Day, Month 00, Year
00: 00: 00 AM

Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə keçən ömür

Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə keçən ömür


Ön söz əvəzi

Azərbaycanın tarixi hələ qədim vaxtlardan qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi olaraq vəsf etmək üçün zəmin yaradan tarixi faktlarla zəngin olub. Artıq orta əsrlərdən Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrinin yaradıcısı, at belində qılınc çalan cəngavər, dövlət idarəçiliyində öz sözünü deyən siyasi xadim kimi cəmiyyətdə yer alıb. İti zəkası, uzaqgörən müdrikliyi, sonsuz sədaqəti, fədakarlığı və yüksək analıq keyfiyyəti ilə Azrbaycan qadını hər zaman xalqımızın adını uca tutub. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.

Azərbaycan qadınının tarix boyu formalaşmış ən yüksək mənəvi dəyərlər məcmusunu sözün hərfi mənasında öz genomunda daşıyan, sədaqəti, səmimiyyəti, cəsarət və mərdliyi, fədakarlığı və digər yüksək insani keyfiyyətləri özündə cəmləşdirən əsil Azərbaycan xanımı obrazını həyatında, elmi-siyasi və idarəçilik fəaliyyətində yaşadan görkəmli simalarımızdan biri də siyasi elmlər doktoru, professor Aqiyə xanım Naxçıvanlıdır. Bu gün haqqında bəhs etdiyimiz Aqiyə Naxçıvanlının da həyatının böyük bir hissəsi məhz Azərbaycanın SSRİ tərkinbində mövcud olduğu illərə təsadüf edib. Bununla belə, Aqiyə xanımın qan yaddaşında qorunub saxlanan irsi keyfiyyətlər hətta müxtəlif qadağalarla dolu olan sovetlər dönəmində də onun milli-mənəvi dəyərlərimizə uyğun çərçivədə öz şəxsiyyətini formalaşdırmasına və mövcud potensialını öz xalqının rifahına xidmətə yönəltməsinə möhkəm zəmin yaratmışdır.

Xan qızının kötücəsi

Dərhal deyim ki, mən az öncə Aqiyə Naxçıvanlının gen səviyyəsində milli mənəvi dəyərlərimizin daşıyıcılarından biri olduğunu heç də sadəcə gözəl ifadə işlətmək xətrinə qeyd etmədim. Məsələ bundadır ki, Aqiyə xanımın mənsub olduğu nəsilin nümayəndələri arasında nəinki bu dəyərləri qoruyub-yaşadan, həmçinin onları yaradan insanlar da olublar. Məlum olduğu kimi, Azərbaycan tarixində qadınlar arasında görkəmli şairələr, ictimai-siyasi xadimlər, dövlət adamları heç də az olmayıb. Həmin şəxsiyyətlərin irsinə dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğı bəslənib. Ümummilli Lider Heydər Əliyevin bu şəxsiyyətlərə xüsusi münasibəti heç kəs üçün sirr deyil. Klassik ədəbiyyatın bilicisi və himayədarı olan Ulu Öndər milli ədəbiyyatımızın, dövlətçiliyimizin inkişafında əməyi olan qadınları hər zaman qiymətləndirib, onların xatirəsinin əbədiləşdirilməsini, adının uca tutulmasını təmin edib. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev də eyni siyasəti davam etdirərək tariximiz üçün əhəmiyyətli olan şəxsiyyətlərin ruhuna ehtiramını hər zaman göstərir. O cümlədən Azərbaycanın görkəmli şairəsi, xeyriyyəçi və mütəfəkkiri Xurşudbanu Natavan şəxsiyyətinə, irsinə, yaradıcılığına dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilib. Bizim haqqında bəhs etdiyimiz Aqiyə Naxçıvanlı da birbaşa Xan qızı Natavanın nəslinin bir nümayəndəsidir. Xatırlayıram ki, 2021-ci ildə, Şuşada Vaqif Poeziya Günlərinin bərpa olunması ilə bağlı verdiyi müsahibələrin birində Aqiyə xanım bu barədə ona verilmiş sualı belə cavablandırmışdı: “...Bir qədər sadə olsun deyə nəsil şəcərəmizi belə təsvir edim: mənim atam Həbib Naxçıvanski Əkbər Naxçıvanskinin (general C.Naxçıvanskinin nəslindən – red.) oğludur. Əkbər Naxçıvanskinin anası Xanbikə də Xan qızı Natavanın doğma qızıdır. Beləliklə, mən birbaşa Xan qızı Natavanın kötücəsiyəm. Babam Əkbər Naxçıvanski isə Xan qızının sevimli nəvəsi olub və onun uşaqlıq illəri məhz nənəsinin, Xan qızı Xurşudbanu Natavanın yanında keçib. Təbii ki, bu qan bağlılığı mənim üçün həm qürur mənbəyidir, həm də Şuşaya olan sonsuz məhəbbətimi şərtləndirən əsas amillərdən biridir...” Beləliklə, köklü nəsil şəcərəsi üzərində yüksələn Aqiyə Naxçıvanlı zaman keçdikcə fədakar alim, gözəl pedaqoq, qayğıkeş ana, tələbkar rəhbər, tanınmış ictimai-siyasi xadim və ən əsası yurdunu, xalqını böyük məhəbbətlə sevən bir insan kimi formalaşmışdır.

Elm və təhsilə bağlı ömür

Aqiyə Naxçıvanlı 11 mart 1950-ci ildə Oğuz şəhərində, ziyalı ailəsində anadan olub. Hər iki valideyni Respublikanın Əməkdar müəllimi adına layiq görülüblər. Ötən əsrin 60-70-ci illərində orta və ali təhsili uğurla başa vuran Aqiyə Naxçıvanlı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun pedaqoji fakültəsində aldığı təhsillə kifayətlənməyərək, Bakı Ali Partiya məktəbini bitirir. Bəlkə də bu, Aqiyə xanımın sonralar artıq müstəqil Azərbaycanın ictinai-siyasi həyatında aktiv və səmərəli rol oynaması üçün hazırlanan bir zəmin idi. Bununla belə əmək fəaliyyətinə pedaqoji sahədə başlayan Aqiyə Naxçıvanlı ömrünü elm və təhsilə həmişəlik bağlayır. Həmin dövrün tələblərinə uyğun olaraq Aqiyə xanım ilk dəfə pedaqoji fəaliyyətinə təyinat üzrə Oğuz rayonunda başlayıb. Çalışdığı kollektivdə ilk günlərdən sözübütövlüyü, özünə və ətrafındakılara qarşı tələbkar olması ilə tanınan gənc kadr əvvəlcə komsomol, daha sonra isə partiya işinə qədər karyera yüksəlişi edir. Rayon Komsomol Komitəsinin I katibi, sonra Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin məktəbli gənclər şöbəsinin müdiri vəzifələrinə irəli çəkilir. Daha sonra Naxçıvan Vilayət Partiya Komitəsinə məsul işə göndərilir. Muxtar Respublikada beş il fəaliyyət göstərdikdən sonra yenidən Bakıya qayıdan A.Naxçıvanlı keçmiş 26 Bakı komissarı Rayonu Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifəsində işləmişdir. 1986-95-ci illərdə Bakı Ali Partiya Məktəbində Rus dili və ədəbiyyatı kafedrasında baş müəllim, 1995-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Azərbaycan və rus dili kafedrasının müdiri vəzifələrində çalışmışdır. Uzun illərin təcrübəsi, çalışdığı sahədə malik olduğu fundamental bilikləri effektiv şəkildə tətbiq etmək bacarığı və ən əsası mənəvi-əxlaqi təmizliyi sayəsində Aqiyə xanım pillə-pillə yüksələrək kafedra müdiri, elmi katib, aspirantura şöbəsinin müdiri vəzifələrinə irəli çəkilir. 1999-cu ildə Aqiyə Naxçıvanlı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası siyasi idarəetmə fakültəsinin dekanı, 2005-ci ilin martında isə Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbayan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin olunur.

Cəmiyyətin saflaşmasına xidmət edən prinsiplər

Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Bu yüksək qiyməti xanımlarımıza qazandıran da onların malik olduqları yüksək mənəvi-əxlaqi keyfiyyətlərdir. Bu baxımdan da Aqiyə Naxçıvanlının çalışdığı bütün rəhbər vəzifələrdə ilk növbədə özünün sərgilədiyi və ətrafındakılardan tələb etdiyi cəhətlər mənəvi ucalıq və zənginlik, işgüzarlıq, sözübütövlülük kimi əsas meyarlar olub. Aqiyə xanım hər zaman cəmiyyətin mənən saflaşmasında danılmaz rolu olan bir müəllimin özündə cəmləşdirməli olduğu zəruri peşə biliklərinə malik olmaq, iradi keyfiyyətləri özündə birləşdirmək, milli kökə bağlılıq kimi xüsusiyyətləri özünün həyat və fəaliyyətində əsas prinsiplər kimi müəyyən edib. Öz üzərində işləməyi əsas kriterilərdən biri kimi qəbul edən Aqiyə Naxçıvanlının elmi fəaliyyəti də diqqəti çəkməyə bilməz. 10 kitab, 200-dən artıq elmi məqalənin müəllifi olan Aqiyə xanıma 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Fəlsəfə və sosial psixologiya kafedrasının dosenti elmi adı, 2007-ci ildə isə professor elmi adı verilmişdir. Elmi-ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Aqiyə Naxçıvanlı 2008-ci ildə Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. 2009-cu ildə isə dövlət başçısının digər bir Sərəncamı ilə A.Naxçıvanlı “Şöhrət” Ordeni ilə təltif olunmuşdur.

Aqiyə Naxçıvanlının timsalında biz çağdaş Azərbaycan qadınını həm də bacarıqlı siyasətçi, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputat olaraq görürük. İlk dəfə 2010-cu ildə, doğulub boya-başa çatdığı Oğuz-Qəbələ bölgəsindən seçicilərin etimadını qazanan Aqiyə Naxçıvanlı ardıcıl olaraq üç çağırış, 2010-2015-ci illərdə IV çağırış, 2015-2020-ci illərdə V çağırış və 2020-2024-cü illərdə VI çağırış Azərbaycan Respublikasının Milli Məclisnin deputatı seçildi. Həmin illər ərzində Aqiyə xanım Parlamentdə öz seçicilərini ləyaqətlə təmsil etməklə yanaşı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, İsveçrə, Monteneqro parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü vəzifələrində də şərəflə çalışmışdır. Aqiyə Naxçıvanlı bu gün də cəmiyyətimizin rifahı naminə ictimai fəaliyyətini yüksək səmərəliliklə davam etdir. Hal-hazırda Aqiyə xanım Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, eyni zamanda da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Müdafiə şurasının üzvü və Elmi seminar rəhbəridir.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2020-ci il tarixli Sərəncamı ilə Aqiyə xanım Naxçıvanlı 2-ci dərəcə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Professor Aqiyə xanım Naxçıvanlının istər elm sahəsində, istərsə də görkəmli siyasətçi və dövlət xadimi kimi səmərəli fəaliyyətində əldə etdiyi bu böyük uğur göstəriciləri müasir Azərbaycan qadınının tükənməz potensiala sahib olmasının daha bir sübutudur.

Bu günlərdə mənəvi ucalıq və zənginlik, işgüzarlıq və sözübütövlülük kimi prinsipləri öz həyatının əsas meyarları olaraq müəyyən etmiş professor Aqiyə xanım Naxçıvanlının yubileyi yaxınlaşır. Bu münasibətlə bütün onu sevənlər Aqiyə xanımı ürəkdən təbrik edir, hörmətli professorumuza uzun ömür, möhkəm can sağlığı və işlərində yeni uğurlar diləyirlər!

Tarix: Bu gün, 11:58 Oxunub: 3


Bölməyə aid digər xəbərlər