarəsi ilə Ankaraya səfər ediblər.
Buna səbəb isə onlar arasındakı fikir ayrılığı nəticəsində yaranan dərin siyasi böhrandır. A.Babiş NATO-nun sammitində ölkəni təmsil edəcəyini və Prezident Petr Pavelin Ankaraya getməyəcəyini açıqlamasından sonra dövlət başçısı məhkəməyə müraciət edərək özünün də nümayəndə heyətinin tərkibinə salınmasını istəyib. Məhkəmə P.Pavelin xeyirinə qərar çıxarıb.
Zirvə görüşündən əvvəl A.Babişin mövqeyinə açıq şəkildə etiraz edən P.Pavel, müttəfiq liderlərlə birbaşa əlaqə qurmağın və fikir mübadiləsi aparmağın onun konstitusiya məsuliyyəti olduğunu açıqlayıb. Bununla da Çexiya Ankara zirvə görüşündə iki fərqli liderin təmsil etdiyi yeganə NATO ölkəsi olub.
Prezident və Baş nazir arasındakı şəxsi gərginlik, liderlərin kameralar qarşısında dayandıqları ənənəvi NATO ailə fotosunda aydın şəkildə görünüb. Pavel və Babiş fotosessiya zamanı yan-yana dayanmaqdan çəkinərək tamamilə əks tərəflərdə yer alıblar.
Nəticədə NATO Hərbi Komitəsinin sədri kimi keçmiş roluna görə ittifaq dairələrində populyar və nüfuzlu bir şəxs olan P.Pavel, öz ölkəsinin Baş naziri ilə bu təmsilçilik böhranı ilə qarşılaşıb və bu, sammitin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.







































