
Ərəb sərmayəçiləri ilə yanaşı Azərbaycan iqtisadiyyatına digər ölkələr də maraq göstərir. Belə ki, b u il “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Alpha GmbH” şirkəti arasında Gəncədə birgə müəssisənin təsis və idarə edilməsinə dair müqavilə imzalanıb. Yeni alüminium zavodu layihəsi Avropa və ABŞ bazarlarına rəqabətədavamlı alüminium məhsullarının ixracına şərait yaradacaq. Həyata keçiriləcək layihə çərçivəsində illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı nəzərdə tutulur. Bu layihənin xammal bazasının 55 min tonu Gəncədə hazırda istehsal olunan ilkin alüminiumdan və yeni qurulacaq təkrar emal istehsal xəttindən əldə ediləcək. Qalan 50 minton alüminium isə qurulması planlaşdırılan ilkin alüminium istehsalı hesabına təmin ediləcək. Layihənin ümumi investisiya məbləği 451,2 milyon ABŞ dolları, birinci mərhələdə investisiya məbləği isə 132 milyon ABŞ dolları təşkil edir. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 1-ci mərhələdə daha az elektrik tələb edən təkrar emal sahəsi və müvafiq avadanlıqların qurulması, 2-ci mərhələdə isə elektroliz zavodunun tikintisi və istiyayma prosesinin təşkili nəzərdə tutulur.
Həmçinin bu il Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azərbaycan Vanhong Ceramics Co.” MMC qeydiyyata alınıb. 100 % Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində investisiya dəyəri 40 milyon ABŞ dolları, illik istehsal gücü 15 milyon m2 olan keramik plitələr istehsal edəcək. Zavodda 400 nəfərin daimi işlə təmin olunacaq. Məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixrac edilməsi nəzərdə tutulur.
Bütün bunlar Azərbaycanda xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin olmasının göstəricisidir. Ölkədəki sənaye parklarında rezidentlərə güzəştlər tətbiq edilir, investisiya təşviqi sənədləri verilir. Bu vaxta qədər sahibkarlara 549 investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi mexanizmi çərçivəsində idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə əldə olunan güzəştin ümumi dəyəri 355 milyon manat təşkil edir. Ümumilikdə sənayeləşmə istiqamətində atılan addımlar xarici kapitalın ölkəyə axması və iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi baxımından mühüm şərait yaradır.