
"The New York Post" (NYP) nəşrinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronu rəsmi Parisin Amerika texnologiya nəhənglərinə tətbiq etdiyi rəqəmsal xidmət vergisini ləğv etməyəcəyi təqdirdə, ölkəsinin Vaşinqtonla genişmiqyaslı ticarət müharibəsi riski ilə üz-üzə qalacağı barədə xəbərdar edib.
Nəşrə verdiyi eksklüziv müsahibəsində Tramp, Fransa Prezidenti Emmanuel Makronu şəxsən xəbərdar etdiyini və "Google", "Amazon", "Meta" və "Apple" kimi nəhəng Amerika şirkətlərinin gəlirlərindən tutulan 3 faizlik verginin saxlanılmasının ABŞ tərəfindən çox sərt cavab tədbirləri ilə nəticələnəcəyini bildirib. Ağ Ev rəhbəri bəyan edib ki, o, Makrondan Amerika şirkətlərini vergiyə cəlb etməməyi xahiş edib və əgər Fransa tərəfi bu addımı atmaqda davam edərsə, rəsmi Vaşinqtonun Fransadan idxal olunan bütün şampan və şərab məhsullarına dərhal 100 faizlik gömrük rüsumu tətbiq etməkdən başqa çıxış yolu qalmayacaq.
ABŞ prezidenti yaranmış gərginliyin aradan qaldırılmasının yeganə yolunu da göstərib və əlavə edib ki, Makronun bu iqtisadi təzyiqdən yayınması üçün sadəcə olaraq sözügedən rəqəmsal vergini tamamilə ləğv etməsi kifayətdir. Ekspertlər Trampın bu kəskin iqtisadi hədələrinin ABŞ ilə Avropa İttifaqı arasında onsuz da gərgin olan iqtisadi-ticari münasibətləri yenidən böhran həddinə çatdıra biləcəyini proqnozlaşdırırlar.










































