Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan nefti 124 dolları keçdi: büdcəyə nə qədər qazanc gələcək?

Baxış: 81
Azərbaycan nefti 124 dolları keçdi: büdcəyə nə qədər qazanc gələcək?


Dünya enerji bazarında qiymət dalğalanmaları davam etdiyi bir vaxtda Azərbaycan neftinin bir barelinin 124 dolları ötməsi diqqət çəkir. Bu göstərici ölkənin enerji gəlirləri və dövlət büdcəsinin imkanları baxımından mühüm müzakirə mövzusu yaradır. Ancaq neftin bahalaşması avtomatik olaraq eyni həcmdə əlavə büdcə gəliri demək deyil. Hasilat səviyyəsi, ixrac xərcləri, qiymətlərin davamlılığı və qlobal bazardakı vəziyyət də nəzərə alınmalıdır.

Neftin qiyməti bu səviyyədə qalarsa, Azərbaycan iqtisadiyyatı bundan nə qədər faydalana bilər və qiymətlərin yenidən enməsi hansı riskləri yaradar?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-da sualımızı bu cür cavabladı: "Azərbaycan neftinin dünya bazarında qiymətinin 124 dolları keçməsi, şübhəsiz ki, ölkəmizin maliyyə imkanları baxımından müsbət hadisədir. Lakin burada əsas məsələ neftin qiymətinin hansı həddə yüksəlməsi deyil, bu qiymətin nə qədər davam edəcəyi və yaranan əlavə gəlirlərin ölkə daxilində necə istifadə edilməsidir.

Oktyabrın 15-nə olan məlumata görə, Azeri Light markalı neftin bir barelinin CIF qiyməti 124,14 dollar təşkil edib. Halbuki Azərbaycanın 2026-cı il dövlət büdcəsi neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülməklə hazırlanıb. Deməli, hazırkı bazar qiyməti büdcə hesablamalarında nəzərdə tutulmuş səviyyədən 59,14 dollar və ya təxminən 91 faiz yüksəkdir. Bu, kifayət qədər böyük fərqdir. Ancaq bu fərqi birbaşa dövlət büdcəsinin əlavə gəliri kimi təqdim etmək düzgün deyil. Əslində, neftin bahalaşması ilk növbədə, Dövlət Neft Fonduna daxilolmaların artması üçün imkan yaradır. Digər tərəfdən, neft sektorunda fəaliyyət göstərən şirkətlərin mənfəətinin yüksəlməsi müvafiq vergi daxilolmalarına müsbət təsir edə bilər. SOCAR-ın maliyyə nəticələri də bundan faydalana bilər. Nəticədə ölkənin valyuta imkanları genişlənər, tədiyə balansının möhkəmlənməsi və strateji ehtiyatların artırılması üçün əlavə şərait yaranar. Bütün bunlar çox yaxşıdır. Ancaq neftin 124 dollar səviyyəsində uzun müddət qalacağına arxayınlaşmaq olmaz. Bu gün dünya enerji bazarında qiymətlərin yüksəlməsi geosiyasi qarşıdurmalar, təchizatın məhdudlaşması və digər müvəqqəti amillərlə bağlıdır. Bu amillər aradan qalxdıqdan sonra heç şübhəsiz qiymətlər sürətlə aşağı düşəcəkdir. Azərbaycan üçün əsas təhlükə də məhz müvəqqəti yüksək neft gəlirlərinə arxalanaraq uzunmüddətli büdcə öhdəliklərinin artırılmasıdır. Hesab edirəm ki, indiki şəraitdə hökumət neftin bahalaşmasından yaranan əlavə maliyyə imkanlarını ilk növbədə qeyri-neft sektorunun inkişafına xidmət edən struktur islahatları ilə əlaqələndirməlidir. Ölkədə sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi, emal sənayesinin inkişafı, regionlarda yeni istehsal müəssisələrinin yaradılması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və ixracyönümlü istehsalın stimullaşdırılması prioritet olmalıdır. Xüsusilə regionlardan Bakıya və Abşerona əhali axınının qarşısını almaq üçün bölgələrdə real iqtisadi fəallığın artırılmasına ehtiyac var. Neftdən əldə olunan əlavə vəsaitlərin müəyyən hissəsinin bu istiqamətdə səmərəli investisiyalara yönəldilməsi uzunmüddətli perspektivdə daha böyük iqtisadi nəticələr verə bilər. Bir sözlə indiki durumda əsas məqsəd neftin qiyməti yüksək olduğu dövrdə daha çox pul xərcləmək deyil, neftin qiyməti aşağı düşəndə də iqtisadiyyatın dayanıqlı fəaliyyətini təmin edə biləcək mexanizmlər yaratmaq olmalıdır".

Sabiq nazir onu da bildirdi ki, Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifə neft gəlirlərinin əsasında qeyri-neft sektorunda davamlı gəlir yaradan iqtisadi fəaliyyəti formalaşdırmaqdır: "Əks halda, bu gün 124 dollarlıq neftdən qazandığımız əlavə vəsait sabah qiymətlər 45-50 dollara endikdə yenidən büdcə və iqtisadiyyat üçün ciddi problemlərin yaranmasının qarşısını ala bilməyəcək".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.