
ABŞ-da nüvə və kosmik proqramlarla əlaqəli alimlərin sirli ölüm və yoxa çıxma hadisələri ətrafında yaranan qalmaqal daha da dərinləşib. Son günlər Amerika mediası NASA ilə bağlı çalışan daha bir mühəndisin müəmmalı şəkildə həyatını itirməsi barədə xəbərlər yayıb. Federal Təhqiqat Bürosu hadisə ilə bağlı xüsusi araşdırmaya başladığını təsdiqləyib.
Söhbət NASA-nın nüvə hərəkət sistemləri layihələrində çalışmış 29 yaşlı mühəndis Coşua LeBlankdan gedir. ABŞ mediasının yazdığına görə, o, ötən il Alabama ştatında müəmmalı şəkildə yoxa çıxmış, daha sonra isə yanan “Tesla” avtomobilində cəsədi tapılmışdı. Hadisə yenidən gündəmə gəlib, çünki FTB artıq 2022-ci ildən bəri nüvə, kosmik və müdafiə texnologiyaları ilə bağlı çalışan alimlərin ölüm və itkin düşmə işlərini bir dosyedə araşdırır.
Məlumatlara görə, LeBlank NASA-nın Mars missiyaları üçün nəzərdə tutulan nüvə hərəkət texnologiyaları üzərində işləyib. Onun ailəsi mühəndisin yoxa çıxdığı gün telefonunu və pul kisəsini evdə qoyduğunu, işə getmədiyini və davranışının qeyri-adi olduğunu bildirib. Daha sonra avtomobili yanmış vəziyyətdə tapılıb. FTB hadisənin təsadüfi qəza olub-olmadığını araşdırır.
ABŞ Konqresinin Nəzarət Komitəsi də artıq məsələ ilə bağlı rəsmi araşdırma başladıb. Komitənin rəhbərləri Ceyms Komer və Erik Börlison NASA, Energetika Nazirliyi və FBI-dan nüvə və raket texnologiyaları üzərində işləyən alimlərin müəmmalı ölümləri barədə məlumat tələb ediblər. Rəsmi məktubda qeyd olunur ki, əgər bu hadisələr arasında əlaqə varsa, bu, ABŞ milli təhlükəsizliyi üçün ciddi təhdid sayıla bilər.
ABŞ-da son illərdə azı 10-12 alim və mühəndis ya müəmmalı şəkildə ölüb, ya da itkin düşüb. Onların əksəriyyəti NASA, Los Alamos laboratoriyası, müdafiə sənayesi və ya nüvə proqramları ilə bağlı layihələrdə çalışıblar. Ölənlər arasında MIT professoru Nuno Loureiro, NASA laboratoriyalarında çalışmış Frank Maiwald və “anti-qravitasiya” texnologiyaları üzərində işləyən Amy Eskridge kimi şəxslərin də adı çəkilir. Bəzi Amerika siyasətçiləri və media qurumları artıq hadisələrin arxasında xarici kəşfiyyat fəaliyyəti və ya texnoloji casusluq ehtimalının araşdırıldığını yazır. Lakin FTB hələlik alimlərin ölüm və itkin düşmə hallarının bir-biri ilə əlaqəli olduğunu rəsmən təsdiqləməyib. Bununla belə, ABŞ-də sosial şəbəkələrdə və ekspert dairələrində narahatlıq artır. Xüsusilə nüvə və kosmik texnologiyalar sahəsində çalışan mütəxəssislərin ard-arda müəmmalı şəkildə həyatını itirməsi “Amerikanın gizli beyin savaşları” ilə bağlı yeni suallar doğurub.
Bu hadisələr İranın nüvə alimlərinə qarşı illərdir həyata keçirilən sui-qəsdlər fonunda baş verir. Ona görə də həm ABŞ, həm İran alimlərinin itkin düşmələri və öldürülmələri ilə bağlı müəyyən paralellər aparılır. Lakin hazırda bu hadisələri birbaşa bağlayan rəsmi və sübut edilmiş fakt yoxdur. Buna baxmayaraq, təhlükəsizlik və kəşfiyyat mütəxəssisləri bir neçə diqqətçəkən oxşarlığa diqqət çəkirlər.
2007–2020-ci illərdə İranın nüvə proqramı ilə əlaqəli ən azı 5 alim öldürülüb. Ən məşhur hadisə İranın aparıcı nüvə fiziklərindən olan Möhsün Fəxrizadənin 2020-ci ildə Tehranda öldürülməsidir. İran hakimiyyəti bu sui-qəsdlərdə dəfələrlə Mossad və bəzi Qərb kəşfiyyat strukturlarını ittiham edib. Bundan əvvəl də Məcid Şəhriyari, Mustafa Əhmədi Rövşən və digər alimlər avtomobillərə yerləşdirilmiş bombalar, uzaqdan idarə olunan hücumlar və peşəkar izləmə əməliyyatları ilə öldürülüblər.
Qərb mediası və təhlükəsizlik analitikləri bu əməliyyatların məqsədinin İranın nüvə proqramını ləngitmək və kritik elmi beyinləri sıradan çıxarmaq olduğunu yazırdı.
ABŞ-da nüvə, raket və kosmik texnologiyalar üzərində çalışan bəzi alimlərin müəmmalı şəraitdə ölməsi, qəfil yoxa çıxması, psixoloji təzyiq altında olduqlarını bildirmələri, bəzilərinin yüksək məxfi layihələrdə çalışması müxtəlif nəzəriyyələrin ortaya çıxmasına səbəb olub. Xüsusilə ABŞ Konqresində bəzi dairələrin “xarici texnoloji casusluq” ehtimalını gündəmə gətirməsi hadisələrin sıradan kriminal iş kimi görünmədiyini göstərir.
Analitiklərin qeyd etdiyi əsas paralellər belədir - hər iki ölkədə strateji texnologiyalar üzərində çalışan alimlərin hədəfə çevrilməsi; dövlət təhlükəsizliyi ilə bağlı layihələrdə iştirak; hadisələrin tam aydınlaşdırılmaması; kəşfiyyat və əks-kəşfiyyat ehtimallarının ortaya çıxması; informasiya müharibəsinin və dezinformasiyanın aktiv rolu. Amma mühüm fərqlər də var. Məsələn, İran alimlərinin öldürülməsi ilə bağlı açıq geosiyasi motiv mövcud idi.
İsrail-İran qarşıdurması fonunda hadisələr sistemli xarakter daşıyırdı. Bəzi hallarda beynəlxalq media və keçmiş rəsmilər dolayı təsdiqlər vermişdilər.
ABŞ-dakı son hadisələrdə isə rəsmi olaraq xarici dövlət izi təsdiqlənməyib. Bəzi ölümlər intihar və ya qəza kimi araşdırılır. Hadisələrin bir-biri ilə bağlılığı sübut edilməyib.
Buna görə də hazırda “ABŞ alimləri də İran alimləri kimi koordinasiyalı şəkildə hədəf alınır” demək üçün kifayət qədər sübut yoxdur.
Bununla belə, müasir dünyada nüvə, süni intellekt, kosmik sistemlər və kvant texnologiyaları uğrunda rəqabət artıq açıq hərbi qarşıdurmadan daha vacib hesab olunur. Bu səbəbdən böyük dövlətlərin elmi kadrlara münasibəti dəyişib. Bir çox təhlükəsizlik eksperti hesab edir ki, gələcəyin savaşları laboratoriyalarda, universitetlərdə, texnologiya şirkətlərində, məlumat bazalarında aparılır.
Bu baxımdan həm İran, həm də ABŞ-da baş verən hadisələr görünməyən texnoloji müharibənin əlamətləri kimi şərh olunur.musavat.com







































