
Bu, beynindəki nifrət hissi üzünə vurmuş qatili tanımayayanız yoxdur. Köçəryandır, Ermənistanın ikinci prezidenti Robert Sedrakoviç.
Onun qolundan yapışanlar isə Ermənistanın hüquq-mühafizə orqanlarının zabitləridir. Onlar bu adama deyirlər: “Ermənistanı tərk edə bilməzsiniz, vətəndaş Robert Köçəryan”.
Hadisə Zvartnots aeroportunda baş verib və Köçəryan evinə qaytarılıb.
Əslində isə belə bir hadisə hansısa başqa bir aeroportda baş verməlidir və onun qolundan yapışanlar Azərbaycanın hüquq-mühafizə orqanlarının zabitləri olmalıdır.
Onlar Köçəryana deməlidirlər: “Bizimlə getməli olacaqsınız, cənab Köçəryan”.
Belə bir duruma düşərsə, Köçəryan “niyə, nə üçün, günahım nədir, məni nədə ittiham edərsiniz” sualları qoymaz, vəkillərini tələb edər. O, özünə qarşı irəli sürülə biləcək ittihamların tam mündəricatından xəbərdardır.
Belə bir variant fantastik görünə bilər, amma mümkündür. Analoqu var.
2001-ci ilin 28 iyununda Serbiyanın baş naziri Zoran Cinciç Yuqoslaviya xalqlarına qarşı genosid törətməkdə ittiham olunan eks-prezident Slabodan Miloşeviçi məhz bu şəkildə Haaqa tribunalına təhvil verib. Prezident Voislav Koştunitsanın və ictimaiyyətin bir hissəsinin müqavimətinə baxmayaraq bu iş baş tutub.
Paşinyan öz xalqının qəzəbinə gəlməkdən qorxmasa, o da belə edər, çünki baş nazirin eks-prezidentdən zəndeyi-zəhləsi gedir.
Ancaq məsələ ondadır ki, Haaqa tribunalı və ya hər hansı başqa ölkə Köçəryanı hərbi və antibəşəri cinayətlərdə ittiham etmir. Onu ittiham edən yalnız Azərbaycandır. Miloşeviçdən fərqli olaraq, Köçəryan qüdrətli ölkələrin qara siyahısında deyil, hətta o dövlətlər onun müdafiəçiləridir. Rusiya Köçəryana qarşı hansısa ittiham irəli sürərmi? Əsla. Fransa onun Haaqa tribunalına verilməsinə razı olarmı? Qətiyyən. Eləcə də Niderland, Belçika və digər Avropa ölkələri.
Bu və onun suç ortaqları tərəfindən xalqımıza qarşı törədilən cinayətlər cəzasız qalmaqda davam edir.
Bu şəkildə isə Sedrakoviç poqonlu həmvətənlərinin onun qolundan yapışmasından rəncidədir, içindəki nifrət üzünə çıxıb, ürəyində düşünür ki, əlimə yenidən hakimiyyət keçsə, üçünüzün də meyitiniz təcridxana hücrəsində “intihar etmiş” vəziyyətdə tapılacaq.
O, hələ də nə yolla olur-olsun, hakimiyyətə qayıdacağını fikirləşir. Bakıda təcridxanada hökm gözləməli olan adam İrəvanın baş sarayında oturub hökm vermək niyyətdindədir.










































