Day, Month 00, Year
00: 00: 00 AM
İtaliya mətbuatı Azərbaycanın Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsindən yazıb

İtaliyanın aparıcı kütləvi informasiya vasitələri Heydər Əliyev Fondunun Vatikanda bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına və mədəni irsin qorunması sahəsində işlərə verdiyi növbəti töhfədən yazıb.

 “Giornale Diplomatico”, “il Messaggero”, “Askanews”, “La Cronaca di Roma”, “Virgilio”, “Zazoom” kimi mətbu orqanların dərc etdiyi materiallarda Vatikan şəhər dövləti üzrə qubernatorluqla Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilənin imzalandığı diqqətə çatdırılır. Bildirilir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar.

Yazılarda Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində kardinal Fernando Vergez Alzaqa və digər rəsmi şəxslərlə görüş keçirdiyi, ölkəmiz ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin, Heydər Əliyev Fondu ilə birgə layihələrin müzakirə olunduğu qeyd edilir.

Bildirilir ki, bərpa işləri 2025-ci ildə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli zamanı ziyarətçilərin bu dini ocağa təhlükəsiz girişinin təmin edilməsi məqsədilə aparılır. Müqəddəs Yubiley İli çərçivəsində 30 milyondan çox katolik zəvvarın bu kilsəni ziyarət etməsi gözlənilir. Vatikanın ən böyük abidələrindən olan Müqəddəs Pavel Bazilikası 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.


Tarix: 13-09-2024, 09:16 Oxunub: 27


Bölməyə aid digər xəbərlər
1-09-2021, 13:04 YUNESKO nə üçün susur?