Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə ACTRAV arasında Bəyannamə imzalanıb -Fotolar

Baxış: 115
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə ACTRAV arasında Bəyannamə imzalanıb -Fotolar


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (ACTRAV) Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas ilə görüş keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək əmək bazarında baş verən dəyişikliklərə uyğunlaşmaq üçün təhsilin inkişafı və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Konfederasiya sədri Akademiyanın fəaliyyətindən, 100 %-lik qəbul göstəricisindən, yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzindən, keçirilən beynəlxalq təlimlərdən danışıb. Bildirilib ki, Akademiya Böyük Britaniyada yerləşən Peşəkar Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu (IOSH) tərəfindən beynəlxalq akkreditasiyadan keçib. Bu, dünyada əməyin təhlükəsizliyi sahəsində ən nüfuzlu təşkilatlardan biridir. Artıq Akademiya beynəlxalq səviyyədə tanınan təlimlər keçirə, bilik və bacarıqları qiymətləndirə və IOSH sertifikatları təqdim edə bilər. Bu sertifikatı alanlar yalnız Azərbaycanda deyil, dünyanın istənilən yerində peşəkar əmək təhlükəsizliyi mütəxəssisi kimi tanınır.

Tədbirdə həmçinin AHİK və BƏT/ACTRAV-ın əməkdaşlığı çərçivəsində rəqəmsal tədris, sosial dialoq, əməyin təhlükəsizliyi, gender bərabərliyi, gənclərin və qadınların rolunun artırılması kimi prioritet istiqamətlər müzakirə olunub, həmkarlar ittifaqlarının müasir əmək bazarına uyğun modernləşdirilməsi mühüm addım kimi dəyərləndirilib.

BƏT/ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini müsbət dəyərləndirib, iki qurum arasında əlaqələrdən, birgə reallaşdırılan layihə və tədbirlərdən danışıb, münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, əməkdaşlığın genişləndirilməsinin istiqamətləri barədə fikirlərini bölüşüb.

Sonra Akademiyanın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində professor-müəllim heyətinin iştirakı ilə tədbir keçirilib. BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edərək iki qurum arasında münasibətlərin inkişafının əhəmiyyətindən bəhs edib, Azərbaycanda əmək hüquqlarının müdafiəsi sahəsində beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının qərar və tövsiyələrinə xüsusi önəm verildiyini qeyd edib.

Akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova ali təhsil müəssisəsi, tədris prosesinin təşkili, tətbiq olunan yeniliklər barədə təqdimatla çıxış edib. Təqdimatda Akademiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar, BP, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi, York Universiteti, Turin Beynəlxalq Təlim Mərkəzi və digər nüfuzlu qurumlarla əməkdaşlığı vurğulanıb.

Tərəflər Azərbaycan həmkarlar ittifaqları ilə BƏT/ACTRAV arasında əməkdaşlığın genişləndirilməsinin istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda AHİK və ACTRAV arasında həmkarlar ittifaqları təhsilinin inkişafı və gücləndirilməsi sahəsində Əmək və Sosial Münasibətlər Akademiyasının inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq haqqında Bəyannamə imzalanıb.

Sənəddə həmkarlar ittifaqı üzvlərinin bilik və peşə bacarıqlarının artırılması, rəqəmsal platformaların və alətlərin tətbiqi, eləcə də vahid regional təhsil portalının yaradılması nəzərdə tutulur. Bəyannamədə həmçinin BƏT ekspertlərinin iştirakı ilə Əmək və Sosial Münasibətlər Akademiyasının təhsil proqramlarında gənclərin akademik və sosial fəaliyyətlərə daha fəal qoşulmasını təşviq etmək məqsədilə maarifləndirmə və təcrübə mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.