
Sahibkarlıq Qısa Yol Deyil – Uzun Yolçular Üçün Gözləyən Mükafatdır
Sahibkartv.az xəbər verir ki, sahibkar olmaq istəyən bir çox insan ilk növbədə belə düşünür:
“Buradan nə qədər tez qazanc əldə edə bilərəm?”
Bu sual çox yayılmış olsa da, sahibkarlığın fəlsəfəsi ilə ziddiyyət təşkil edir. Çünki sahibkarlıq tez qazanmaq sənəti deyil, dəyər yaratmaqla qazanc əldə etmə sənətidir.
Əgər bir işdə yalnız “tez pul” varsa – orada ya davamlılıq yoxdur, ya da etibar. Sahibkar olmaq ani fürsətlərə tullanmaq yox, sistemli şəkildə bir dəyər inşa etmək deməkdir. Bu isə zaman, səbr və davamlı fədakarlıq tələb edir.
Ən böyük səhvlərdən biri odur ki, insanlar 3 aylıq nəticəyə görə 3 illik potensialı itirirlər. Onlar ani qazancı, uzunmüddətli etibardan üstün tuturlar. Amma sahibkarlıq zamanla sübut edir ki, müştəri ilk dəfə alırsa, maraqlıdır; təkrar alırsa – sən etibar qazanırsan.
Və etibarla gələn qazanc – reklamsız, səs-küysüz və dayanıqlı olur.
Bu, gözləyənin qazancı, tələsməyənin bəhrəsidir.
Sahibkarlıq yolları səbirli insanlar üçün təmizlənir. Sən hər gün bir az inkişaf edirsənsə, özünü, məhsulunu, xidmətini, münasibətini təkmilləşdirirsənsə – bir gün bazar özü səni tanıyır. Çünki real dəyər heç vaxt gizli qalmır.
Bir çoxları qısa yol axtarır. Amma qısa yol həm də sürətli düşüşün yoludur. Uğur üçün həqiqi yol isə təkamül yoludur. Dəyərlə gələn qazanc gec gələr – amma getməz. Təəssüf ki, sürətli qazancların çoxu – gözlənilməz itkilərlə bitər.
Uğurlu sahibkarlar ilk gündən milyonlar qazanmadılar. Onlar ilk gündən dəyər verməyi seçdilər.
Pul isə bu dəyərin yan məhsulu oldu.
Əgər bu gün 1 müştəriyə hörmət göstərdin, 1 problemi səmimi şəkildə həll etdin, 1 addımı dürüst atdın – sən artıq gələcəyin sahibkarısan. Bunu 3 ayda görə bilməzsən, amma 3 ildə bu səni bazarın liderinə çevirə bilər.
Çünki sahibkarlıq – fürsət ovçusu olmaq deyil, dəyər bağbanı olmaqdır. Sən toxum əkirsən. Torpaq quraq da ola bilər, günəş də gec çıxa bilər. Amma səbr varsa, meyvə gecikməz.





































