Day, Month 00, Year
00: 00: 00 AM
Əhaliyə ŞAD XƏBƏR - Parlamentdə qaz limitinin LƏĞVİ TƏFLİFİ



Milli Məclisdə sosial və təhlükəsizlik məsələlərinə dair müzakirələr aparıldı; “Dünyada elmlər doktoru anlayışı yoxdur, fəlsəfə doktoru var, postsovet məkanında bütün bu adlar yığışdırılıb”

Noyabrın 1-də Milli Məclisin plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc cari məsələlər zamanı çıxış edərkən ölkəmizə qarşı çirkin təbliğat aparanların iddialarına qarşı arqumentlərini söylədi: “Neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti qarşısında Azərbaycanı ittiham edənlər son 250 ildə dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir. Mötəbər axtarış sistemi ”Google Scholar"a görə, daş kömür, qaz və neft kimi qalıq yanacaqları, yüksək sənayeləşmə və əhali artımı nəticəsində istiləşmə böhranını yaradan 5 ölkə - Çin, ABŞ, Hindistan, Rusiya və Yaponiya tarixdə rekord həddə - 37.55 qiqaton karbon emissiyasının 60 faizini Yer kürəsinə yayan ölkələrdir".

Z.Oruc qeyd etdi ki, Yaxın Şərq, Qəzza, İraq, Suriya və Rusiya-Ukrayna müharibələrinin də səbəbi yaşıl deyil, qara rəngli iqtisadi, geosiyasi imperiyalar qurmaqdan ötrüdür: “Qlobal çirklənmənin və Antarktidanın yüz illik buzlarının əriməsinin də günahkarı biz deyilik”. Komitə sədri dedi ki, İqlim Sammitini Sülh Zirvəsinə çevirməyə çalışan İlham Əliyevi müdafiə etmək Vətən müharibəsində Qələbəmizi qorumaq deməkdir!

Komitə sədri Fazil Mustafa diqqəti idmandakı vəziyyətə yönəltdi. Bildirdi ki, bu günlərdə Roma güləşi üzrə Dünya Çempionatında Eldəniz Əzizli 4-cü dəfə dünya çempionu oldu və bu, çox böyük uğurdur, bir ilkdir.

Deputat sual etdi: bəs, Hacı Əliyev kimi idmançılarımızın yetişdiyi sərbəst güləşçimiz niyə uğur qazana bilmədi? Cavabında qeyd etdi ki, bu, legionerlərlə bağlıdır. “Legioner bir neçə ildən sonra çıxıb gedir, məktəb yarada bilmir”, deyən F.Mustafa qeyd etdi ki, futbolda da vəziyyət belədir. “Dünyanın əksər klublarında 70 gürcü furbolçu çıxış edir. Amma bir azərbaycanlı futbolçunu dünyaya transfer olunacaq səviyyədə yetişdirə bilməmişik”, deputat vurğuladı.

F.Mustafa mövzunu davam etdirərkən bir məqama da toxundu: “Eldəniz Əliyev 4 dəfə dünya çempionu olub, Hacı Əliyev 3 dəfə. Amma ölkədəki məktəblərin heç birinin girişində onların şəkillərinə rast gəlmirik. Çox yaxşı ki, şəhidlərimizin hamısının şəkilləri məktəblərimizin girişində, digər yerlərdə vurulub. Amma canlı qəhrəmanlarımızın şəkillərini görə bilmirik. Ona görə də baboşların, mamoşların, kimlərin təbliğatı gedir”.

Deputat Əli Məsimli qaz limitinin ləğvi barədə məsələ qaldırdı: “Dağ kəndlərinin vaxtından əvvəl üzləşdiyi qış mövsümü ilə bağlı çətinliklər əhalini narahat edən məsələlər sırasında ön plana keçib. Bu baxımdan Azərbaycanın ən gözəl kəndləri sırasında öndə gedən Qaxın İlisu kəndində keçirdiyimiz görüş zamanı İlisu Dövlət Təbiət Qoruğunun unikal meşə sərvətlərini, nadir bitki aləmini qorumaq və artırmaq, eləcə də sel hadisələrinin qarşısını almaqdan ötrü digər vasitələrlə yanaşı, İlisu Dövlət Təbiət Qoruğu ərazisində yerləşən İlisu və Ağçay kəndlərindən əlavə Qum və Ləkit kəndlərinin də qazlaşdırılmasını vacib hesab etdilər. Görüşdə iştirak edən kənd sakinləri bildirdilər ki, qazlaşdırma ilə yanaşı dağ kəndlərində havaların soyuq keçdiyi ayların sayı çox olduğundan, əhali daha çox qaz istifadə etməli olur. Limitdən artıq işlədilən qazın tarif qiyməti iki dəfə baha olduğundan, bu hal onların maddi vəziyyətinə çox mənfi təsir göstərir. Ona görə də qaz limiti məsləsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını istəyirlər”.

Ə.Məsimli qeyd etdi ki, qaz işlədən abonentlərin ümumi sayında limiti keçib, ildə 2500 kubmetr və ondan artıq qaz işlədənlərin payı nisbətən azdır.

Deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov bildirdi ki, COP-29 yaxınlaşdıqca, vahid mərkəzdən idarə olunan anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı təzyiq və hücumları güclənməkdədir.

İclasda “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verdi.

Deputat Səyyad Salahlı (Aran) çıxışında bildirdi ki, Azərbaycanda həkimlərin əməkhaqqı az olduğu üçün onlar xaricə üz tuturlar və belə bir durumda regionlarda kadr çatışmazlığı yaranır: “1200 -1300 manat məvacib həkimin ehtiyaclarını ödəmir. Məndə olan məlumata görə, məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir.

Onkologiya və bu kimi ixtisaslarda həkim yoxdur. O boyda rayonda sadəcə bir psixiatr var. Bəs camaat kimin üstünə getməlidir?! Halbuki xəstəxanaya cəmi 1000 müraciət olur. Saatlıda da eyni vəziyyətdədir. Bir çox ixtisaslarda həkim yoxdur.

Bu məsələnin üzərində ciddi nəzarət olmalıdır”. S.Salahlı bildirdi ki, müəllim pensiya yaşına çatan kimi işdən çıxarıb, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Çünki həkim çatışmır.

Deputat Aqil Abbas isə çıxışında xatırlatdı ki, vaxtilə ali təhsilini başa vuran gənclərin təyinatla regionlara işləməyə göndərilməsi ənənəsi var idi və onun özü də rayonda təyinatla işləyib. Bu gün bölgələrdəki xəstəxanalarda həkim çatışmazlığının hökm sürdüyünü deyən deputat təyinat məsələsinə qayıtmağı zəruri saydı.

Spiker Sahibə Qafarova isə çıxışlara reaksiya verdi: “Həkim çatışmazlığını nəyə əsaslanaraq deyirsiniz? Azərbaycanda həkim çatışmazlığı varsa, bununla bağlı rəsmi məlumat verin. Bugünkü iclasda deputat Aqil Abbas və siz ölkədə həkim çatışmazlığı olduğunu iddia etdiniz. Bununla bağlı statistika təqdim edin”.

Milli Məclisin iclasında səhiyyə ocaqlarında kadr çatışmazlığı ilə bağlı çıxışlara münasibət bildirən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həmkarlarının Azərbaycanda tibb sahəsindəki kadr çatışmazlığı ilə bağlı dediklərində reaksiya verdi. Bildirdi ki, səslənən fikirlərdə həqiqət var.

Ə.Əmiraslanov qeyd etdi ki, dəfələrlə bu sahədə kadr çatışmazlığı, həkimlərin ixtisaslaşmasındakı problemlər, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməməsi kimi məsələləri səsləndirilib: “Rayonlarda tibbi kadrların olmaması yox, çatışmaması problemi var. Amma bunun həlli üçün çalışılır. İcbari tibbi sığorta işləyir. Aparılan sorğulara görə əhalinin icbari tibbi sığortadan məmnunluğu artır. Azərbaycanda təyinat sistemi var. Əvvəl tibbi universitetini bitirəndə təyinat olurdu, indi isə rezidenturada bu təyinat sistemi tətbiq edilir. Dörd il əvvəl səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan məbləğ 870 milyon idisə, hazırda bu rəqəm icbari tibbi sığorta ilə birlikdə 3 milyardı keçib. İcbari tibbi sığorta nə qədər faydalı olsa da, burada da problemlər var”.

Milli Məclisin sədr müavini Rafael Hüseynov “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentdə Qanunvericilik dili və hüquq terminologiyası şöbəsinin yaradılmasını təklif etdi.

Onun sözlərinə görə, şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər: “Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”.

Milli Məclisin sədri Sahibə Qafarova da deputatın fikirləri ilə razılaşdığını söylədi: “Qanun layihələri bizə gəlmədən öncə linqvistik ekspertizadan keçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam”.

Deputat Siyavuş Novruzov bildirdi ki, bu gün Azərbaycanda 7069 nəfər elmi dərəcə alıb. Bunlardan 1343 nəfəri elmlər doktoru, 5706 nəfəri isə fəlsəfə doktorudur: “2023-cü ildə 99 nəfər elm doktoru alıb. Onların 40 faizi - 32 nəfər filologiya sahəsi üzrə müdafiə edib. Hüquq sahəsində müdafiə edənlər isə cəmi 4 nəfərdir. Çoxluq təşkil edən filologiya, tarix, tibb elmləri, dəqiq elmlərdir. Hüquq azlıqda qalan sahədir. Bəs 4 nəfərlə prokurorluq üzvlərini seçmək mümkündürmü? Hüquq sahəsində ən böyük elm ocağımız olan Bakı Dövlət Universitetində cəmi 27 nəfər elmlər doktoru var. 30 yaşına qədər olan insanlar hüquq-mühafizə orqanlarına qəbul olunur. Bu gün Azərbaycanda cəmi 7 nəfər yaşı 50-dən aşağı elmlər doktoru var. Onlar da, yəqin, gəlib prokurorluğa yenidən işləmək üçün ərizə verməyəcək. Gərək 7 nəfərin içərisindən hüquq-mühafizə orqanlarında çalışmaq üçün mütəxəssislər tapaq”.

S.Novruzov əlavə etdi ki, Təhsil haqqında qanunu 20 ilə qəbul etdik, 20 il də Ali təhsil haqqında qanunu qəbul edərik. Dedi ki, biz Ali təhsil haqqında qanunu qəbul edəcəyiksə, Boloniya sisteminə keçəcəyiksə, demək, bu sistemə uyğun adlar olmalıdır.

“Dünyada elmlər doktoru anlayışı yoxdur, fəlsəfə doktoru var, postsovet məkanında bütün bu adlar yığışdırılıb. Hətta Qırğızıstanda belə, bu adlar yoxdur, yeni sistemə keçilib. Hansı yaxşıdır, o sistemə keçək”. Qanun layihəsinə gəldikdə, komitə sədri bildirdi ki, biz bu qanunu qəbul etsək də, ora hüquq üzrə elmlər doktoru tapıb yerləşdirə bilməyəcəyik.

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilərək qəbul olundu. Komitə sədri Arzu Nağıyev layihə barədə məlumat verdi.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxışında bildirib ki, biz komitədə bu məsələni müzakirə eləmişik və yekdilliklə ikinci oxunuşda qəbul olunmaq üçün tövsiyə eləmişik: “Bu gün ”Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanun qəbul edirik, mən, sadəcə bir məsələyə diqqətinizi cəlb etməyi borc bildim. Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milli ayrı-seçkilik salmağa cəhd etdiyinə, xalqlar arasında nifaq toxumu səpməyə çalışdığına görə bir nəfər məsuliyyətə cəlb olunub. Çox təəssüf ki, bu zaman bəzi internet.tv-lərdə həmin şəxsin milli mənsubiyyəti önə çəkilir".

Millət vəkili “bunu o formada təqdim eləməyə çalışırlar ki, guya o, hakimiyyətin opponenti olduğu üçün həbs edilib. Əslində o, hakimiyyətin opponenti yox, dövlətimizin, xalqımızın birliyinə qarşı olan bir şəxsdir”,-deyə əlavə edib: “Mən bu məsələyə ona görə toxunmağı özümə borc bildim ki, cəmiyyətdən onun müdafiəsinə qalxanlara ciddi bir təpki müşahidə eləmirəm. Xüsusi xidmət, hüquq-mühafizə orqanlarının rəhbərlərinə qarşı təhqir, böhtan görürük. Əslində bu kampaniyanı təşkil edənlər əsasən xaricdən idarə olunur və anlamırlar ki, bu yolla onların iradələrinə, hüquq-mühafizə orqanlarının qərarlarına təsir eləmək mümkün deyil”.

Q.Həsənquliyev qədim Romanın tarixindən misal çəkdi və ardınca qeyd etdi ki, bizim bir çox soydaşımızın iqtidara qarşı münasibəti mənfi ola bilər, ayrı-ayrı hüquq-mühafizə orqanlarını da tənqid eləmək olar: “Amma dövlət məsələlərində belə bir mövqenin sərgilənməsi yolverilməzdir. Mən bu məsələni ona görə parlament tribunasından səsləndirdim ki, cəmiyyətimiz belələrinə qarşı daha dözümsüz olmalıdır. Qeyd etdiyim dövlət orqanlarına ictimai dəstək ifadə olunmalı və bu cür əməllər qətiyyətlə pislənməlidir”.

Tarix: 2-11-2024, 10:09 Oxunub: 14


Bölməyə aid digər xəbərlər