Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Shabifashion” – Zəriflik, İlham və Yaradıcı Yolun Sirləri - Eksklüziv Müsahibə

Baxış: 2 664

Moda dünyası yaradıcılığın, zərifliyin və fərdi baxışın bir araya gəldiyi ən incə sənət sahələrindən biridir. Bu sahədə öz dəst-xətti, öz enerjisi və öz ruhu ilə seçilən dizaynerlər isə moda aləminin inkişafında xüsusi rol oynayır. “Shabifashion” brendinin yaradıcısı da məhz belə isimlərdən biridir — zərifliyi sadəliklə birləşdirən, hər detalda özünəməxsusluğa sadiq qalan, dizaynı yalnız geyim deyil, bir sənət ifadəsi kimi görən yaradıcı ruh sahibi.

Onun üçün dizayn təkcə parça seçimi və forma yaratmaq deyil; bu, həm də həyat hekayəsinin, daxili gücün və qadın zərifliyinin sənətə çevrilmiş formasıdır. Erkən yaşlardan başlayan marağı zamanla peşəyə çevrilib, dəstəyi və ilhamı isə hər addımında yanında olan həyat yoldaşından alıb.

Bu eksklüziv müsahibədə dizayner öz yaradıcılıq yolundan, brend fəlsəfəsindən, ilham mənbələrindən və moda sənətində qazandığı dərin təcrübələrdən danışır. Söhbətimiz həm şəxsi hekayəyə işıq tutur, həm də “Shabifashion” brendinin formalaşmasının arxasında duran güc və iradəni oxucuya daha yaxından tanıdır.

Modelyer dizaynerliyə necə başladınız, brendinizin fəlsəfəsi nədən ibarətdir və kolleksiya hazırlayarkən yaradıcılıq prosesiniz necə olur?

Moda və dizayna olan marağım çox erkən yaşlardan başladı. Hər zaman fərqli və özünəməxsus geyinməyi sevdiyim üçün geyimlərimə kiçik toxunuşlar əlavə edirdim – bəzən muncuq, bəzən düymə, bəzən də tül ilə onları öz zövqüm ilə uyğunlaşdırırdım. Zaman keçdikcə bu yaradıcılıq mənim üçün sadəcə hobbi deyil, həyat tərzinə çevrildi. Bu yolda ən böyük dəstəkçim və ilham qaynağım yoldaşım oldu. Onun mənə olan inamı və dəstəyi sayəsində bu peşəni seçdim və dizayna daha böyük sevgi ilə bağlandım.

Brendimin əsas fəlsəfəsi sadəliyi zərifliklə birləşdirərək hər qadının özünəməxsus gözəlliyini ön plana çıxarmaqdır. Mənim üçün geyim yalnız parçadan ibarət deyil – o, insanın xarakterini, enerjisini və ruhunu daşıyan incə bir sənətdir. Brendim, içindəki gücü və zərifliyi hiss etdirən, özünü xüsusi görmək istəyən hər bir qadın üçün hazırlanır.

Yeni kolleksiya hazırlayarkən rənglər, teksturalar və əhval-ruhiyyə ilk addımı yaradır. Sonra bu ilhamları eskizlərə köçürür, material və forma üzərində işləyirəm. Beləcə yeni kolleksiya formalaşır. Məni modada həyəcanlandıran istiqamət davamlılıq və sənətkarlığın yüksəlişidir. Moda evimin açılması mənim üçün vacibdir, çünki mən bu trendləri öz brendimdə estetik, fərdi və keyfiyyətli kolleksiyalara çevirmək istəyirəm. Dizaynlarımda ən çox barxat parçadan istifadə edirəm. Barxat həm toxunuşu, həm görünüşü, həm də işıqla oynayan effekti ilə kolleksiyalarıma estetik görünüş qatır.

Azərbaycan modasının özünəməxsusluğu onun zəngin mədəni irsi, ənənəvi naxış və teksturaların müasir dizaynla birləşməsindən ibarətdir. Mənim üçün moda çox vacibdir, çünki geyim özünü ifadə etmə vasitəsidir. Zövqlü geyinmək hər zaman şəxsi üslubun və öz sözünü deməyin bir yoludur.


 İş prosesinizdə qarşılaşdığınız çətinliklər, müştərilərlə işləmə üsullarınız və yaratdığınız obrazlar barədə nə deyə bilərsiniz?

Yeni kolleksiya hazırlayarkən mənim üçün ən böyük çətinlik eyni geyimi həm öz üzərimdə sınayıb, həm də dizaynını tamamlayıb təqdim etmək prosesidir. Bu yaradıcı prosesin həm maraqlı, həm də çətin tərəfidir.

Müştərilərim mənə zövqümə inanaraq müraciət edir və dizayn prosesini tamamilə mənə həvalə edirlər. Həm zövqlərinə, həm də mənim yaradıcı baxışıma uyğun nəticə ortaya qoyuram. Hazırladığım geyimləri ilk öncə özüm üçün tikib sonra satışa çıxarıram. Hər bir parçada isə mənim brendimin simvolu olan “Shabi” obrazı əks olunur – zərif, özünə inamlı və fərqli qadın obrazı.

Ən yadda qalan işim isə “Big flover” adlı geyimimdir. Onu qısa-qısa kəsik parçalardan özüm üçün hazırlamışdım və paylaşmaq istəmirdim, çünki bəyənilməz deyə düşünürdüm. Amma həmin geyim satış rekordu qırdı və səhifədə ən çox bəyənilən geyim oldu. Bu mənim üçün çox böyük motivasiya oldu.

Geyim insanın xarakterini və zövqünü əks etdirir. Hər geyim bir ifadə vasitəsidir və şəxsin kimliyini göstərir. “Shabifashion”un əsas özəlliyi onun özünə məxsus, tanınan və unikal dəst-xəttinin olmasıdır.


 Moda sahəsində qazandığınız dərslər, gələcək planlarınız və dizaynerlərə tövsiyələriniz nələrdir?

Yaradıcılıq və intuisiyaya inamla yanaşı, səbr və detallara diqqət uğurun açarıdır. Öz üslublarına inansınlar, yaradıcı olsunlar və heç vaxt təcrübədən qorxmasınlar.

Brendimi həm yerli, həm də beynəlxalq səviyyədə tanıtmaq, kolleksiyalarımı genişləndirmək planım var. Ən böyük ilham mənbəyim isə həyat yoldaşımdır. Onun dəstəyi və baxışı mənə yaradıcılıqda motivasiya verir.

Uğurlu dizayner üçün ən vacib üç xüsusiyyət geyim tikmək, material seçimi və dizayn üçün lazım olan peşəkarlıqdır.






Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.