
"İşğaldan azad olunmuş ərazilərimizin iqtisadi dövriyyəyə cəlbi ölkəmizin tərəqqisi üçün əlavə imkanlar yaradıb. Bu ərazilərdə genşmiqyaslı bərpa-quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif sahələri əhatə edən bir sıra layihələrin icrası məqsədilə 2021-2025-ci illər ərzində dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb".
Bu barədə iqtisadiyyat nazirin müavini Sahib Ələkbərov Milli Məclisdə 2026-cı ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirib:
"Bu sərmayələrin iqtisadi artıma təsiri gələcək dövrlərə təsadüf etsə də, sosial və dövlətçiliyimizin gücləndirilməsinə yönəlmiş addım nöqteyi-nəzərindən əvəzsiz və bizim üçün prioritet sərmayə istiqaməti olaraq qalır. Dünyada baş verən qlobal dalğalanmalar fonunda Azərbaycan iqtisadiyyatı dayanıqlı artım nümayiş etdirir. 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3% artması gözlənilir. Bu artım tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunacaq. Bu sahədə ÜDM-in orta illik artımının 6,1% olacağı gözlənilir. Bu isə sosial-iqtisadi inkişaf Strategiyası ilə müəyyən olunmuş hədəfdən yüksəkdir".


































