Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda 1 500 səhiyyə işçisi peyvəndin effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqata cəlb edilib

“Səhiyyə işçiləri arasında COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqat aparılır. Bu tədqiqatlar yeddi tibb müəssisəsinin işçiləri arasında – Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında aparılır”.
Bu sözləri mediaya açıqlamasında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib. 
Onun sözlərinə görə, Bakı şəhəri üzrə səhiyyə müəssisələrində çalışan tibb və qeyri-tibb işçiləri bu tədqiqata cəlb olunublar:
“Səhiyyə müəssisəsində çalışan və COVID-19 xəstəliyinə qarşı peyvənd olunan 1 500 əməkdaş razılıq formasını imzalayaraq tədqiqatda iştirak edirlər. Tədqiqat 12 ay ərzində aparılacaq. İştirakçılar ildə üç dəfə – layihənin əvvəlində, altı aydan və bir ildən sonra koronavirusa qarşı anticisimlərin mövcud olmasına dair seroloji testdən keçəcəklər. Artıq birinci mərhələ üzrə qan nümunələri toplamışıq və tezliklə testin ilk nəticələrini alacağıq.
Bir çox Avropa ölkəsində eyni vaxtda həyata keçirilən və yerli şəraitə uyğunlaşdırılaraq aparılan tədqiqatın əsas məqsədi vaksinin effektivliyinin dəyərləndirilməsidir. Eləcə də, vaksinin təsir müddətinin qiymətləndirilməsi, yaş, yanaşı gedən xəstəliklər və s. amillərin rolunun araşdırılması kimi vacib olan digər məqamlar da var. Bir sözlə, tədqiqatın hədəfi COVID-19 infeksiyasının xüsusiyyətlərini öyrənmək və onu ram etmək üçün etibarlı məlumatlar toplamaqdır. Respublikamızda epidemioloji vəziyyətin nisbi yaxşılaşmasına baxmayaraq, COVID-19 pandemiyası hələ davam edir, getdikcə daha təhlükəli ştamlar ortaya çıxır və kütləvi vaksinasiyanın alternativi olmadığına bir daha əminlik yaranır”.
Q.Haqverdiyev aparılan tədqiqatların sonrakı mərhələdə vəd etdiyi məsələlərə də toxunub:
“Tədqiqat müddətində iştirakçılar hər həftə qısa sorğu anketindən keçəcəklər və onların ümumi vəziyyətləri müşahidə altında olacaq. Qeyd edim ki, hər respondent ilə əvvəlcə geniş sorğu aparılıb, pandemiya dövründə COVID-19 xəstəliyinə yoluxub-yoluxmaması, yanaşı xəstəliklərin olub-olmaması, xəstələrlə nə qədər tez-tez təmasda olması və sair kimi suallara cavabları toplanıb. Tədqiqatda vacib məqam ondan ibarətdir ki, il ərzində hər həftə onlardan hazırkı sağlamlıq vəziyyətlərini, koronavirus infeksiyasına şübhəli simptomlarının olub-olmadığını soruşuruq və varsa, müvafiq müayinələrdən keçmələrini xahiş edirik. Belə ki, PZR analizi müsbətdirsə, başqa bir qısa sorğu aparılır və analiz nümunələri bir il ərzində saxlanılması üçün göndərilir.
Beləliklə, il ərzində 1 500 səhiyyə işçisi daim müşahidə altında olacaq. İştirakçılar da məmnundur, çünki onlar il ərzində üç dəfə heç bir ödəniş etmədən anticisimlərin yoxlanılması testindən keçəcəklər, başqa sözlə, sağlamlıq vəziyyətləri daim diqqət mərkəzində olacaq”.


Tarix: 22-07-2021, 12:49 Oxunub: 108


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı