Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyanın unutduğu 41 və 42-ci bənd -Lavrov niyə indi yada saldı?

Baxış: 99
Rusiyanın unutduğu 41 və 42-ci bənd -Lavrov niyə indi yada saldı?

Ceyhun Bayramovla görüşündə rusiyalı nazir iki ölkənin informasiya məkanında mənfi fondan gileylənib-günahkar kimdir?

Rusiya və Azərbaycan ikitərəfli münasibətlərin mediada daha obyektiv işıqlandırılması məqsədilə informasiya əməkdaşlığını genişləndirmək niyyətindədir. Bu çərçivədə iki ölkənin Xarici İşlər nazirlikləri, eləcə də digər dövlət qurumları arasında media sahəsində təmasların artırılması planlaşdırılır.

Musavat.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramvla görüşündə iki ölkənin informasiya məkanındakı mənfi fondan gileylənib.

O deyib ki, bu tendensiyanın qarşısının alınması üçün birbaşa media əlaqələrinin inkişafı vacibdir. Onun sözlərinə görə, iki ölkənin kütləvi informasiya vasitələri arasında birbaşa əməkdaşlıq müxtəlif anlaşılmazlıqların aradan qaldırılmasına və hadisələrin daha obyektiv təqdim edilməsinə xidmət edə bilər.

"Biz maraqlıyıq ki, iki ölkənin media qurumları arasında birbaşa əlaqələr müxtəlif anlaşılmazlıqları aradan qaldırsın və münasibətlərin obyektiv işıqlandırılmasını təmin etsin. Təəssüf ki, bu münasibətləri hər iki tərəfdən mənfi şəkildə təqdim etmək istəyənlər kifayət qədərdir", – deyə, Lavrov bildirib.

Ekspertlərin fikrincə, son ilyarımda Rusiya-Azərbaycan münasibətlərində yaşanan gərginlik fonunda informasiya müstəvisində qarşılıqlı ittihamların və sərt ritorikanın artması Moskvanı media dialoqunun gücləndirilməsi təşəbbüsü ilə çıxış etməyə vadar edib. Lavrovun bəyanatı da məhz informasiya mühitində gərginliyin azaldılması və rəsmi kommunikasiya kanallarının daha fəal işləməsi istiqamətində verilmiş mesaj kimi qiymətləndirilir.
Yada salaq ki, 2022-ci il 22 fevral tarixində Moskva şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" informasiya əməkdaşlığını da əhatə edirdi. Bəyannamənin 41 və 42-ci bəndlərində tərəflərin media, humanitar və informasiya sahəsində əlaqələri inkişaf etdirməsi, obyektiv informasiya mühitinin təşviq olunması və qarşılıqlı informasiya əlaqələrinin dəstəklənməsi nəzərdə tutulurdu.

Amma elə həmin ilin iynunda RİA Novosti agentliyinin Azərbaycanın ərazi bütövlüyünə zidd material yaymasını məhz həmin Bəyannamənin müddəalarına zidd addım idi. Rəsmi Bakı bildirmişdi ki, separatçı mövqelərin təbliği dostluq münasibətlərinə uyğun deyil və 2022-ci il Bəyannaməsində əks olunan qarşılıqlı suverenliyə hörmət və separatizmə qarşı mübarizə öhdəlikləri ilə uzlaşmır.


Bu cür anti-AZərbaycan ritorikası Rusiya mediasında davamlı olaraq müşahidə edilir. Elə çox da uzaq olmayan keçmişdə "Rossiya 1" dövlət telekanalında yayımlanan reportajda hazırda Ukraynada döyüşən ermənilərin geyimində " artsax" yazılı şevronlar və separatçı simvollar nümayiş etdirilib.

Süjetdə batalyonun bəzi üzvlərinin Qarabağ müharibəsində iştirak etdikləri, daha sonra isə Rusiyanın tərəfində Ukraynada döyüşdükləri vurğulanıb.

Sergey Lavrovun dünənki açıqlaması əslində 2022-ci ildə imzalanmış müttəfiqlik bəyannaməsində nəzərdə tutulan informasiya əməkdaşlığı müddəalarının yenidən gündəmə gətirilməsi kimi qiymətləndirilə bilər. Belə anlaşılır ki, Rusiya Bəyannamədə nəzərdə tutulan həmin mexanizmlərin daha fəal işləməsinə ehtiyac olduğunu anlayır. Bu baxımdan Lavrovun "birbaşa media əlaqələrinin anlaşılmazlıqları aradan qaldıracağı" barədə fikri 2022-ci ildə üzərinə götürülmüş öhdəliklərin praktik icrasına çağırış kimi də dəyərləndirilə bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.