Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Deputatdan təklif: Kənd təsərrüfatını inkişaf etdirmək üçün bu ixtisadlar prioritet seçilməlidir

Baxış: 90
Deputatdan təklif: Kənd təsərrüfatını inkişaf etdirmək üçün bu ixtisadlar prioritet seçilməlidir


Azərbaycanda aqronom və baytar ixtisasları yenidən prioritet peşələrə çevrilməlidir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əlibala Məhərrəmzadə deyib.
Deputat bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafının qarşısında duran əsas problemlərdən biri peşəkar kadr çatışmazlığıdır.
Onun sözlərinə görə, kənd təsərrüfatı üzrə kadr hazırlığı regionlarda kifayət qədər təşkil olunmayıb və bu sahəyə maraq getdikcə azalır.
“Bu gün aqronom və baytar kimi ixtisaslar artıq gənclər arasında trend olan peşələr deyil. Halbuki kənd təsərrüfatının inkişafı üçün məhz bu sahələr üzrə mütəxəssislərə ehtiyac var”, - deyə deputat bildirib.
Ə.Məhərrəmzadə qeyd edib ki, müasir kənd təsərrüfatı texnologiyalar üzərində qurulub, lakin Azərbaycanda bu texnologiyaları tədris edən mütəxəssislərin sayı məhduddur.
“Texnologiyaları bilən müəllimlərin sayı çox azdır. Bu səbəbdən xarici mütəxəssislərin cəlb edilməsinə ehtiyac yaranır. Bu gün uğurlu kənd təsərrüfatı layihələrinin əksəriyyətində çalışan aqronom və baytarlar Türkiyə, Fransa və İtaliyadan gələn mütəxəssislərdir”, - deyə o vurğulayıb.
Deputat hesab edir ki, kənd təsərrüfatı üzrə təhsil və təlim imkanları regionlarda genişləndirilməlidir.
“Bir gəncin Gəncədə Aqrar Universitetdə təhsil alması ailəyə ayda təxminən 1000 manata başa gəlir. Hər ailənin buna imkanı çatmır. Buna görə də regionlarda təlim mərkəzlərinin və ixtisaslaşmış təhsil imkanlarının yaradılması vacibdir”, - deyə Ə.Məhərrəmzadə bildirib.
O, həmçinin turizm potensialının regionlarda tam istifadə olunmadığını qeyd edib.
Deputatın sözlərinə görə, kənd turizmi ilə bağlı layihələr həyata keçirilsə də, investisiyaların hansı istiqamətlərə yönəldilməsi ilə bağlı sistemli yanaşma yoxdur.
“Qubada yüzlərlə turizm potensialına malik məkan var. Həmin ərazilərə investisiyaların cəlb olunması üçün İqtisadiyyat və Maliyyə nazirliklərinin birgə fəaliyyəti vacibdir”, - deyə o bildirib.
Əlibala Məhərrəmzadə kənd təsərrüfatı peşələrinin nüfuzunun artırılması üçün xüsusi təbliğat mexanizmlərinin qurulmasını da təklif edib.
“İnsanlar düşünməlidirlər ki, övladlarını aqronom və ya baytar kimi yetişdirsələr, hüquqşünasdan və ya iqtisadçıdan daha çox gəlir əldə edə bilərlər. Bu günün reallığı budur. Kənd təsərrüfatı mədəniyyətinin formalaşdırılması və bu peşələrin cəlbedici hala gətirilməsi üçün ciddi təbliğat aparılmalıdır”, - deyə deputat vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.